Keçid linkləri

2024, 08 Noyabr, Cümə, Bakı vaxtı 02:13

Azyaşlı Nərminin işi: ifadə yalan çıxdı, videonu DTX əməkdaşları yayıb?


Tovuzda yanmış cəsədi tapılan qızla bağlı səs yazısı yayılıb...
Gözlə

No media source currently available

0:00 0:01:59 0:00

Tovuzda yanmış cəsədi tapılan qızla bağlı səs yazısı yayılıb...

Tovuz rayonunun Dondar Quşçu kəndində azyaşlı Nərmin Quliyevanın oğurlanıb 47 gün sonra yandırılmış meyitinin tapılmasıyla bağlı məhkəmədə uşağın öz qohumları dindirildikcə bu işlə bağlı müəmmalar da artır. Martın 9-da məhkəmədə Nərminin əmisi arvadı Nailə Quliyevanın dindirilməsindən sonra xeyli cavabsız suallar yaranıb.

Quliyeva məhkəmədə bildirib ki, Nərmin itkin düşdüyü gün onlara gəlib, əri Arifin gödəkcəsini gətirib. O, hətta həmin gün uşağın əynində olduğu iddia edilən geyimləri (gödəkcə, idman ayaqqabısı, papaq və s.) rənginə qədər sadalayır. Onun sadaladıqları yandırılmış meyit tapılanda onun üstündə olub. Şahid Quliyeva Nərminin gəldiyi saatı da dəqiqliyi ilə söyləyib: "Bir gün əvvəl mənim qızımın toyu olmuşdu. Onda yoldaşım qardaşı Şərifə öz gödəkcəsini vermişdi ki, toyda geyinsin, əynində köhnə paltar olmasın. Noyabrın 21-də saat 14:30 olardı, Nərmin həmin gödəkcəni gətirib verdi. Çıxıb üzbəüzdəki qaynımgilə getdi ki, oradan da atasının gödəkcəsini götürüb getsin".

İfadəni oxumadan imzaladğını deyir

10-yaşlı Nərmini oğurlayıb öldürməkdə suçlanan İlkin Süleymanovun vəkillərinin vəsatəti əsasında Nailə Quliyevanın istintaqdakı ifadələri elan edilib. Həmin ifadələrdə isə o bildirib ki, qızının toyunun ertəsi gün başı tör-töküntünü yığışdırmağa qarışdığına görə həmin gün Nərmin gətirib gödəkcəni verəndə onu görməyib.

Vəkillər bildirib ki, deməli, Quliyeva ya istintaqda, ya da məhkəmədə yalan ifadə verib. Ondan ifadələri arasındakı ziddiyyətlərin səbəbini soruşublar:

- Məqsədiniz nədir ki, ya istintaqda, ya da məhkəmədə yalan danışmısınız?

- Mənim heç bir məqsədim yoxdur. Məqsədim yalnız Nərminin qatilinin tapılmasıdır.

- Nərminin qatilinin tapılması üçün ilk növbədə sizlər – onun öz qohumları yalan danışmamalısınız.

Dindirmənin əvvəlində istintaqdakı ifadəsini oxuyub imzaladığını deyən Quliyeva sonradan bu ziddiyyətlər ortaya çıxanda bildirib ki, həmin ifadəni müstəntiq yazıb, onu oxumadan imzalayıb.

"Meyit yanırsa, onu niyə telefonla çəkirdi?"

Quliyeva məhkəmədə dindirilərkən o da məlum olub ki, hələ ibtidai istintaq getdiyi dövrdə cinayət işinə aid materiallar hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən yayılıb.

"Müharibə başlamamışdan (2020-ci ilin sentyabrında 44 günlük müharibəni nəzərdə tutur-red.) təxminən 10-15 gün əvvəl dörd maşında çoxlu adam gəlmişdi. Onda Milli Təhlükəsizliyin işçiləri mənə və yoldaşıma İlkinin telefonundan çıxan videonu göstərdi. O vaxta qədər məndə İlkinin bu işi görməsi ilə bağlı tərəddüd vardı. Amma o videonu görəndən sonra əminlik yarandı. Meyit yanırsa, onu niyə telefonla çəkirdi?", – Quliyevanın sözləridir.

O əlavə edib ki, Bakıdan gələn və onları sorğu-sual edib videonu da göstərənlər mülki formada olublar.

"Amma özləri yayırlar"

Vəkillər bildirib ki, bu, çox ciddi qanun pozuntusudur və araşdırma aparılıb hüquqi qiymət verilməlidir: "Bizə istintaq sirrini yaymamaq barədə iltizama qol çəkdirirlər, istintaqın sonuna qədər sübutlarla tanış ola bilmirik. Amma özləri yayırlar. O videoda nə var ki?! Adam hüquqşünasdır, meyitin yandığını görüb və başa düşürdü ki, bu çəkiliş istintaqa lazım ola bilər, izlər itməsin. Heç bilməyib ki, meyit kimə məxsusdur".

