Rusiya prezidenti Vladimir Putinin sözüçü Dmitri Peskov Britaniya hökumətinin Kremlə yaxın biznesmen və şirkətlərə qarşı sanksiyalarının mümkünlüyü barədə bəyanatını həyəcanlı adlandırıb.
O bu bəyanatı verərkən rusiyalıları da aid etdiyi avropalılarla “anqlosaksları” qarşı-qarşıya qoyub.
Peskovun sözlərinə görə Londonun “Rusiya oliqarxlarının əmlakının müsadirəsi və onlara qarşı sanksiyaların mümkünlüyü” barədə bəyanatı Britaniya hakimiyyətinin “son dərəcə proqnozlaşdırılmadığını” nümayiş etdirir.
Peskov bəyan edib ki, Britaniya şirkətləri bir sıra Rusiya şirkətlərinin strateji partnyorudur:
"Anqlosakslar əlbəttə, Avropa qitəsində vəziyyəti xeyli gərginləşdirirlər. Məncə biz avropalılar bu barədə düşünməliyik. Biz avropalılar qitədən kənarda yerləşən bir ölkənin Avropaya ziyan vurmasını başa düşmədikcə, vəziyyət çətinki, düzəlsin”.
AzadlıqRadiosunun Rus xidməti yazır ki, Rusiya rəsmiləri gah ölkələrinin Avropa qitəsinə aid olduğunu, Avropa qitəsi ilə eyni tarixi bölüşdüyünü deyir, gah da Rusiyanın Avropadan fərqli dəyərlərə malik “əlahiddə bir sivilizasiya” olduğunu iddia edirlər.
Bu arada Britaniyanın baş naziri Boris Conson bildirib ki, o Rusiya prezidenti Vladimir Putindən müharibəyə aparan “son həddən” geri çəkilməsini tələb edəcək.
O Rusiya prezidenti ilə yanvarın 31-də gündüz saatlarında danışmalıydı.
Arvad-uşaqlarının adlarından istifadə edə bilməyəcəklər
Reuters agentliyi yazır ki, Birləşmiş Ştatlar və Britaniya Rusiya prezidenti Vladimir Putinə yaxın elitanı onların aktivlərinin dondurulması və onlara səfər qadağanı qoyulması ilə cəzalandırmağa hazırdırlar.
Ağ Evin sözçüsü Cen Psaki yanvarın 31-də deyib:
"Bizim müəyyənləşdirdiyimiz şəxslər Kremlin yaxın çevrəsinə daxildirlər və hökumətin qərarlarının qəbul edilməsində iştirak edirlər və ya ən azı Kremlin pozucu davranışı ilə əlaqəlidirlər”.
Britaniyanın xarici işlər naziri Liz Trass deyib ki, Rusiya dövlətinə bağlı şirkətlərin hədəflənməsinə imkan verən qanunvericilik aktı qəbul olunacaq:
"Putinin dostları bundan sonra sanksiyalardan yan keçmək üçün arvadlarının və ya ailə üzvlərinin adlarından pərdə kimi istifadə edə bilməyəcəklər. Sanksiyalar onların beynəlxalq maliyyə sistemi ilə əlaqəsini kəsəcək və onları və onların ailə üzvlərini pullarını Qərbdə yerləşdirmək imkanından, Rusiya elitasını Qərb Universitetlərində təhsildən məhrum edəcək”.