Keçid linkləri

2024, 08 Noyabr, Cümə, Bakı vaxtı 08:02

Paşinyanın dedikləri müxalifəti Qarabağdan niyə nigaran qoyub?


Ermənistan Milli Məclisi
Ermənistan Milli Məclisi

Müxalifət deputatları bildiriblər ki, baş nazirin iki saat davam edən mətbuat konfransında səsləndirdiyi fikirlər Ermənistanın mövqeyini daha da zəiflədib

AzadlıqRadiosunun Erməni xidməti – Azatutyun yazır ki, Ermənistan müxalifəti baş nazir Nikol Paşinyanın noyabrın 23-də keçirdiyi onlayn canlı mətbuat konfransında dediklərini kəskin tənqid edib.

Ermənistanın keçmiş prezidenti Serj Sarkisyana bağlı “Şərəfim var” müxalifət fraksiyasının deputatı Ayk Mamicanyan deyib ki, Paşinyan onun bəyanatlarını təkcə daxili auditoriyanın eşitmədiyini unudur.

Deputat bildirib ki, baş nazirin iki saat davam edən mətbuat konfransında səsləndirdiyi fikirlər Ermənistanın mövqeyini daha da zəiflədib:

“Sualların əvvəlcədən göndərildiyi nəzərə alınarsa, onun suallarla tanış olmaq üçün vaxtı olub. Suallar qruplaşdırılmışdı. O sadəcə olaraq tənbəl şagird kimi ev tapşırığını yerinə yetirməyib”.

Azatutyun yazır ki, Paşinyanın mətbuat konfransından əvvəl parlament müzakirələrinin mövzusu onun Soçi və Brüsseldə Azərbaycan prezidenti İlham Əliyevlə qarşıdan gələn görüşləri, bu görüşlərin mümkün nəticələri və görüşlər zamanı imzalana biləcək sənədlər barədə idi.

Baş nazir Nikol Paşinyan bildirib ki, bu iki görüşün iki fərqli gündəliyi var. O deyib ki, Brüsseldə daha çox, əsirlərin qaytarılması kimi humanitar məsələlər müzakirə olunacaq.

Onun sözlərinə görə, Soçidə keçiriləcək görüş isə mahiyyət etibarilə Ermənistan tərəfi üçün ağrılı məsələ olduğuna görə noyabrın 9-da təxirə salınmış görüşdür.

Müxalifət ratifikasiyadan danışır

Paşinyan bunu da bildirmişdi ki, sərhədin delimitasiya və demarkasiyasına dair son təkliflər dəyişməyib:

“Belə bir təsəvvür yaradılır ki, delimitasiya və demarkasiyanın nəticələrinə aid sənəd imzalanacaq. Amma bu, sadəcə olaraq mümkün deyil. Potensial olaraq imzalanacaq sənəd Ermənistan və Azərbaycanın delimitasiya və demarkasiya işlərinə başlayacaq komissiya yaratmaları barədə olacaq. Bu sənəddə yazılmayacaq ki, sərhəd burdan, ya da ordan keçir. Bu yekun formul həmin bu komissiyanın işi əsasında ortaya çıxacaq”.

Başqa bir keçmiş prezident – Robert Koçaryanın Hayastan müxalif blokundan deputat Artsvik Minasyan deyib ki, əvvəla, Paşinyanın dediklərinə inanmır, ikincisi də imzalanmalı hər hansı sənəd Milli Məclisə təqdim olunmalıdır:

“Mən inanmıram ki, bu sənəddə təhlükəli müddəalar olmayacvaq. Bununla belə, dünənki çıxışında o qədər təhlükəli fikirlər səsləndirib ki...bu fikirlər bəyanat və ya sənəddə də yer ala bilər. İkincisi də, onun beynəlxalq münasibətlər çərçivəsində imzalamalı olduğu sənəd Milli Məclisdə ratifikasiyadan keçməlidir”.

