Keçid linkləri

2024, 07 Noyabr, Cümə axşamı, Bakı vaxtı 21:40

'Az sayda ölkə Rusiya ordusunun hücumunu dayandıra bilər'


Kiyev yaxınlığında hərbi təlim
Kiyev yaxınlığında hərbi təlim

"Ukraynalılar da xeyli şey öyrəniblər, amma üstünlük Rusiyadadır. Daha ağır itkilərin baş verəcəyi, amma nəticənin dəyişməyəcəyi ssenaridən danışırıq"

Rusiya 130 minlik heyət, əsasən 20-ci və 8-ci Ümumqoşun Qüvvələri ilə Ukraynaya hərbi təcavüzə başlayır. Məqsəd “Ukraynanın hissələrini Rusiya dövlətinə birləşdirməkdir”. AzadAvropa/AzadlıqRadiosu-nun müxbiri Mayk Ekel bu ssenarinin 18 ay öncə ABŞ-da yerləşən “Rand Corporation” təhlil mərkəzinin hazırladığı hərbi oyunun bir hissəsi olduğunu yazır.

Qurum Ukraynanın şərqində Rusiyanın hərbi qabiliyyətini təhlil edirdi. Rusiyanın bir neçə həftəyə sərhədə 175 min əsgər yığa biləcəyi bildirilirdi. Görəsən, Ukrayna belə bir hücum qarşısında nə qədər duruş gətirə bilər?

“Putinin hansı seçimi edəcəyindən asılı olmayaraq, Rusiya qarşısında qətiyyətli, möhkəm və dözümlü ordu görəcək”, – Ukrayna ordusunda müşavir kimi çalışmış, Britaniya ordusunun istefada olan artilleriya zabiti Qlen Qrant deyib.

2014 və indi

“Səkkiz ildir bu təhdid davam edir. 2014-cü ildən bunu istisna etmirik. Bu müharibədir, Rusiyadır. Rusiya istənilən anda istənilən vəziyyətdən istifadə edə bilər”, – ölkənin şərqində separatçılarla mübarizə aparan Birgə Əməliyyat Qüvvələrinin komandiri Oleksandr Pavlyuk radionun Ukrayna xidmətinin Donbas.Realities bölümünə deyib.

Rusiya 2014-cü ildə Krım yarımadasını tutaraq ölkənin şərqindəki separatçıları dəstəkləməyə başlayıb. Bundan öncə Kiyevdə aylarla çəkən küçə etirazları moskvapərəst prezident Viktor Yanukoviçin Rusiyaya qaçmasıyla sonuclanıb.

Həmin il Kiyev “Antiterror Əməliyyatı” çərçivəsində ilk vaxtlar separatçıları məğlub eləyə bildi. Ancaq yayın sonuna Rusiya Donbasa fərqləndirici nişanı olmayan hərbi kəşfiyyat, hətta nizami ordu yeritməklə Ukrayna qüvvələrini bir neçə dəfə geri oturtdu.

İllərlə davam edən maliyyə çatışmazlığı və korrupsiya Ukrayna ordusunu zəif duruma salmışdı. Yeni avadanlıq bəxşiş üçün satılırdı, zabitlər cüzi maaşlarını kənar biznes sövdələşmələri ilə ört-basdır edirdilər, zirehli maşınların, vertolyotların yanacağı, ehtiyat hissələri yoxa çıxırdı. Ukraynalı uşaqlar əsgərlərə yardım üçün şirniyyat satırdılar.

O vaxtdan Ukrayna ordusu xeyli təkmilləşsə də ekspertlər islahatların nə dərəcədə dəyin və geniş olması haqda fərqli fikirlər yürüdürlər.

ABŞ-ın yardımı

Son yeddi ildə Birləşmiş Ştatlar Ukraynanı öldürücü və qeyri- öldürücü silahlarla təchiz edib. 2.5 milyard dolları aşan bu yardıma artilleriya əleyhinə radarlar, dronlar, gecə eynəkləri, silahlı patrul qayıqları daxildir. Ukraynaya qabaqcıl Javenil antitank raketləri də verilib. Bu raketlər Rusiya tanklarına qarşı döyüşlərdə Ukrayna əsgərlərinə kiçik üstünlük verə bilər.

Noyabrda ABŞ Ukraynaya 30-dan çox Javeil buraxıcısı daxil 88 ton sursat, 180 raket göndərib.

Konqresin bu həftə qəbul elədiyi müdafiə büdcəsində Ukrayna üçün 300 milyon dollar ayrılması nəzərdə tutulub.

Birləşmiş Ştatlar NATO ilə birlikdə Ukrayna qüvvələrinə təlim keçib. Hazırda Florida Milli Qvardiyasından 150 hərbçi bu ölkədədir.

