«ANS teleradio kampaniyasının yayımının dayandırılması söz azadlığına və kütləvi informasiya vasitələrinə qarşı bir zərbə olub və biz Azərbaycan hökumətini bu məsələni bir daha araşdırmağa çağırırıq». ABŞ-ın Azərbaycandakı səfiri xanım Ann Ders dekabrın 4-də Bakıdakı NATO Evi - Avroatlantik Mərkəzdəki görüşdən sonra jurnalistlərə belə deyib: «Bildiyiniz kimi, Amerika Birləşmiş Ştatları Azərbaycan hökumətini bu qərarına yenidən baxmağa çağırıb. ANS-in bağlanmasına səbəb kimi texniki məsələlər əsas gətirilirdi, ancaq bu məsələnin araşdırılmasına ehtiyac var».
Noyabrın 24-də Milli Televiziya və Radio Şurasının qərarı ilə ANS TV və ANS ÇM radiosunun fəaliyyəti lisenziyanın uzadılmaması əsas gətirilərək dayandırılıb.
NATO-nun gələcəkdəki missiyası və Azərbaycanla əməkdaşlığın perspektivlərinə toxunan xanım Ders onu da bildirib ki, bu təşkilat vasitəsilə Azərbaycan özünün təhlükəsizliyini və islahatlarının davamlılığını gerçəkləşdirə bilər. Ann Ders NATO-nun qapılarının hər zaman açıq olduğunu və Amerikanın bu quruma üzv olmaq niyyətində olan dövlətlərə standartlara uyğunlaşmaq üçün yardım edəcəyini də bildirib.