Keçid linkləri

2024, 07 Noyabr, Cümə axşamı, Bakı vaxtı 21:41

Azərbaycanda boşanma sayına dair gerçək rəqəmlər


Boşanma
Boşanma

1940-cı ildən bəri ölkədə hər min nəfərə ən çox boşanmaya məhz 1990-cı ildə rast gəlinib

Azərbaycanda son illərdə tez-tez səslənən fikirlərdən biri ölkədə boşanma sayının önəmli dərəcədə artmasıdır. Mediada və ictimai müzakirələrdə tez-tez boşanmalarla bağlı ciddi problemə diqqət çəkilir. Bəs rəsmi rəqəmlər bu fikri təsdiqləyir?

Cədvəl. İllər üzrə Azərbaycanda nikah və boşanma sayı

İllər

Nikah sayı

Boşanma sayı

Əhalinin hər min nəfərinə

nikah sayı

boşanma sayı

1985

70 min 104

7 min 879

10.5

1.2

1990

73 min 119

14 min 040

10.4

2.0

1995

43 min 130

5 min 669

5.7

0.7

2000

39 min 611

5 min 478

5.0

0.7

2005

71 min 643

8 min 895

8.5

1.1

2010

79 min 172

9 min 061

8.9

1.0

2015

68 min 773

12 min 764

7.2

1.3

2016

66 min 771

13 min 114

6.9

1.4

2017

62 min 923

14 min 514

6.5

1.5

2018

62 min 484

14 min 857

6.4

1.5

2019

63 min 869

17 min 148

6.4

1.7

2020

35 min 348

14 min 628

3.5

1.5

Cədvəldən göründüyü kimi, 1985-ci illə müqayisədə son illər boşanmalar say olaraq təxminən iki dəfəyə yaxın artıb. Amma nəzərə almaq lazımdır ki, axı həmin müddət ərzində ölkə əhalisinin də sayı çoxalıb. Əgər 1985-ci ildə ölkədə 6.6 milyon vətəndaş vardısa, hazırda bu rəqəm 10 milyon nəfəri ötüb. Hətta 2010-cu ilədək Azərbaycanda boşanma sayı 10 mindən az olub. Bu baxımdan, ölkədəki boşanma saylarına əhalinin hər min nəfərinə düşən boşanma sayı kimi baxınca daha aydın mənzərə yaranır. Məsələn, 1985-ci ildə əhalinin hər min nəfərinə düşən boşanma sayı 1.2 idisə, son illər bu göstərici ortalama 1.5-dir. Başqa sözlə, əhalinin hər min nəfərinə düşən boşanma sayındakı artım təxminən 25 faiz civarındadır.

Boşanma qaydaları dəyişdi. 300 nəfər yeni işdə
Gözlə

No media source currently available

0:00 0:04:22 0:00

Nikahlar 2015-ci ildən bəri azalır

Burada diqqətçəkən bir amil də nikaha girənlərin sayındakı azalmadır. Özəlliklə 2014-cü ildən sonrakı dövrdə nikah sayında ciddi azalma gözə çarpır. Əgər 2010-2014-cü illərdə ölkədə ortalama 84 minə yaxın nikah qeydə alınırdısa, 2015-2019-cu illərdə bu rəqəm 65 minə enərək 30 faiz azalıb. Maraqlıdır ki, 2015-ci ildə Azərbaycanda ardıcıl iki devalvasiya baş verdiyindən həmin ildən etibarən ölkə əhalisinin gəlirlərində azalmalar gözə çarpıb. Ötən il ölkədə qeydə alınan nikah sayı 35 minə ensə də, pandemiya ilində Azərbaycanda toylara qadağanı unutmaq olmaz. Bu amil nikah sayının iki dəfəyə yaxın azalmasının əsas səbəbidir. 2019-cu ildə Azərbaycanda rəsmi nikaha daxil olan kişilərin orta yaşı 28-ə, qadınların orta yaşı isə 24-ə bərabər olub. Bu, 10 il öncəylə müqayisədə hər iki cins üzrə 1 il artım deməkdir.

2019-cu ildə Azərbaycanda nikaha girən kişilərin 21 faizi 18-24 yaş aralığında, 64 faizi 25-34 yaş arasında və 15 faizə yaxını 34 yaşdan yuxarı olub. Nikaha girən qadınların isə ən çox hissəsi 18-24 yaş arasındadır. Evlənən qadınların 63 faizi bu yaş qrupundandır. Nikaha girən qadınların 28 faizi 25-34, cəmi 9 faizi isə 34 yaşından yuxarı olub.

Azərbaycan ailələrini dağıdan əsas səbəblər - işsizlik və sosial media
Gözlə

No media source currently available

0:00 0:03:28 0:00

Ən çox boşanma beş ilədək olan nikahlarda qeydə alınır

Nikahın sürəklilik müddətinə görə boşanmalara baxdıqda aydın olur ki, ən çox boşanma beş ilədək olan nikahlarda qeydə alınıb. Ötən il qeydə alınan toplamda 14 min 628 boşanmadan 4 min 634-ü, yəni 32 faizə yaxını beş ilədək sürən nikahların payına düşüb. Boşanmaların təxminən 30 faizi 5-9 il arası davam edən nikahlarda qeydə alınıb. 10-19 il sürən nikahlarda 4 min boşanma olub. Bu, bütün boşanmaların 27 faizi deməkdir. Daha 1 min 653 nikah, yəni bütün qeydə alınan boşanmaların 11 faizi 20 ildən çox sürən nikahların payına düşüb.

Ölkədə boşanmalarla bağlı diqqətçəkən daha bir məqam 1989-1992-ci illərlə bağlıdır. Ötən əsrin 80-ci illərində hər il ortalama 7-8 min boşanma qeydə alınırdısa, Sovet İttifaqının çöküş illərinə və müharibə dövrünə təsadüf edən 1989-1992-ci illərdə hər il ortalama 12 minə yaxın boşanma qeydə alınıb. 1993-cü ildən bəri bu rəqəm yenidən 5-6 minə enib. Bu baxımdan, rəsmi rəqəmlərə görə, 1940-cı ildən bəri ölkədə hər min nəfərə ən çox boşanmaya məhz 1990-cı ildə rast gəlinib.

XS
SM
MD
LG