Keçid linkləri

2024, 07 Noyabr, Cümə axşamı, Bakı vaxtı 23:31

Neftin gələnilki qiymətləri nə vəd edir?


Koronavirusun yeni mutasiya ehtimallarının olması hələ də neftə tələblə bağlı gələcək mənzərənin tam aydınlanmasına imkan vermir.
Koronavirusun yeni mutasiya ehtimallarının olması hələ də neftə tələblə bağlı gələcək mənzərənin tam aydınlanmasına imkan vermir.

Neft gəlirləri Azərbaycan iqtisadiyyatının ən önəmli qaynağıdır. Gələn ilin dövlət büdcəsinin gəlirləri 26 milyard 816 milyon manat səviyyəsində proqnozlaşdırılır. Həmin gəlirlərin 12 milyard 710 milyonluq bölümü, yəni 47.3 faizlik hissəsi birbaşa Neft Fondundan transferlər hesabına qarşılanacaq. Ölkənin ixrac gəlirlərinin də 90 faizə yaxınının neft-qaz sektorundan əldə edildiyi gözə alınsa, bu məhsulların ölkə iqtisadiyyatından ötrü nə qədər kritik önəm daşıdığı aydınlaşar. Bunlar öz yerində, amma bir sual da cavablanmalıdır: Gələn il neftin dünya bazarlarında qiymətləri ilə bağlı hansı gözləntilər var?

Hesablama Palatası nikbindir

Hesablama Palatasının 2022-ci il üçün dövlət büdcəsi layihəsinə rəyində bildirilir ki, bu ilin sonunda, eləcə də növbəti ildə neftə qlobal tələb əvvəlki illə müqayisədə artacaq. Həmin artımın koronavirus infeksiyasına qarşı peyvəndlənmə prosesi dinamikasına mütənasib olacağı da vurğulanır. Palatanın fikrincə, gələn il COVID-19 infeksiyasının cilovlanacağı ehtimalları neftə tələbi pandemiyadan öncəki həcmə də yüksəldə bilər.

Bu ilin ilk 9 ayı boyunca fiskal dəstək tədbirlərinin gerçəkləşdirilməsi, artan investisiyalar və digər stimullaşdırıcı addımlar toplam tələbi canlandırmaqla neftin qiymətini bahalandırmışdı. Həmin müddət ərzində ötən ilin ilk 9 ayı ilə müqayisədə "WTI" markalı neft üzrə 69.6 faiz, OPEC səbəti üzrə 64.5 faiz, "Brent" nefti üzrə isə 59.5 faiz bahalaşma qeydə alınıb. Bu ilin yanvar-sentyabr aylarında "WTI" markalı neft üzrə orta qiymət 64.8 ABŞ dolları, OPEC səbəti üzrə 66.6 ABŞ dolları, "Brent" markalı neft üzrə isə 67.8 ABŞ dolları olub. 2021-ci ilin yanvar-sentyabr ayları ərzində qeydə alınmış orta neft tələbi ötən ilin orta tələb göstəricisindən 4.7 milyon barel/gün yüksək olub. Artan tələblə yanaşı, digər amillər də neftin bahalaşmasına təsir göstərib. ABŞ-da neft ehtiyatlarının azalması, Meksika körfəzində gözəçarpan problemlər buna misal sayıla bilər. Axı təklifin azalması baxımından həmin amillər neft qiymətlərinin yüksəlişinə müsbət təsir edib. Ancaq onu da nəzərə almaq lazımdır ki, koronavirusun yeni mutasiya ehtimallarının olması hələ də neftə tələblə bağlı gələcək mənzərənin tam aydınlanmasına imkan vermir.

OPEC də neftə tələbin artacağını düşünür

Neft ixrac edən ölkələrin birliyi olan OPEC də gələn il neftə qlobal tələbin artacağını proqnozlaşdırır. OPEC-in açıqladığı bilgilərə görə, bu ilin sonunda toplam neft tələbinin 96.7 milyon barel/gün olacağı proqnozlaşdırılır. Pandemiyadan öncə - 2019-cu ildə bu göstərici 100.03 milyon barel/gün idi. Ötən il həmin göstərici azalaraq 91.7 milyon barel/günə enmişdi. Qurumun analitikləri gələn il bu göstəricinin 2019-cu ildən də yüksək olacağını – 100.83 milyon barel/günə çatacağını düşünürlər.

Neftin bir barelinin orta qiyməti ilə bağlı bir çox qurum da öz göstəricilərini açıqlayıb. Əksər proqnozların 60 dolları aşması diqqətçəkən əsas məqamlardan biridir.

Azərbaycanda büdcə gəlirləri hesablanarkən neftin bir barelinin orta qiyməti 50 dollar məbləğində hesablanıb. Neft resurslarına sahib Rusiya və Qazaxıstanda da neftin gələnilki qiymətlərinin 60-62 dollar civarında olacağı ehtimal edilir.

Cədvəl: 2022-ci ildə neftin qiymətinə dair proqnozlar

Təşkilat

Neftin proqnozlaşdırılan qiyməti

Goldman Sachs

90 dollar

Morgan Stanley

85 dollar

Barclays

77 dollar

ABŞ Enerji İnformasiya Administrasiyası

72 dollar

Avropa Mərkəzi Bankı

67.3 dollar

Beynəlxalq Valyuta Fondu

64.5 dollar

Fitch

55 dollar

Neftlə yanaşı, təbii qaz və kömür də bahalaşıb

Onu da qeyd etmək lazımdır ki, neftlə yanaşı, digər enerji xammalının, özəlliklə təbii qazın qiymətlərində bahalaşma baş verib. Bunun başlıca səbəbləri sırasında azalan ehtiyatlarla yanaşı, Rusiya ilə Norveçin təbii qaz təklifinə məhdudiyyət tətbiqi də təsirsiz ötüşməyib. Belə təsirlər nəticəsində Avropada təbii qaz rekord səviyyədə bahalaşıb. OPEC-i bilgilərinə görə, qazın qiyməti sentyabrda əvvəlki ayla müqayisədə Avropa üzrə 48.1 faiz, ABŞ üzrə isə 26.2 faiz daha baha olub.

Digər bir enerji xammalı olan kömürün də qiymətlərində bahalaşma qeydə alınıb. Asiyada, özəlliklə dünyanın ən böyük ikinci iqtisadiyyatı və kömürün əsas istifadəçisi Çində sənaye fəaliyyətinin yüksəlməsi bu resursa tələbi canlandırıb. Digər tərəfdən, kömürə təklifin azaldılması kömürün dünya bazarlarında əsas tədarükçülərindən sayılan Avstraliya, İndoneziya kimi ölkələrdə bu yanacağın aylıq 10 faizə yaxın bahalaşmasına gətirib çıxarıb. Bu, 2008-ci ildən sonra qeydə alınan ən yüksək bahalaşma tempidir.

XS
SM
MD
LG