Türkmənistan hakimiyyəti paytaxt Aşqabadda əhaliyə güzəştli qiymətlərlə satılan ərzaq payını azaldıb.
AzadlıqRadiosunun müxbirləri bildirirlər ki, bu, ərzaq təchizatında yaranmış fasilələr və bahalaşma ilə bağlıdır.
Xəbər verilir ki, yeni qaydalara görə paytaxtın Keşi rayonunda 10 gün üçün nəzərdə tutulan güzəştli ərzaq bundan sonra “evbaşı” veriləcək.
Bundan əvvəl bir evdə yaşayan ailələrin sayı nəzərə alınırdı.
Hər ailə əvəzinə hər ev
Türkmənistanda mövcud olan ənənəyə görə bir evdə bir neçə nəslin nümayəndələri – babalar və nənələr, övladlar və onların övladları birgə yaşamaqda davam edirlər.
Əgər əvvəllər belə evlərdə yaşayan hər ailəyə güzəştli ərzaq payı düşürdüsə, indi bu pay bütün evə və onun bütün sakinlərinə veriləcək.
Sakinlər şikayət edirlər ki, 10 gün üçün nəzərdə tutulan 1 litr günəbaxan və ya pambıq yağı, 1 kiloqram şəkər, iki toyuq ayağı, 15-dək yumurta böyük ailələrdə heç iki günə də yetmir.
Günəbaxan və ya pambıq yağı noyabrın 1-dən güzəştli ərzaq siyahısından çıxarılıb.
Ərzaq anbarında işləyənlər AzadlıqRadiosunun müxbirlərinə bildiriblər ki, təchizatda böyük fasilələr yaranıb.
Ucuz ərzağa güvənən hakimiyyət
Bu da xəbər verilir ki, Türkmənistanda ərzaq paylarının azaldılması, işsizliyin artdığı, ərzaq və dava-dərman qıtlığının yarandığı, pensiya və maaşların yubatmalarla verildiyi vaxta təsadüf edib.
Hökumətin tənqidçiləri bildirirlər ki, avtokrat Saparmurat Niyazovun ölümündən sonra hakimiyyətə gəlmiş prezident Qurbanqulı Berdımuxammedov fərqli düşüncəyə qarşı xüsusilə amansız davranır.
Berdımuxammedov da sələfi kimi öz hakimiyyətini kommunal xidmətlərin dotasiyalı qiymətlərlə göstərilməsi, ucuz ərzaq payları vasitəsilə qoruyub saxlayır.
Xəbər verilir ki, ölkədə güzəştli qiymətlərlə satılan ərzaqdan asılı olanların sayı xeyli çoxdur.
Ərzaq mallarının bazar qiymətləri isə son dərəcə yüksəkdir.
Ölkədə pandemiya tüğyan etsə də, Berdımuxammedov Türkmənistanda koronavirusun olmasını qətiyyətlə inkar edir.
İnsan haqları təşkilatı - Human Rights Watch bildirir ki, Berdımuxammedov, onun qohumları və yaxınları ölkə iqtisadiyyatının bütün sahələrinə nəzarət edirlər.