Avropa Şurasının üzvü olan 47 dövlət arasında Azərbaycan ən çox məhbus olan beş ölkədən biridir. Azərbaycanda rəsmi qurumlar məhbusların sayı ilə bağlı məlumatların xidməti istifadə üçün nəzərdə tutulduğunu əsas gətirərək bunu açıqlamır. Lakin beynəlxalq hesabatlarda bu rəqəmləri tapmaq olur.
"World Prison Brief" təşkilatının 2021-ci ilin oktyabrında açıqladığı reytinq cədvəlinə əsasən, Azərbaycan məhbusların sayına görə 211 ölkə arasında 67-ci yerdədir. Hesabatda Azərbaycanda 21 min 253 məhbusun olduğu bildirilirdi. Eyni təşkilatın cəmi altı ay əvvəl – 2021-ci ilin aprelində dərc etdiyi illik hesabatda isə Azərbaycandakı məhbusların sayı 21 min 12 nəfər göstərilmişdi.
Narkotiklər birinci yerdədir
Araşdırmalar göstərir ki, Azərbaycandakı məhbusların böyük bir hissəsi narkotiklə əlaqədar həbs olunanlardır. Say baxımından ikinci yerdə isə oğurluğa görə cəzalandırılanlar gəlir. Bu statistika illərdir ki, dəyişmir.
Dövlət Statistika Komitəsinin məlumatına görə, 2020-ci ildə ümumilikdə 9 min 946 nəfər məhkum edilib ki, bunun da 3 min 117-si narkotik, 2 min 48-i isə oğurluğa görə cəzalandırılanlar olub. 2019-cu ildə isə 12 min 945 məhkumdan 3 min 242 nəfəri narkotik, 2 min 454 nəfəri oğurluqda suçlananlardır. Məhkum edilənlərin də təxminən 6-7 min nəfərinə müxtəlif müddətlərə azadlıqdan məhrumetmə cəzası kəsilir.
Hələlik, 2021-ci ilə aid statistik rəqəmlər məlum deyil. Lakin müşahidələr azadlıqdan məhrumetmə cəzasına məhkum edilənlərin sayında kəskin artım olacağını göstərir. Çünki 2021-ci ilin yazında sosial şəbəkələrdə ölkədə narkotik istifadəçilərinin sayı ilə bağlı etiraz dalğasından sonra narkotik vasitələr və psixotrop maddələrlə əlaqədar həbs olunanların sayı kəskin artdı. Hər gün məhkəmələrə daxil olan cinayət işlərinin 70-80 faizi bu qəbildən olan cinayət işləri olur.
Hökmdən dərhal sonra cəzaçəkmə müəssisələrinə köçürülürlər
Həbs olunanların sayının artması onların saxlanmasıyla bağlı əlavə problemlər yaradır. Həbs olunan şəxslər barələrindəki hökm qanuni qüvvəyə minənədək (apellyasiya məhkəməsinin qərarı çıxarılana, yaxud da apellyasiya şikayəti verilməyibsə, hökmdən 20 gün keçənə qədər) istintaq təcridxanasında saxlanılır. Hökm qüvvəyə minəndən sonra cəzaçəkmə müəssisəsinə köçürülür.
Bakı İstintaq Təcridxanasındakı mənbənin AzadlıqRadiosuna bildirdiyinə görə, sıxlığa görə bu müddət gözlənilmədən, hökmdən dərhal sonra onlar müxtəlif cəzaçəkmə müəssisələrinə köçürülür: "Aralarında elələri olur ki, apellyasiya şikayəti verir. Şikayətə baxılma vaxtı çatanda onlar yenidən cəzaçəkmə müəssisəsindən istintaq təcridxanasına qaytarılır. Çünki istintaq təcridxanalarından məhkəmələrə gündəlik dustaq aparan maşınlar gedir. Bir var gedən dustaqların hamısını bir yerdən yığıb aparıb-gətirəsən, bir də var müxtəlif cəzaçəkmə müəssisələrindən. O müəssisələrin də eləsi var, Qaradağdadır, eləsi var, Ramanıda, eləsi var, Binədə...".
Mənbə əlavə edib ki, hazırda da Bakı İstintaq Təcridxanasında saxlanılanlar arasında sıxlıq var, dustaqların sayı oranın tutumundan xeyli çoxdur.
Günə 5.9 avro
Məhbusların çoxluğu dövlət üçün həm də əlavə xərc deməkdir. Azərbaycan Avropa Şurası məkanında adambaşı məhbuslara ən az vəsait xərcləyən ölkələrdən sayılsa da, məhbusların sayının çoxluğu xərcləri artırır. Avropa Şurasının 2020-ci ili əhatə edən hesabatına görə, Azərbaycan saxlanılan şəxsin hər günü üçün 6.7 avro, məhkum edilən şəxsin hər günü üçünsə 5.9 avro pul xərcləyir.
Təşkilata üzv ölkələr arasında bu məsələdə Azərbaycandan az xərcləyən iki dövlət var: Rusiya və Bolqarıstan. Cənubi Qafqaz ölkələrindən Gürcüstanda məhkumun günlük xərci 12.6 avro, Ermənistanda isə 18.8 avrodur.
