Rusdilli sosial media postları Moskvanın NATO ilə artan gərginlik fonunda hərbi səfərbərliyinin miqyasını və təbiətini açmağa kömək edir. Ukrayna ilə sərhədə göndərilən əsgərlərin qohumları bundan narahatlıqlarını ifadə edirlər. AzadlıqRadiosu-nun əməkdaşı Mark Krutov radionun Rusiya xidməti və Münaqişə Kəşfiyyatı Komandasının (Conflict Intelligence Team -CIT) birgə araşdırmasından yazır.
Araşdırma TikTok videopaylaşım platformasında rusiyalı əsgərlərin paylaşdığı saysız postlara reaksiyalar, bəzi şərhlərin müəlliflərinin dostları və yaxınları ilə söhbətlər əsasında aparılıb. Bütün bunlar Rusiyanın Ukrayna yaxınlığına hərbi qüvvə cəmləməsinə dəlilləri artırır. Bu arada Rusiya ilə Qərbin danışıqlarında da elə bir irəliləyiş əldə olunmayb.
Belarus, Ukrayna yaxınlığı
Postlardan belə çıxır ki, Rusiyanın Uzaq Şərqindən kütləvi şəkildə əsgər və avadanlıq daşınması davam edir. Amma postlarda Rusiya Prezidenti Vladimir Putinin Ukraynaya yeni hərbi təcavüzə qərar verməsinin əlaməti də görünmür.
Postların təxminən yarısında Rusiya müqaviləli əsgərlərin dostları və yaxınları əsgərlərin “tapşırığa”, yaxud “təlim”ə göndərildiyini yazırlar.
Çoxları səfərlərin Ukraynanın şimal qonşusu Belarusda bitəcəyini, bəziləri isə Ukrayna yaxınlığına getdiklərini yazırlar.
Gələn aya Rusiya-Belarus birgə təlimlərinin qəfil elan olunması da Ukraynaya təcavüzün olacağı sarıdan əndişələri gücləndirib.
“Ukraynaya göndərilib”
“Mənim ərim də yanvarın 7-də Belarusa yola düşüb”, – bir qadın sosial mediada yazıb. AzadlıqRadiosu-nun Rusiya xidməti ilə yanvarın 18-də yazışma zamanı qadın adını verməyib, ərinin Rusiyanın Uzaq Şərqindəki Zabaykalye regionundan çıxdığını, hazırda Belarusun Polşa ilə sərhəd yaxınlğındakı Brest şəhərində olduğunu deyib.
Vladivostokdan bir qadın isə sosial mediadakı videoya şərhində yazıb ki, onun 155-ci dəniz piyadaları briqadasının üzvü olan partnyoru təlimə göndərilməyib, döyüş əməliyyatına qatıla biləcək missiyadadır. Qadın AzadlıqRadiosu-nun jurnalistinə partnyorunun “Ukraynaya” göndərildiyini deyib, amma bunu haradan bildiyini açıqlamayıb.
ABŞ-ın, digər ölkə və qurumların rəsmiləri payızdan bəri kəşfiyyat materiallarına əsasən Rusiya Ukraynaya mümkün təcavüzə hazırlaşması haqda xəbərdarlıq edirlər. Moskva 2014-cü ildə Krım yarımadasını ilhaq edib. Ukraynanın şərqindəki separatçıları dəstəkləməyə başlayıb. Kiyev Rusiyanın Ukrayna sərhədləri yaxınlığında 127 minədək əsgər yığdığını bildirir.
Sabotaj ehtimalı
Rusiya rəsmiləri Ukraynaya yeni təcavüz planları olmadığını desələr də, Ukrayna tərəfdən provokasiyaya qarşı əməliyyatı istisna etmirlər.
Ağ ev ötən həftə Rusiyanı Ukraynanın şərqinə sabotajçılar göndərməkdə suçlayıb. Məqsədin təcavüzə bəhanə verəcək insidentin təşkili olduğu bildirilir. Bu arada Moskva Avropanın təhlükəsizlik düzənində dəyişiklik, NATO-nun genişlənməsinə son qoyulmasını tələb edir.
Rusiya Belarusla birgə təlimlərin fevralın 9-da başlanacağını, 10 gün çəkəcəyini bəyan edir. Amma sosial mediadakı şərhlər, onların müəllifləri ilə yazışmalara əsasən demək olar ki, Belarusa göndərilən hərbçilərə daha uzun zaman çərçivəsi söylənir, onların orada hansı müddətə qalacağı əsasən bildirilmir.
“Onların neçə aylığa getdiyi bilinmir”, – bir qadın yazıb.
Belarusa gedib çıxmayanlar
Rusiyanın Uzaq Şərqindən göndərilən əsgərlərin böyük qismi isə tammiqyaslı quru müdaxiləsi qabiliyyəti olanlardır. Buraya hərbi polis, xüsusi qüvvələr, taktiki komandalar daxildir.
CIT-in təhlil etdiyi postlara əsasən demək olar ki, Belarusa göndərilən Rusiya hərbi kontingentinin böyük hissəsi heç birgə təlim məkanına gedib çıxmayıb, Ukrayna ilə sərhədin 40 kilometrliyindəki Qomel şəhəri ətrafına yerləşib.
Baş verənlər 2014-cü ili yada salır. O zaman Ukrayna ilə sərhədə göndərilən Rusiya əsgərlərinə hərbi münaqişədə iştirak edəcəkləri haqda xəbərdarlıq olunmamışdı.
CIT qeyd edir ki, Uzaq Şərqdən göndərilən yüzlərlə əsgərlə bağlı şərhlərə əsasən bölmələrin Belarusda və Rusiyanın qərbində bir neçə ay qalacağını düşünmək olar.