Keçid linkləri

2024, 07 Noyabr, Cümə axşamı, Bakı vaxtı 20:06

Rusiya televiziyaları əhalini səfərbər edə bilirmi


Olqa Skabeyeva
Olqa Skabeyeva

“Putin Ukraynanı işğal etsə belə, ölkədə buna ictimai dəstək böyük olmayacaq, getdikcə dəstək daha da zəifləyəcək”

Rusiya dövlət televiziyasının müharibə təbliğatı Moskvanın Ukraynaya hücuma hazırlaşması sarıdan qorxunu artırıb. Təhlilçilər və aparıcılar əsasən rəsmilərin səsləndirdiyi təhdidləri dilə gətirsələr də, təhlilçilər rusiyalıların çoxunun münaqişə istəmədiyini düşünürlər. Onların fikrincə, hətta Rusiya Ukraynanı işğal etməsə belə, dövlət televiziyasındakı təhdidlər, eləcə də Prezident Vladimir Putinin NATO-yla bağlı sərt çıxışlarının mədhi ölkə liderinin reytinqinin yüksəlməsinə xidmət edəcək. Bu haqda AzadAvropa/AzadlıqRadiosu yazır.

Kreml xəbərdarlıq edir ki, Qərb onun tələblərinə razı olmasa, Ukrayna ilə bağlı “hərbi reaksiya” göstəriləcək. Bu fonda televiziyaların təbliğatı da pik həddə çatıb. Bu günlərdə aparıcı Olqa Skabeyeva “60 dəqiqə” adlı tok-şounu adəti üzrə, Ukrayna hökumətini və onun Qərbdəki havadarlarını sərt tənqid etməklə başlayıb.

Putinin hədəsi

Moskva ABŞ-dan və digər Qərb ölkələrindən tələb edir ki, Şərqi Avropada, Qafqaz və Orta Asiyada hərbi fəaliyyətdən əl çəkəcəyinə, keçmiş sovet ərazisində hər hansı yeni baza qurmayacağına vəd versin.

Yanvarda ikitərəfli danışıqlar gözlənir. Bu ərəfədə ABŞ rəsmiləri bəzi təkliflərin qəbuledilməz olduğunu, Rusiyanın da bunu bildiyini açıqlayıb. Rusiyada və Qərbdə bəzi təhlilçilərin gümanına görə, Moskva bu təklifləri bəhanə kimi ortaya atıb ki, sonradan Vaşinqtonu və NATO-nu qeyri-konstruktiv olmaqda ittiham etsin, Ukraynaya hücum edərsə, onları günahlandırsın.

Prezident Vladimir Putin dekabrın 21-də hərbi liderlərlə görüşündə Qərb güzəştə getməzsə, Moskvanın gücə ələ atacağı ilə hədələyib.

“Geri çəkilməyə yerimiz yoxdur. Onlar gerçəkdənmi elə düşünürlər ki, bizi təhdid etdikləri halda biz boşuna oturacağıq?” – o deyib.

Kiselyov və Skabeyeva

“Səmimi olaq. Dönüş nöqtəsinə çatmışıq”, – Kremlin əsas təbliğatçılarından sayılan aparıcı Dmitri Kiselyov “Vesti Nedeli” adlı populyar bazar günü şousunda deyib.

Bu arada Rusiya Kiyevi və NATO-nu onu hərbi hücumla hədələməkdə ittiham edir, onlar isə iddiaları əsassız sayır.

“Başımıza silah dirəsəniz, biz də sizə qarşı eyni addım atacağıq. Bunu etməyə qabiliyyətimiz var”, – Kiselyov həmin iddialara eyhamla deyib.

Bu ayın əvvəlində Putin Ukraynadakı silahlı münaqişəni “genosid” adlandıranda Kiyevdəki ABŞ səfirliyi Twitter-də yazdı ki, “genosidlə bağlı saxta ittihamlar təhlükəli və məsuliyyətsizdir”.

“60 dəqiqə” proqramı isə Putinin iddiasına qüvvət verərək davam etdirərək “genosidi Mərkəzi Kəşfiyyat İdarəsi əməliyyatçılarının həyata keçirdiyini” vurğulayıb. “Onlar əvvəlcə SSRİ-ni dağıtdılar, daha sonra Prezident Boris Yeltsinin hakimiyyəti dövründə qanunsuz özəlləşdirmə apardılar və Rusiyanı dağıtmağa çalışdılar”, – Skabeyeva dekabrın 13-də deyib.

Bir dəfə yüksələn reytinq

Rusiya 2014-cü ildə Ukraynanın Krım vilayətini tutandan, Donbasda separatçıları dəstəkləməyə başlayandan sonra Putinin reytinqi yüksəlmişdi. Ancaq indi rusiyalılar iqtisadi durumdan o dərəcədə narazıdırlar ki, xaricdə hər hansı hərbi avantüraya dəstək böyük olmaya bilər.

“Kremlin TV və onlayn propaqanda maşınları, nəhəngliyinə baxmayaraq, adamların onlara daha çox aidiyyatı olan şeylər haqda düşünməsini dəyişə bilməzlər”, – Rusiya üzrə ekspertlər Sem QrinQraem Robertson dekabrın 8-də “The Washington Post” qəzetində yazırdı.

“Putin Ukraynanı işğal etsə belə, ölkədə buna ictimai dəstək böyük olmayacaq, getdikcə dəstək daha da zəifləyəcək”, – məqalədə deyilirdi.

Cəmi 4 faiz Rusiyanı günahkar bilir

Amma ictimai rəyin qısa müddətdə Putin ritorikasını dəstəkləyə biləcəyi ehtimalı da var. “Levada” Mərkəzinin bu yaxınlarda keçirdiyi müstəqil sorğuya görə, rusiyalıların yarısı Ukrayna ilə bağlı gərginliyin artmasında ABŞ və NATO-nu günahlandırır. 16 faiz Ukraynanı, cəmi 4 faiz isə Rusiyanı günahkar kimi görür.

Karnegi Moskva Mərkəzində Rusiya daxili siyasət proqramının rəhbəri Andrey Kolesnikov düşünür ki, hökumətin nəzarətində olan telekanalların rusiyalıların müharibəyə dərin antipatiyasını dəyişdirə biləcəyini demək olmaz.

“Dövlət təbliğatı özünün səfərbərlik gücünü tükədib. O, səfərbərlik əvəzinə dünya müharibəsi ilə bağlı qorxu yaradıb”, – Kolesnikov ötən həftə “Moscow Times”da yazırdı.

XS
SM
MD
LG