Keçid linkləri

2024, 07 Noyabr, Cümə axşamı, Bakı vaxtı 20:28

Putin və Paşinyan Qarabağdakı vəziyyəti müzakirə ediblər


Qarabağda "Bayraktar" işə düşür? Bakı Yerevanın iddialarına cavab verir
Gözlə

No media source currently available

0:00 0:14:58 0:00

Qarabağda "Bayraktar" işə düşür? Bakı Yerevanın iddialarına cavab verir

Rusiyanın “Kommersant” qəzetinin Ermənistan hökumətinə istinadla yazdığına görə martın 25-də prezident Vladimir Putin Ermənistanın baş naziri Nikol Paşinyanla telefonla danışıb.

Onların Dağlıq Qarabağda, “Rusiya sülhməramlılarının məsuliyyəti zonasında” son günlərdə yaranmış vəziyyəti müzakirə etdikləri xəbər verilir.

Bu söhbət zamanı Paşinyan Putinə deyib ki, “Rusiya hərbçilərinin Azərbaycan əsgərlərindən Fərrux və Pirlər kəndləri ərazisindən öz ilkin mövqelərinə çəkilməsini tələb etmələri çox zəruridir”.

Bu da xəbər verilib ki, Paşinyan Rusiya sülhməramlılarının hərəkətlərinin araşdırlımasına çağırıb.

Putin və Paşinyan Dağlıq Qarabağda yaranmış böhranın çözülməsi üçün səy göstərmək barədə razılığa gəliblər.

Putin və Paşinyan arasında telefon söhbətinin olacağını martın 25-də Kremlin sözçüsü Dmitri Peskov da bildirmişdi.

Azərbaycan qüvvələri ilə toqquşmalarda üç erməni əsgərin öldüyü və daha bir neçə nəfərin yaralandığı xəbər verilir.

Erməni tərəfi Azərbaycanı bölgədə atəşkəsi təmin edən üçtərəfli bəyanatın şərtlərini pozmaqda ittiham edir.

Qarabağdan yenidən atəş səsləri: erməni tərəfi itkilər olduğunu deyir
Gözlə

No media source currently available

0:00 0:01:15 0:00

Ölənlər kimdir?

Bu da xəbər verilir ki, Qarabağdakı separatçılar əvvəcə iki əsgərin öldüyünü bildirsələr də, daha sonra ölənlərin 3, yaralıların isə 14 nəfər olduğunu deyiblər.

AzadlıqRadiosunun Erməni xidməti - Azatutyun Qarabağdakı separatçı rejimə istinadən Azərbaycan tərəfinin Bayraktar TB2 dronları ilə hücumu nəticəsində 3 erməni hərbi qulluqçunun həlak olduğunu bildirir.

Onların “Ermənistanın Dağlıq Qarabağın müdafiəsi üçün müqaviləli əsgərləri” olduqları qeyd olunur:

Bunlar 1978-cü il doğumlu David Mirzoyan, 1994-ci il doğumlu İşxan Ohanyan və 1990-cı il doğumlu Ararat Tevosyandır.

İqtidar deputatı sülhməramlılardan cavab gözləyir

Ermənistan bildirir ki, Dağlıq Qarabağda baş vermiş son eskalasiya barədə Rusiya sülhməramlılarından “aydın cavablar” gözləyir.

Ermənistan Milli Məclisində hakim “Vətəndaş müqaviləsi” fraksiyasının üzvü və parlamentin xarici əlaqələr komitəsinin sədri Eduard Ağacanyan deyib ki, Azərbaycanın irəliləyən hərbi qüvvələri Rusiya sülhməramlılarından arxa tərəfə keçiblər.

Ağacanyan deyib ki, Azərbaycan qüvvələrinin martın 24-25-də Dağlıq Qarabağın şərqində nəzarətə götürdükləri ərazilər Rusiya sülhməramlı kontingentinin məsuliyyəti zonasına düşür:

“Faktiki olaraq bu irəliləmə nəticəsində Azərbaycan silahlı qüvvələri Rusiya sülhməramlılarından arxaya keçiblər. 9 noyabr üçtərəfli bəyanatına görə bu ərazi Rusiya sülhməramlılarının nəzarətindədir. Buna görə də biz rusiyalı partnyorlardan bunun hansı şəraitdə, necə baş verdiyinə dair dəqiq cavablar gözləyirik. Biz gözləyirik ki, bu problem ən qısa müddətdə aradan qalxacaq və Azərbaycan silahlı qüvvələri hərəkətə başladığı ilkin mövqelərinə qayıdacaq. Hazırda Fərrux kəndi Azərbaycan sialhlı qüvvələrinin arxasında qalıb. Bu irəliləmə nəticəsində Azərbaycan silahlı qüvvələri bildiyimə görə bir sıra mövqeləri tutublar. Söhbət Qaraqluxdan gedir”.