Nikol Paşinyan Qarabağla sərhəd məsələlərini bir-birindən ayrımağa çalışır
Gözlə

No media source currently available

0:00 0:03:52 0:00

“Bu, Azərbaycanın ərazi bütövlüyünü tanımaqmı deməkdir?”

Müxalifət deputat Ayk Mamicanyan xatırladıb ki, Paşinyanın mətbuat konfransında səsləndirdiyi başqa fikirlərdə zor tətbiq edilməsi, Azərbaycanın şantajdan istifadə etməsi və Ermənistanı cəngəlliyə çevirmək istəməsi kimi təhlükələrdən söz açılır. Millət vəkili sual edib ki, baş nazir delimitasiya və demarkasiya prosesinə hədə altında niyə gedir?

Mamicanyan sual edib ki, delimitasiya və demarkasiyanın başlanması Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanıması deməkdirmi?

Azatutyuun yazır ki, Paşinyan mətbuat konfransında bu qəbildən olan suallara cavab verərkən 1991-ci ildə MDB yaradılarkən Azərbaycan və Ermənistanın bir-birinin ərazi bütövlüyünü tanıdıqlarını demişdi:

“O vaxt da Artsax (Qarabağ-red) problemi var idi, elə deyil? Ermənistan ərazi bütövlüyünü tanımışdı. Məgər Artsax məsələsi ərazi məsələsidir? Bizim anlayışımızda Artsax (Qarabağ-red) ərazi məsələsi deyil. Artsax (Qarabağ-red) məsələsi hüquq məsələsidir”.

“Bəs qarabağlıar öz müqəddəratlarını harda müəyyən edəcəklər?”

Artsvik Minasyan deyib ki, Paşinyanın bu bəyanatları da ciddi narahatlıq yaradır:

“Bəs artsaxlılar (qarabağlılar-red) hansı ərazidə öz müqəddəratlarını müəyyən edəcəklər? Artsax (Qarabağ-red) Respublikasının Azərbaycanın ərazi bütövlüyünə heç bir dəxli yoxdur. Amma o (Paşinyan-red) dünən azərbaycanlıların, türklərin və sairin dediklərini deyirdi. Əgər diqqətli olsaydınız bilərdiniz ki, o ərazi məsələsinə başqa müstəvidə baxır. Yəni biz Artsaxın (Qarabağ-red) hansısa konkret ərazidə öz müqəddərratını təyin etməsi və xalqın bu ərazidə təhlükəsizliyinin təminatı məsələsini qaldırmamalıyıq və yalnız xalqın bu ərazidə yaşamaq hüququ olması məsələsini qaldıra bilərik. Bu o deməkdir ki, o, Artsax (Qarabağ-red) problemini Azərbaycanın tərkibində, həm də Artsax (Qarabağ-red) ermənilərinin fiziki varlığına daimi təhlükə şəraitində görür. Başqa sözlərlə onun səsləndirdiyi formul ermənilərin Artsaxdan (Qarabağ-red) qovulması formuludur”.

Azatutyun yazır ki, baş nazirin iki saat davam edən mətbuat konfransında müxalifətçilərə ən ağır gələn bir məqam olub.

Paşinyan baş nazir vəzifəsində ən böyük sarsıntını 2019-cu ildə, Noraqavit gömrüyündə, Ermənistanın bayrağını döşəmənin üstündə görərkən keçirdiyini deyib.

Müxalifətçilərin firkincə, burdan belə çıxır ki, Paşinyanı 44 günlük müharibənin minlərlə qurbanı, Qarabağın böyük bir hissəsinin itirilməsi sarsıtmayıb.

Xatırlatma

2020-ci ildə İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.

Həmin ilin 10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya arasında) əsasən, döyüşlər dayandırılıb, Laçın dəhlizində və qoşunların təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsinin tanınmayan qurumun və Rusiya sülhməramlılarının nəzarətində qaldığı bildirilir.

Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. Daha sonra Ermənistan və Azərbaycan arasında silahlı toqquşmalar başlayıb.

1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

XS
SM
MD
LG