Günə 80 qram ət, 100 qram balıq
Məhkumların gündəlik ərzaq normasını Nazirlər Kabineti 2001-ci ildə təsdiqləyib. Bu cədvəldə gündəlik birinci növ buğda unundan 700 qram çörək, 80 qram ət, 100 qram balıq, 30 qram şəkər tozu, 250 qram tərəvəz, 10 qram kərə və 20 qram bitki yağı və s. qida məhsulları yer alıb.
Məhkumlar və onların yaxınlarından cəzaçəkmə müəssisələrində ərzaq təminatıyla bağlı şikayətlər tez-tez eşidilir. Pandemiya dövründə penitensiar müəssisələrə sovqat qəbuluna qadağa qoyulan dövrdə belə şikayətlərin sayı daha da artmışdı. Məhbus ailələri bildirirdi ki, normada nəzərdə tutulan ərzaqlar məhbuslara çatmır. Verilən qidaların da keyfiyyəti çox aşağı olur. Yalnız kimsəsiz, yaxınları mütəmadi yanına gələ bilməyən məhbuslar həmin qidalardan istifadə edirlər.
Dövlət büdcəsindən 2019-cu ildə Penitensiar Xidmətə 105 milyon 816 min manat vəsait ayrılıb. Bu vəsaitin 67.5 milyon manatı Penitensiar Xidmət və onun tabeliyindəki müəssisələrin saxlanmasına yönəldilib.
Alternativ cəza seçilmir
"Müdafiə Xətti" insan haqları təşkilatının icraçı direktoru, vaxtilə özü də məhbus həyatı yaşamış Rüfət Səfərov deyir ki, penitensiar müəssisələrdə sıxlığın səbəbkarı həm də istintaq orqanı və məhkəmələrdir. Çünki istər istintaq dövründə qətimkan tədbiri seçilərkən, istərsə də hökm çıxarılarkən alternativ qətimkan tədbirlərinə, başqa növ cəzalara yox, həbsə üstünlük verilir.
"Alternativ qətimkan tədbirlərinin az hallarda seçilməsi istintaq təcridxanalarının yüklü olmasını şərtləndirir. Həmçinin, məhkəmələrdə ittiham hökmləri çıxarılarkən başqa cəza növləri olduğu halda belə, şəxsi müəyyən müddətə azadlıqdan məhrum etməyə meyllilik cəzaçəkmə müəssisələrində sıxlıq yaradır. Bu da ondan irəli gəlir ki, Azərbaycanda cəza-icra siyasəti sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə, yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına yönəlməyib", – Səfərov belə deyir.
Hüquq müdafiəçisi narkotikə görə məhkum edilən şəxslərin say baxımından məhbuslar arasında üstünlük təşkil etdiyini vurğulayıb. Statistika göstərir ki, bu qəbildən olan cinayətlərə görə cəzalandırılanların sayı hər keçən il əhəmiyyətli şəkildə artır. 10 il öncə – 2012-ci ildə narkotiklərlə bağlı cinayət törətmiş şəxslərin sayı 2 min 181 nəfər olubsa, 2020-ci ildə bu rəqəm 4 min 233 təşkil edib. 2019-cu ildə 3 min 464, 2018-ci ildə isə 2 min 492 nəfər narkotik vasitələrlə bağlı cinayət törədib.
"Sıxlıq yoxdur"
Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Mehman Sadıqov isə istintaq təcridxanaları və cəzaçəkmə müəssisələrində sıxlıq yaranması haqda məlumatlarla razılaşmır: "Bildiyimə görə, hər hansı sıxlıq yoxdur. İstər istintaq təcridxanalarında, istərsə də cəzaçəkmə müəssisələrindəki yerlərlə orada saxlanılan şəxslərin sayı arasında kəskin fərq yoxdur".
Şöbə rəisi vurğulayıb ki, hər bir məhbusun saxlanması üçün büdcədən ayrılan vəsait onların normal qidalanmasına, kommunal-məişət ehtiyaclarının ödənilməsinə tam kifayət edir. Onun sözlərinə görə, məhbuslar gündə üç dəfə keyfiyyətli, kalorili qida ilə təmin olunurlar.
Hüquq müdafiəçisi Rüfət Səfərov isə normativ hüquqi aktda göstərilmiş gündəlik ərzaq məhsullarının məhbuslara verilmədiyini deyir: "Əksəriyyət ailə üzvlərinin daşıdığı sovqat hesabına yaşayır. Məhbuslar penitensiar müəssisələrdə fəaliyyət göstərən mağazaların müştərisinə çevrilməyə məcbur olur. Orada da qiymətlər bazar qiymətindən çox bahadır. Hər penitensiar müəssisədə qeyri-rəsmi ştat vahidi ayrılıb ki, şişmiş borc dəftərləri üzrə xidmət edilsin. Məhbusun görüşünə kimsə gələn kimi, onun qarşısını kəsib borcu tələb edirlər. Borcu ödəyə bilməyən məhbusların "kars"a salınıb döyülməsi, işgəncəyə məruz qalması halları 9 saylı Cəzaçəkmə Müəssisəsində gözlərimin qarşısında olub".
Rəsmi orqanlar cəzaçəkmə müəssisələrində işgəncə iddialarını dəfələrlə təkzib ediblər.