movieweb.com saytı günümüzdə baş verən hadisələrlə bağlı ən informativ Ukrayna filmlərinin siyahısını dərc edib. Yazının girişində öncə Ukraynanın tarixi haqqında qısa məlumat verilir, ölkənin SSRİ-yə sürüklənməsi və 1930-cu illərdə kommunist rejiminin yaratdığı süni aclığa (Holodomor) məruz qoyulmasından, ifrat sağçı rus millətçilərinin hətta sovet dövründə belə Ukrayna xalqına mənfi münasibət bəsləməsindən söz açılır.
"Belə gözəl insanlar"
Dmitro Moyseyevin "Such Beautiful People" filmi (2013) kənd yerlərində yaşayan Ukrayna vətəndaşlarının həyatına sadə bir baxışdır. Əsasən, Qara dəniz sahilləri və Krımda çəkilmiş film kiçik bir icmada yaşayan qonşuların və insanların şəhər səs-küyündən uzaq gündəlik həyatını təsvir edir. Gözəl çəkilmiş və bir qədər melanxolik olan bu film işçi sinfin sadə və banal həyatındakı ləyaqət və gözəlliyi göstərir.
Ssenarist və rejissor Mixaylo İlyenkonun "Firecrosser" filmi İkinci Dünya müharibəsində nasist ordusuna qarşı 200 döyüşə rəhbərlik etmiş Ukrayna əfsanəsi İvan Datsenkonun real dramatik hekayəsini nəql edir. Datsenko 1943-cü il sentyabrın 18-də Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb. Sonradan amerikalılara əsir düşən Datsenkonu SSRİ ölmüş elan edir. Ancaq hekayənin qalan hissəsi hətta bundan da qəribədir. Datsenko ABŞ-dan Kanadaya keçə bilir. Burada o, bir yerli qadına aşiq olub onun tayfasına qoşulur və Monrealda "Firecrosser" adı ilə tayfanın başçısı olur. Heç kim onun qarışıq ukraynalı keçmişindən xəbər tutmur.
"Həqiqət aclığı"
"Feathered Dreams" ilk ingilisdilli Ukrayna filmidir. O, həm də Ukrayna və Nigeriya kinematoqrafçılarının birgə istehsalıdır. Endrü Rojenin filmi Ukraynada önyarqı və ayrıseçkiliklə üzləşən gənc qadın haqdadır. Sade adlı bu qadın (Omoni Oboli) Ukraynada tibb oxuyur və, eyni zamanda, müğənni olmaq arzusundadır.
"Hunger For Truth: The Rhea Clyman Story" sənədli filmi son dərəcə ağrılı və ağırdır. Jurnalist Ria Klaymen Stalin bürokratiyasının 1930-cu illərdə dörd milyona yaxın insanın ölümü ilə nəticələnən kütləvi aclıq haqda dezinformasiya kampaniyasını araşdıran və ifşa edən, ancaq həm də öldürülməyən azsaylı insanlardan biridir. O zaman cəmi 28 yaşı olan Klaymen öz maşını ilə Şərqi Avropadan keçərək "Holodomor" kimi tanınan süni aclığı araşdırır; müsahibələr alır, yazılar yazır. Onun məlumatlarının yayılmasına imkan verilmir, özü isə həbs olunur. Ancaq xoşbəxtlikdən o, Kanada vətəndaşıdır, Ukrayna vətəndaşı deyil. Buna görə öldürülmür, xilas ola bilir. Klaymenin yazılarının işıq üzü görməsi yalnız yarım əsrdən sonra mümkün olur.
"Bələdçi" və "Unudulmuş əcdadların kölgələri"
2014-cü ildə çəkilən Ukrayna dramı – "The Guide" 1930-ci illərdə Ukrayna milli kimliyinin repressiyaya məruz qoyulması haqda tarixi filmdir. Film amerikalı atası NKVD tərəfindən öldürülən oğlan haqdadır. Oğlanı bir kor kobzar öz yanına götürür. Kobzarlar SSRİ-də etnosentrik romantizmi yayan, partiya və Stalin ideologiyasına qarşı olan adamlar sayılır və təqib olunurdu. Oğlanla yaşlı kişi birlikdə bu soyuq, siyasi baxımdan mürəkkəb dövrdə Ukraynanı gəzərək həyatda qalmağa ümid edirlər.
Sergey Paracanovun 1965-ci ildə çəkdiyi "Shadows of Forgotten Ancestors" filmi əsl sənət əsəridir. Bir növ, "Romeo və Cülyetta"nın müasirləşdirilmiş hekayəsi Ukraynanın Karpat dağlarında cərəyan edir. Ailələri bir-birinə nifrət edən iki gənc ukraynalı bir-birinə aşiq olur. Avanqard klassikası sayıla biləcək bu film Ukraynada böyük uğur qazanıb. Bu film o illərdə "Dovjenko" kinostudiyasında Ukrayna dilində çəkilmiş azsaylı filmlərdən biridir. Ukraynalılara qarşı böyük önyarqının hələ də qalmaqda olduğu 1965-ci ildə bu filmin premyerası etirazlar və həbslərlə müşayiət olunmuşdu.