Azərbaycanda ən çox ölüm ötən il qeydə alınıb
Dövlət Statistika Komitəsi (DSK) ötən ilin yekunlarına dair demoqrafiq göstəriciləri açıqlayıb. Nəticələrdən bəlli olur ki, ölüm sayına görə ard-arda iki ildir Azərbaycanda antirekord qeydə alınır. 2020-ci ildə Azərbaycanda ölənlərin sayı əvvəlki illərlə müqayisədə birdən-birə 20 min nəfər artaraq 55 mindən 75 min nəfərə çatmışdı. Bu, ovaxtadək Azərbaycanda qeydə alınan ən yüksək göstəriciydi. Ötən ildəki ölüm sayı hətta 2020-ci ili də geridə qoyub. 2021-ci ildə Azərbaycanda 76 min 878 ölüm halı qeydə alınıb.
Rəsmi bilgilərə görə, 2020-ci il ərzində Azərbaycanda koronavirus üzündən 2 min 641 nəfər yaşamını itirib. 44 günlük müharibə boyunca isə toplam 3 minə yaxın hərbçi və mülki şəxs dünyasını dəyişmişdi.
Diqqətçəkən bir məqam odur ki, ölənlərin sayındakı artımdan korona və savaş ucbatından baş verən ölüm sayını çıxanda da təxminən 15 minə yaxın "artıq ölüm" gözə çarpır. Ötən il, rəsmi rəqəmlərə görə, ölkədə koronavirus üzündən 5 min 717 nəfər həyatını itirib. Bu göstəricini 2020-ci ilədək olan ortalama ölüm sayıyla tutuşduranda, yenə 16 minə yaxın "artıq ölüm"ün qeydə alındığı üzə çıxır.
Ölkədəki ölümlərlə bağlı bir məqam da narahatlıq doğurur. Ölənlərin 40 faizə yaxını pensiya yaşına çatmadan dünyasını dəyişir. Rəsmi rəqəmlərə görə, ölənlərin 1 min 793 nəfəri (2.3 faizi) 0-17 yaşda, 7 min 747 nəfəri (10.1 faizi) 18-49 yaşda, 21 min 4 nəfəri (27.3 faizi) 50-64 yaşda, 46 min 334 nəfəri (60.3 faizi) 65 və daha yuxarı yaşda olub.
Cədvəl: Azərbaycanda 2011-2021-ci illərdə doğum, ölüm və təbii artım göstəriciləri
İllər |
Nəfər | ||
təbii artım |
doğulanların sayı |
ölənlərin sayı | |
2011 |
122 min 310 |
176 min 072 |
53 min 762 |
2012 |
119 min 452 |
174 min 469 |
55 min 017 |
2013 |
118 min 288 |
172 min 671 |
54 min 383 |
2014 |
114 min 855 |
170 min 503 |
55 min 648 |
2015 |
111 min 513 |
166 min 210 |
54 min 697 |
2016 |
102 min 816 |
159 min 464 |
56 min 648 |
2017 |
86 min 932 |
144 min 41 |
57 min 109 |
2018 |
81 min 732 |
138 min 982 |
57 min 250 |
2019 |
85 min 263 |
141 min 179 |
55 min 916 |
2020 |
50 min 924 |
126 min 571 |
75 min 647 |
2021 |
35 min 348 |
112 min 284 |
76 min 878 |
Ölüm artdıqca doğum azalır
Cədvəldən göründüyü kimi, ölənlərin sayında kəskin artım, doğulanların sayında kəskin azalma gözə çarpır. Cəmi iki il öncə ölkədə 141 mindən çox uşaq doğulmuşdusa, ötən il bu rəqəm 15 minədək azalıb. 2021-ci ildə də doğum sayında biröncəki illə müqayisədə daha 14 mindən çox azalma qeydə alınıb. Ötən ilin göstəricilərini bəlli dərəcədə 2020-ci ilin xeyli hissəsi boyunca toyların yasaqlanmasıyla əsaslandırmaq olar. Ancaq 2020-ci ildə qeydə alınan göstəricilərdən məlum olur ki, doğum sayında təbii azalma da var. Ötən il əhalinin hər min nəfərinə düşən doğum göstəriciləri Mil-Muğan, Dağlıq Şirvan, Quba-Xaçmaz və Lənkəran-Astara iqtisadi rayonları ərazisində daha yüksək olub.
Ölümün artdığı bir ortamda doğumun sayca azalması təbii artımı gerilədir. Bu üzdən, 2017-ci ilədək 100 mindən çox olan təbii artım göstəricisi 2019-cu ildə 81 minə, 2020-ci ildə 51 minə, ötən ilsə cəmi 35 minə enib.
Demoqrafiq göstəricilərlə bağlı o da qeyd olunub ki, ötən il ölkəyə 2 min 397 şəxs daimi yaşamağa gəlib və 570 nəfərsə Azərbaycanı həmişəlik tərk edib. Beləcə, rəsmi rəqəmlərə görə, miqrasiya saldosu müsbət 1 min 827 nəfər olub. Nəticə etibarilə ötən il boyunca ölkə əhalisinin sayı 37 min 233 nəfər və ya 0.4 faiz artıb. Bu il yanvarın 1-də Azərbaycanın əhalisi 10 milyon 156 min 366 nəfər olub.