Noyabrda Türkiyədə əcnəbilərə ev satışı 48.4% artıb. Lirənin ucuzlaşması evlərin qiymətini əlində möhkəm valyuta olanlar üçün xeyli ucuzlaşdırıb.
Ümumilikdə noyabrda əmlak bazarında canlanma qeydə alınıb, ümumi satış bir il öncəylə müqayisədə 59% artıb, 179 minə yaxın ev satılıb. Rəqəmləri Türkiyə Statistika İnstitutu açıqlayıb.
Əcnəbilərə isə 7 min 363 əmlak satılıb ki, bu da müvafiq data yığılan 2013-cü ildən ən yüksək aylıq göstəricidir. Əcnəbi alıcılar içində birinci yeri iranlılar tutur. Sonra iraqlılar və rusiyalılar gəlir.
Əcnəbilərə əmlak satışı artıb
Dekabrın 13-də lirə dollara qarşı rekord həddə ucuzlaşıb, bir dollar 14.99 lirə olub. Hazırda bir dollar 14.2 lirədir və bu, sentyabrın əvvəlindən 40% zəifləmə deməkdir.
İlin ilk 11 ay ərzində əcnəbilərə əmlak satışı 39.4% artıb. Ümumi ev satışı isə 9.2 faiz azalıb.
Əcnəbilər ən çox İstanbulda ev alırlar, əcnəbilərə 3 minə yaxın ev məhz bu şəhərdə satılıb. Sonrakı yerləri Antalya kurort şəhəri və paytaxt Ankara tutur.
Noyabrda ipoteka satışı 61% artıb, 39 mindən çox əmlak ipotekaya verilib.
Ötən il satış pandemiya dövründə dövlət banklarının ucuz kreditləri hesabına yüksəlib. Daşınmaz əmlak developerləri alıcılar üçün kampaniyalar keçirib.