Keçid linkləri

2024, 07 Noyabr, Cümə axşamı, Bakı vaxtı 14:16

Fransa kinoteatrlarda popkorn satışını yasaqlayır


Popkorn
Popkorn

Bundan sonra Fransada kinoteatrlarda çeynəmək, ağzını marçıldatmaq, xırçıldatmaq, qazlı su içmək olmayacaq. Koronavirus infeksiyasının sürətlə yayılması hökuməti ciddi tədbirlər görməyə, hətta kinoteatrlara yemək və içmək qadağası gətirməyə vadar edib. Kinoteatrlar, dünyanın bir çox yerində olduğu kimi, burada da uzun müddət bağlı qaldıqdan sonra yenicə ayağa qalxmağa başlamışdı.

Yeni ilin gəlişi ilə yeni COVID-19 tədbirləri qüvvəyə minib. Bundan sonra kinoteatrlarda popkorn maşınlarını işə salmaq, yaxud dondurma satmaq da mümkün olmayacaq. Bu yemə və içmək qadağası ilkin olaraq üç həftəliyinə tətbiq edilib və kinoteatrlardan başqa idman məkanlarını və ictimai nəqliyyatı da əhatələyir.

Ötən il bilet satışı artıb

Kinoteatr sahibləri pandemiya dövründə filmlərə evdə baxmağa öyrəşmiş tamaşaçı kütləsini yenidən qaytarmağa ümid edirdi. Satılan yemək və içkilər insanları kinoteatrlara gəlməyə həvəsləndirməyə kömək etməli idi. "Fortune" jurnalı yazır ki, Fransada kinoteatrlar ötən il açıq olduqları səkkiz ay ərzində 96 milyon bilet sata bilib. Bu, lokdaunlarla yadda qalan 2020-ci ildəkindən 47 faiz çox deməkdir. Ancaq bilet satışları hələ də pandemiyadan öncəki 2019-cu ilə nisbətən 55 faiz azdır.

Fransada kinoteatrların 70 faizini popkorn, şirniyyat və içkilərlə təchiz edən "Benoit Ciné Distribution" şirkəti "Spider-Man: No Way Home" və "Matrix Resurrection" kimi filmlərin böyük ekrana çıxması ilə çoxlu qazanc əldə edəcəyinə ümid edirdi.

"Sanki yüksək sürətlə hərəkətdə olan qatarın həyəcan əyləcinə basılır", – "Benoit"nın direktoru Vinsent Meyer deyib.

Konsert yox, siyasi ralli

Hökumət günü-gündən artmaqda olan koronavirus infeksiyasına qarşı tədbirlər görməyə çalışsa da, bunu Fransa iqtisadiyyatını relsdən çıxarmadan etmək çox çətindir. Hazırkı prezident Emmanuel Makron apreldə yenidən seçilməyə ümid edir.

Sözügedən qadağadan başqa, ictimai yerlərdə adam sayına məhdudiyyətlər də bərpa olunacaq. Bundan sonra qapalı məkanlarda 2 min, açıq məkanlarda 5 mindən artıq insanın olmasına imkan verilməyəcək. Ancaq bu məhdudiyyət seçki kampaniyası rallilərinə şamil edilməyəcək. Bu, tamaşaçıların ayaq üstə dayandığı konsertlərdə çıxış edə bilməyən musiqiçiləri qəzəbləndirib. Bəziləri hətta yarızarafat-yarıgerçək konsertlərinin adını dəyişib "siyasi ralli" qoyacaqlarını deyiblər.

Fransada bugünədək COVID-19 virusundan ölənlərin ümumi sayı 123 mini keçib. Yeni yoluxma saylarındakı artım bundan öncə görünməmiş həddədir. Xəstəxanalar yenidən ağır xəstələrlə dolmaqdadır. Səhiyyə mütəxəssisləri daha sərt tədbirlər görülməsini, hətta məktəb və iş yerlərinin yenidən bağlanmasını tələb edirlər. Hazırda ölkəboyu yeni yoluxma sayları rekord 325 minə çatıb.

Popkorn səsinə nifrət edənlər

Marli-le-Rua şəhərciyindəki "Le Fontenelle" kinoteatrının meneceri Mişel Enten kinoteatrların bağlanmamasından belə məmnun olduğunu deyir. O, şirniyyat, çərəz və içki sata bilməsə də, heç olmasa, film biletləri sata biləcəyinə ümidlidir. Pandemiya dövründə müştərilərinin yarıya qədərini itirdiyini deyən Enten bu yeni yemək qadağasının böyük kinoteatrlara ziyan vurub auditoriyanı belə kiçik məkanlara cəlb edəcəyini gözləyir: "Auditoriyalarda popkorn səsi eşitməyə nifrət edən çox sayda insan var. Ola bilsin ki, biz yeni kino həvəskarları arasından yeni müştərilər qazanacağıq. Əvvəllər "Netflix" izləyən, indi isə özlərinə "Madam daha popkorn yoxdur, kinoya gedə bilərik" deyən adamlar arasından".

Kino həvəskarları bu yeni tədbirlərə ehtiyacı anladıqlarını desələr də, restoranların hələ də müştərilərə yemək və içki sata bildiyi şəraitdə kinoteatrlarda çərəz, şirniyyat və içki qadağasını çox da anlamırlar.

"Sadəcə kinoteatra gedib bütün bu kiçik anlar olmadan oturmaq qəribə hiss olacaq. Çox vaxt kino haqqında düşünəndə ağla gələn şeylər auditoriya, afişalar, popkorn və qoxular olur", - Marli-le-Rua şəhərciyində "Spider-Man" filmi üçün növbəyə duran bir tamaşaçı deyib.

XS
SM
MD
LG