Gürcüstanda COVID-19-a vaksinasiyasının tərəfdarı olan tibb bacısı Megi Bakradze AstraZeneca vaksininə aşırı nadir reaksiyadan vəfat edib. AzadAvropa/AzadlıqRadiosu-nun hazırladığı məqalədə deyilir ki, ölkədə yoluxmalar kəskin artdığı bir vaxtda Bakradzenin ölümünün əks-sədası hələ də hiss olunur. Üstəlik, yeddi ay keçməsinə baxmayaraq, ailəsi onun ölümüylə bağlı suallara cavab gözləyir.
28 yaşlı Bakradze bu il martın 18-də vəfat edib. Ölümündən bir neçə saat öncə yerli mediaya müsahibəsində o, hamını peyvənd olunmağa çağırmışdı.
Peyvənddən 20 dəqiqə sonra...
AstraZeneca vurulandan 20 dəqiqə sonra Bakradzenin halı ciddi pisləşir. Bu, hər milyonda bir neçə adamda müşahidə olunan aşırı kəskin allergik reaksiya hesab edilir və adətən, asanlıqla müalicə olunur.
Ancaq durumun öhdəsindən gələ bilməyən yerli klinika onu Tbilisi Dövlət Tibb Universitetinin nəzdində yaxşı təchiz olunmuş Birinci Universitet Klinikasına göndərir. Axşam 7:45-də klinikaya çatdırılan Bakradze gecə yarısı artıq həyatda yox idi.
Əri Manuçar Kobaxidze həyat yoldaşını hələ Axaltsixedə pis vəziyyətdə görəndə qonşu otağın altını üstünə çevirib. Saxlanaraq yerli polis məntəqəsinə aparılıb. Buraxılınca Tbilisiyə gedib və arvadı ölməmiş oraya çatır.
Bakradze həyatı boyunca doğma kəndi, 300 nəfər sakini olan Kvemo Entelidə yaşayıb. Onların Saba və Salome adlı iki övladı var.
Qadın 2017-ci ildə klinikada təmizlikçi kimi işə başlayıb, sonradan təhsil alaraq tibb bacısı kimi çalışır. Onu mehriban, qonşulara həmişə kömək etməyə hazır biri kimi yada salırlar. Qonum-qonşuya iynə vurur, qan təzyiqlərini ölçürdü.
Məsuliyyət
Bakradzenin qaynanası Manana Kobaxidze hələ də birlikdə yaşadıqları evdə cütlüyün yataq otağına toxunmayıb. Otaq olduğu kimi qalıb, yeganə dəyişiklik Bakradzenin fotoları, dini ikonalar, qaynananın hər gün yandırdığı şamdır.
“Onun ölümünə görə məsuliyyəti götürən olmayacaq? O, vaksinə, iynəyə görə öldü. Kimsə fikir vermədi və buna görə də o öldü”, – Kobaxidze deyir.
Bakradzenin ölümü Gürcüstan Cinayət Məcəlləsinin 116-cı, səhlənkarlıq nəticəsində ölüm maddəsi üzrə araşdırılır. Onun anafilaktik şok keçirdiyi, vaksinə kəskin allergik reaksiya verdiyi mübahisə doğurmur. Amma qadının ölümünə nəyin səbəb olduğu aydın deyil. İstintaq Bakradzenin düzgün müalicə alıb-almadığını, tibbi heyətin ona qulluq zamanı nöqsana yol verib-vermədiyini araşdırır.
Anafilaktik şok koronavirus peyvəndlərində müşahidə olunan həddən artıq nadir hadisədir. ABŞ-ın Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzlərinin (CDC) hesablamasına görə, Birləşmiş Ştatlarda hər milyon nəfər üzrə 2-5 nəfərdə belə hal baş verir. Martda Avstraliyada aparılan müstəqil tədqiqata görə, AstraZeneca vaksini digər vaksinlərdən daha çox anafilaktik şoka səbəb olmur.
İstintaq dayanıb
Hökumətin Bakradzenin ölümü üzrə rəsmi təhqiqatı altı aydır dayanıb. Ailəsi deyir, səbəb mütəxəssis allerqoloq-immunoloqun tapılmamasıdır. Bu mütəxəssisi Səhiyyə Nazirliyi seçməlidir, amma fərd istintaqlar əməkdaşlıqdan imtina edə bilər. Ekspert tapılanadək istintaq təxirə salınıb.
Bakradze ailəsinin vəkili Vaxo Baramişvili deyir ki, iki mütəxəssis istintaqla əməkdaşlıqdan imtina edib:
“Burda etik məsələ var: ekspertlər məsuliyyətlərini dərk etməlidirlər, onlar isə onu gözardı edirlər. Onlara buna görə əlavə ödəniş verilmir və ona görə də iştiraka motivasiyaları yoxdur”.
Bakradzenin əri Manuçar isə dəfələrlə deyib ki, ekspertin pulunu özü verə bilər. Amma qanun buna icazə vermir.
Şahid ifadələrində ziddiyyətlər
Bu arada şahid ifadələrindən daha çox detal üzə çıxır.
Belə ki, Bakradzeyə reanimasiya şöbəsinə aparılmazdan öncə hansı dərmanların verilməsilə bağlı ziddiyyət var. Həkim assistenti ona deksametazon və difenhidramin, İmedi klinikasının baş həkimi isə adrenalin vurulduğunu deyir.
Baş Prokurorluq iki həkim və bir tibb bacısının yalan ifadə verməkdə ittiham olunduğunu bəyan edib.
Bundan başqa, xəstəni Tbilisiyə aparan ambulansın içindən videogörüntü yoxdur. Onun silindiyi iddia olunur.
Bakradzenin əri onun ölümündən bir neçə gün sonra sərxoş vəziyyətdə klinikaya gedərək mühafizəçiləri bıçaqla hədələyib. Ona ittiham irəli sürülüb və bir il həbsə məhkum edilə bilər.
Vaksin tərəddüdü
Kvemo Enteli kəndinin yerləşdiyi Samtsxe Cavaxetiya vaksinasiya səviyyəsinin ən aşağı olduğu regionlardandır. 151 mindən çox əhalisi olan regionda cəmi 17 min 706 nəfər peyvənd vurdurub. Ölkə üzrə vaksinasiya isə 30 faizə yaxındır.
Bir neçə araşdırma məhz Bakradzenin ölümündən sonra vaksinasiya ilə bağlı tərəddüdün artdığını üzə çıxarıb.
Elə Bakradzenin rəfiqəsi, əri də vaksin vurdurmaq istəmədiyini deyir. “Bu baş verməsəydi, peyvənd vurduracaqdım”, – Kobaxidze deyir.