Vəkillər vurğulayıb ki, həmin vaxt orada Süleymanov tək olmayıb, videodakı səslərdən də aydın olur.

Nərminin anası dindirilərkən bildirmişdi ki, meyit tapılandan sonra onu görməyib. Əvvəl hadisə yerinə getmək istəsə də, sonradan fikrini dəyişib. Atası Şərif Quliyev isə yandırılmış meyiti polislərin qadağasına görə bir neçə metrdən gördüyünü demişdi.

Nailə Quliyeva dindirilərkən o da aydınlaşıb ki, yaxınları meyiti yumayıb: "Baldızlarım getmişdi, onlar dedilər ki, morqdan meyit hazır vəziyyətdə göndərilmişdi".

Bu cinayət işi ilə bağlı məhkəmə prosesi martın 16-da davam edəcək.

"Onları inandırmaq lazım idi ki..."

Təqsirləndirilən İlkin Süleymanovun vəkilləri və ailə üzvləri istintaq dövründə materialların yayılması, videonun Nərminin qohumlarına göstərilməsiylə bağlı araşdırma aparılmasını istəyirlər.

Vəkil Zabil Qəhrəmanov AzadlıqRadiosuna bildirib ki, istintaq dövründə materialı yaymaq cinayət əməli sayılır. Müdafiəçi hesab edir ki, videonun Nərminin yaxınlarına göstərilməsi məqsədli şəkildə olub. Onun fikrincə, hüquq-mühafizə orqanlarının əməkdaşları da cəmiyyətdə Süleymanovun bu cinayəti törətməsinə ciddi şübhələr olduğunu bilirdilər. Məqsəd bu cür üsullarla azyaşlının yaxınlarını uşağı İlkinin öldürdüyünə inandırmaq olub: "Nərmin itkin olduğu vaxtda prezidentin göstərişi vardı ki, bu məsələnin üstü açılmalıdır. Bundan iki-üç gün sonra yandırılmış meyit tapıldı, İlkin həbs edildi və beləliklə, cinayətin üstünün açılması görüntüsü yarandı. Amma cəmiyyətdə şübhələr vardı. Nailə Quliyevanın dediyi kimi, onların özləri də tərəddüddə idi. Onları inandırmaq lazım idi ki, Nərminin qatili İlkindir...".

DTX rəisinə müraciət edib

Təqsirləndirilən şəxsin qardaşı Adil Süleymanov da videonu yayan məsul şəxslərin müəyyənləşdirilib cəzalandırılması üçün Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi Əli Nağıyevə müraciət edib. Süleymanov deyir ki, əslində bu işi məhz DTX əməkdaşlarının gördüyünü düşünmür. Amma Quliyeva ifadəsində "Milli Təhlükəsizliyin əməkdaşları" fikrini səsləndirdiyinə görə bu qurumun rəhbərinə müraciət edir.

Süleymanov həmçinin azyaşlının əmisi arvadının da yalan ifadəyə görə cinayət məsuliyyətinə cəlb olunmasının vacibliyini vurğulayıb: "Nailə Quliyeva məqsədli şəkildə yalan danışır. Buna görə ya məsuliyyətə cəlb olunmalıdır, ya da həqiqəti açıb deməlidir. Onu kimlər öyrədir, niyə yalan danışır və s. Görünür ki, o, bir çox məsələləri gizlətməyə çalışır. Bu isə dolayısıyla cinayəti gizlətməkdir".

Quliyeva yalan danışmasıyla bağlı ünvanına səslənən ittihamlara cavab vermək istəməyib.

Azyaşlının atası Şərif Quliyev də məhkəmə prosesində ortaya çıxan ziddiyyətlər haqda danışmaq istəməyib: "Mən bura jurnalist çağırmamışam. Gedin, nə istəyirsiniz, qatildən soruşun...".

Xatırlatma

48-yaşlı İlkin Süleymanov Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə), 144.3 (adam oğurluğu) və başqa maddələri ilə ittiham olunur. Lakin o, azyaşlının ölümünə aidiyyəti olmadığını deyir. İlkin ifadəsindəki etirafa gəlincə, o bildirib ki, 2020-ci il yanvarın 6-dan 10-na qədər Tovuz Rayon Polis Şöbəsində işgəncəyə məruz qalıb. Dörd gün sonra işgəncələrə dözməyərək etiraf ifadəsinə imza atmağa məcbur olub. Baş Prokurorluq isə onun işgəncə iddialarını təkzib edib. Vəkillərin bu barədə şikayətlərinə cavab olaraq, işgəncə faktının təsdiqini tapmadığı bildirilib.

Süleymanovun ittiham olunduğu maddələrdə 20 ilə qədər və ya ömürlük azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

XS
SM
MD
LG