Bugün, noyabrın 15-də Ağdam rayon sakininin minaya düşərək həlak olduğu açıqlanıb.
Bu barədə “Turan” Agentliyinə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, rayonun işğaldan azad edilən Tağıbəyli kəndində sakinlərindən 1980-ci il təvəllüdlü Zaur Ağayev minaya düşüb:
“Nəticədə o, hadisə yerində həlak olub. Faktla bağlı araşdırma aparılır.”
Ağdam Rayon Prokurorluğundan isə AZƏRTAC-a bildirildiyinə görə, araşdırmalarla Zaur Ağayevin kənd təsərrüfatı fəaliyyəti ilə məşğul olarkən həmin ərazidə minaya düşdüyü müəyyən edilib:
“Faktla bağlı Ağdam Rayon Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb Hazırda cinayət işi üzrə istintaq davam edir”.
Faciəli statistika
Azərbaycanın rəsmi qurumlarının açıqlamasına görə, ötən il üçtərəfli bəyanatın imzalanmasından bəri 30-a yaxın vətəndaş işğaldan azad edilən ərazilərdə minaya düşmə səbəbindən həlak olub, 100-dən çoxu yaralanıb.
Onlar Ermənistan tərəfini minalanmış ərazilərin xəritələrini Azərbaycana verməməkdə günahlandırırlar. Hərçənd, bir müddət əvvəl Azərbaycanda tutulan Ermənistan hərbçilərindən bir neçə qrupunun təhvil verilməsi əvəzi bəzi rayonlara aid mina xəritələrinin geri alındığı açıqlanmışdı.
Amma sonradan Azərbaycan prezidenti həmin xəritələrin reallığı böyük ölçüdə əks etdirməməsi ilə bağlı narazılığını ifadə etmişdi. Həmin narazılığa isə Ermənistanın rəsmi qurumlarından, hələlik, münasibət almaq mümkün olmayıb.
Xatırlatma
2020-ci ildə, İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə və ətraf 7 rayona (Ağdam rayon mərkəzi və bəzi kəndləri daxil.Bu rayonun bir sıra kəndləri isə işğal edilməyib) nəzarəti bərpa edib.
Həmin ilin 10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya arasında) əsasən, döyüşlər dayandırılıb, Laçın dəhlizində və qoşunların təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib. Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsinin tanınmayan qurumun və Rusiya sülhməramlılarının nəzarətində qaldığı bildirilir.
Qarabağ münaqişəsi müasir mərhələdə 1988-ci ildə başlayıb. Bu münaqişə bir müddət sonra Azərbaycan və Ermənistan arasında silahlı toqquşmalara səbəb olub.
1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.