“Məncə, problem orduda deyil, siyasidir. Prezidentin, silahlı qüvvələrin ali baş komandanının və onun administrasiyasının ordu və əhali qədər hazırlıqlı və möhkəm olmasına ölkədə inam azdır. Çox şey Putinin hansı növ hücuma əl atacağından asılıdır. Ölkə siyasi təslim istəmir”, – Qrant radioya email vasitəsilə bildirib.

Əsgər sayı və texnikası

Hazırda Ukrayna ordusunda 145-150 min hərbçinin olduğu bildirilir. Şərqi Donetsk və Luqansk regionları boyunca “nəzarət xətti”ndə əməliyyatlar aparan Birgə Qüvvələr Əməliyyatının 30 min-35 min əsgərdən ibarət olduğu düşünülür.

Ordunun silahları və avadanlığı əsasən köhnədir. Hava qüvvələri sovet vertolyotlarından ibarətdir.

“Rusiyalılar çox şey öyrəniblər. Onlar Suriyadakı əməliyyatlardan çox şey öyrəniblər, orduda islahatı davam etdiriblər. Ukraynalılar da xeyli şey öyrəniblər, amma üstünlük Rusiyadadır. Daha ağır itkilərin baş verəcəyi, amma nəticənin dəyişməyəcəyi ssenaridən danışırıq”, – ABŞ ordusunun keçmiş zabiti, Ağ evin Milli Təhlükəsizlik Şurasında Avropa və Rusiya Məsələləri üzrə direktor işləmiş Aleksandr Vindman deyir.

Ukraynanın Türkiyədən Bayraktar TB2 dronları alması Rusiya qüvvələrinin diqqətini çəkib. Bu dronlar ötən il 2-ci Qarabağ müharibəsində həlledici rol oynamışdı.

Ancaq bu dronların da vəziyyəti çox dəyişməyəcəyi ehtimal edilir. Kiyev indiyədək 12 dron alıb, onlarla dronun sifariş verildiyi bildirilir.

Güclü və zəif tərəflər

“Nə qədər duruş gətirmək deyəndə, baxır nəyi nəzərdə tutursuz”, – bunu isə Norveçin Müdafiə Araşdırmaları İsteblişmentinin aparıcı tədqiqatçısı Tor Bukvol deyib.

“Hücumu dəf etməyi nəzərdə tutursuzsa, bunu çox az bacararlar, ya da heç bacarmazlar. Mütəşəkkil qüvvə kimi döyüşü davam etdirməyi deyirsinizsə, bu, bir neçə gün, yaxud həftə çəkə bilər”, – o, sözlərinə əlavə edib.

Bukvolun fikrincə, Ukrayna qüvvələrinin güclü tərəfi döyüş təcrübəsi, əhval-ruhiyyəsi və silahların müəyyən qədər modernləşdirilməsidir. Zəif tərəfləri isə təşkilatlanma, əsas heyətin çatışmazlığı, havadan müdafiə, elektron cihazlar və qırıcı təyyarələr kimi müəyyən silah növlərində ciddi zəiflikdir.

Açıq mənbələr, peyk təsvirləri Rusiyanın sərhədə əmr verilərsə hərtərəfli hücuma imkan verəcək avadanlıq və silah cəmlədiyini göstərir. Təsdiqlənməmiş məlumatlar hətta Buk M-1 havadan müdafiə sistemlərinin də göründüyünü iddia edir.

Bəzi mənbələr Rusiyanın qarşısına məqsəd qoyacağı halda bir neçə saata paytaxt Kiyevə tuta biləcəyini ehtimal edir.

Uzun, qanlı münaqişə, yoxsa...

Polşalı təhlilçi Konrad Muzika da Ukraynanın belə bir tammiqyaslı hücumu önləyəcək hərbi qabiliyyəti olmadığını düşünür.

“Dünyada çox az ölkə Rusiya ordusunun hücumunu dayandıra bilər. İşğal halında Ukrayna rezervistləri səfərbər etməli olacaq ki, Rusiya onu asanlıqla ələ keçirməsin. Bu isə uzun və qanlı münaqişə deməkdir”, – təhlilçi vurğulayıb.

Digər ehtimallar isə Rusiyanın tammiqyaslı işğala deyil, müəyyən uğurlara gedəcəyi ilə bağlıdır. Məsələn, Krımın su problemini həll etmək bir ehtimaldır. Rusiya yarımadanı özünə birləşdirən 3.7 milyard dollarlıq körpü tiksə də, su təchizatı əsas problem olaraq qalır.

Nisbətən az Rusiya əsgəri Ukraynanın Azov dənizi boyunca ərazisini tutaraq Krıma quru körpü yarada, suyun yarımadaya vurulmasına yol aça bilər. Mariupol liman şəhəri də həmin ərazidə yerləşir.

Daha məhdud hücumla Kiyevi Donbasla bağlı 2015-ci il sülh planının icrasına da vadar etmək olar.

XS
SM
MD
LG