Keçid linkləri

2024, 08 Noyabr, Cümə, Bakı vaxtı 01:36

Türkiyədə qadın qətlləri haqda film 'Oskar'a namizəddir


Ailə zorakılığı (Foto illüstrasiya)
Ailə zorakılığı (Foto illüstrasiya)

Türkiyədə qadın zorakılığına son qoymaq üçün çalışan fəalların səylərindən söz açan sənədli film Britaniyanın "Ən yaxşı tammetrajlı xarici film" nominasiyasında "Oskar" mükafatına rəsmi namizədi seçilib.

"Dying to Divorce" adlı filmin çəkilişləri beş il sürüb. Türkiyə və Britaniya kinematoqrafçılarının çəkdiyi film noyabrın sonlarında Britaniyada ekranlara çıxıb.

Film vəkil İpek Bozkurt və fəal Ayşen Ece Kavasın fəaliyyəti haqdadır. Onlar cinsi zorakılıqla üzləşən qadınlarla görüşərək, onlara və ailələrinə Türkiyə cinayət cəza sisteminin labirintindən keçərək ədalətə yetişməkdə kömək edirlər.

11 aya 285 qadın öldürülüb

Bozkurt və Kavas "Kadın cinayetlerini durduracağız" platformasının üzvləridir. Bu platforma Türkiyədə qadın zorakılıqlarını izləyir və zorakılıq qurbanlarına dəstək toplayır. Qurum, eyni zamanda, insanların məhkəmə iclaslarına gəlməsini və bu məhkəmə işləri ilə bağlı yürüşlərdə iştirakını təşkil edərək ictimai təzyiqi artırmağa çalışır.

"Al Jazeera" kanalı platformaya istinadən 2021-ci ilin ilk 11 ayı ərzində Türkiyədə kişilərin 285 qadını öldürdüyünü yazır. Ötən il 300-dən çox qadın qətlə yetirilmişdi.

Qadınlara qarşı zorakılıq Türkiyədə az qala hər gün xəbər başlıqlarını zəbt edir. Ancaq qadın hüquqları fəalları ölkənin qanun sisteminin günahkarları tutaraq cəzalandırmadığını deyirlər. Onlar bunu müstəqil həyatı seçən qadınları günahlandıran rəsmi ritorika ilə əlaqələndirirlər.

81 dəqiqəlik film siyasətlə zorakılıq arasında əlaqəni qabartmaqla yanaşı, məsələnin statistik olmayan, insani tərəflərinə, qadınların üzləşdiyi fiziki və emosional fəsadlara yaxından baxmağa çalışır.

Pantural niyə rahat şəkildə qadınlara qarşı zorakılığa çağıra bilir?
Gözlə

No media source currently available

0:00 0:04:20 0:00

TV aparıcısı, altı uşaq anası

Belə qadınlardan biri TV aparıcısı Kübra Ekendir. İlk övladını dünyaya gətirəndən iki gün sonra ərinin onu vəhşicəsinə başının arxasından vurmasından sonra beyninə qan sızıb. Mobilliyini və nitq qabiliyyətini geri qazanmaq üçün illərlə müalicə almalı olub.

Altı uşaq anası Arzu Boztaşsa zorladığı qonşu uşağını ikinci arvad kimi almaq istəyən ərindən boşanmaq qərarına gəlib. Ancaq bir gün əri ona uşaqları evdən uzağa göndərməyi tapşırıb. Özü isə evə odlu silahla gəlib, Boztaşı yerə uzanmağa məcbur edib və onun hər qoluna və hər ayağına yaxın məsafədən atəş açıb.

Film daha sonra Boztaş və ailəsini, o cümlədən onu 14 yaşında ərə verdiyinə peşman olan atasını göstərir. Boztaşın ailəsi onun keçmiş ərinin layiq olduğu cəzasını almasına çalışır.

'Dözməyib gecə iki uşaqla Bakıya qaçdım' - Zorakılıq qurbanı
Gözlə

No media source currently available

0:00 0:05:28 0:00

Ər peşman deyil

Daha sonra Boztaşın keçmiş əri həbsxanadan danışır və onu vurduğu üçün peşman olmadığını deyir, onu uşaqlarına yaxşı ana olmamaqda ittiham edir. "Prezidentimizin dediyi kimi, biz anaların ayaqlarının altını öpməliyik. Mən bu qədər uzağa getməzdim, ancaq o mənim qürur və şərəfimi təhqir edib", – deyə keçmiş ər Prezident Rəcəb Tayyib Ərdoğanın qadınlar və analıq haqda 2014-cü ildə etdiyi çıxışını yada salıb. Həmin çıxış da filmin əvvəlində göstərilir.

Ancaq, filmdə də deyildiyi kimi, Türkiyədə zorakılıq qurbanlarının çoxu analardır. Həkimlər Boztaşın qollarını qismən bərpa edə bilsələr də, ayaqlarını amputasiya etməli olublar. Filmin bir səhnəsində illərlə reabilitasiya keçdikdən sonra ona süni ayaq taxırlar və o öz yeni ayaqlarını övladlarına göstərir.

"Mən güzgüyə baxanda öz əvvəlki vaxtımı görürəm. Güclü, baxımlı, xarizmatik, möhkəm ana", – Boztaş deyir. Uşaqları onun ətrafına toplaşıb. Uşaqların öpə biləcəyi ayaqlar artıq yoxdur. Ancaq onlar analarının süni ayaqlarını qucaqlayırlar.

İstanbulda göstərilməyib

Türkiyədə baş verən yüzlərlə qadın qətli cəmiyyətin həm dünyəvi, həm də dindar, həm yoxsul, həm də zəngin hissəsini əhatə edir.

"Bu qətllər cəmiyyətin yalnız bir hissəsinə xas deyil. Zorakılıq qadının müasir həyat istədiyi, şəxsi seçim etmək istədiyi yerdədir. Zorakılıq aşağı təhsil, maddi vəziyyət kimi şeylərlə bağlı deyil. Əslində bu, qadının qərarı və kişinin qərar qəbuletmə prosesinə təzyiq edib onun qarşısını almaq cəhdidir", – filmdə vəkil Bozkurt deyir.

Prodüser Seda Gökçe filmin ötən il İstanbul Film Festivalının təşkilatçıları tərəfindən bəyənildiyini söyləyir. Ancaq onun sözlərinə görə, təşkilatçılar onun nümayişindən imtina ediblər. "Türkiyədəki siyasi atmosfer üzündən onların bu filmi nümayiş etdirməsi müdrik hərəkət olmazdı", – o deyir.

XS
SM
MD
LG