Erməni kəndlilər: 'Azərbaycan əsgərləri 1 kilometr ərazimizə girib'
Gözlə

No media source currently available

0:00 0:04:24 0:00

Deputat iddia edib ki, Azərbaycan tərəfi Dağlıq Qarabağdakı toqquşmalarda Bayraktar TB2 də daxil döyüş dronlarından istifadə edib:

“Söhbət konkret eskalasiya prosesindən gedir və buna görə də bizim ilkin suallarımız rusiyalı partnyorlarımıza ünvanlanıb, çünki Rusiya sülhməramlılarının məsuliyyəti zonasında belə halların baş verməsi istisna olunmalı idi”.

Silahlı separatçılar martın 25-də vəziyyətin gərgin olaraq qaldığını deyiblər.

Azərbaycanın Xarici İşlər Nazirliyi martın 25-də Ermənistanı “beynəlxalq birliyi çaşdırmaqda” ittiham edib.

Nazilrik Erməni tərəfinin yaydığı məlumatı “dezinformasiya” adlandırıb.

Sülhməramlılar hardadırlar?

Dağlıq Qarabağdakı separatçı rejim Rusiya sülhməramlılarının Azərbaycan qüvvələrinin geri çəkilməsinə nail ola bilmədiyini bildirir.

Separatçılar əlavə ediblər ki, onlar Rusiya tərəfinin qətiyyətli hərəkət edəcəyinə və Azərbaycan silahlı qüvvələrinin geri çəkilməsinə, sakinlərin evlərinə qayıtmasına nail olacağına ümid edirlər.

Digər tərəfdən AzadlıqRadiosunun Erməni xidməti Qarabağdakı separatçı rejimə istinadən bildirib ki, hazırda Fərrux və ermənilərin Xramort adlandırdıqları Pirlər kəndi istiqamətində vəziyyətə Rusiya sülhməramlıları nəzarət edirlər.

Xocalı rayonunda ermənilərin Xramort adlandırdıqları Pirlər kəndi
Xocalı rayonunda ermənilərin Xramort adlandırdıqları Pirlər kəndi

Qaraqlux yüksəkliyi

Qarabağ separatçılarının keçmiş müdafiə naziri kimi təqdim olunan Samvel Babayan Azatutyuna deyib ki, erməni tərəfi Qaraqlux yüksəkliyinin qaytarılmasını Rusiyadan tələb etməldir:

“Çünki biz məhz Rusiyanın təklifi ilə möqveyimizi oradan çıxarmışıq”.

Babayan deyib ki, onda olan məlumata görə bir həftə əvvəl Xocalı rayonunun kəndlərində gərginlik artanda Rusiya sülhməramlıları bu sahədən həm erməni, həm də azərbaycanlıların mövqelərinin yığışdırılmasını təklif ediblər.

Babayanın sözlərinə görə, sülhməramlıların təklifini yalnız ermənilər icra ediblər, Azərbaycan silahlı qüvvələri isə sülhməramlıların heç bir müqaviməti ilə üzləşmədən bu sahəyə yerləşiblər.

Azatutyunun yazdığına görə bu arada Qarabağ separatçılarının lideri Arayik Arutyunyan deyib ki, Azərbaycan tərəfinin hərbi fəallığının artması Ukraynadakı müharibə ilə bağlıdır:

“Rusiya-Ukrayna münaqişəsinin fonunda Azərbaycan tərəfinin Qarabağda müxtəlif təxribatlara əl atmaq üçün fürsətlənəcəyi gözlənilən idi”.

Sergey Şoyqu Zakir Həsənova zəng vurub

Martın 25-də Rusiya Müdafiə naziri Sergey Şoyqu ilə Azərbaycan Müdafiə naziri Zakir Həsənov arasında telefon danışığı olub.

Azərbaycan Müdafiə Nazirliyinin məlumatına görə, telefon danışığı S.Şoyqunun təşəbbüsü ilə gerçəkləşib: "Tərəflər Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərindəki mövcud vəziyyəti, həmçinin regional təhlükəsizlik və qarşılıqlı maraq doğuran bir sıra digər məsələləri müzakirə ediblər".

Rusiya müdafiə nazirinin bir gün əvvəl Ermənistandan olan həmkarı ilə də telefonla danışdığı açıqlanmışdı.

Qarabağda qaz niyə kəsilib? Bakı və Yerevandan fərqli izahlar
Gözlə

No media source currently available

0:00 0:01:35 0:00

ABŞ Dövlət katibinin köməkçisindən Bakı və Yerevana zəng

ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Karen Donfrid Ermənistanın Xarici İşlər naziri Ararat Mirzoyan və Azərbaycan XİN başçısı Ceyhun Bayramovla telefonla danışıb. .

AzadlıqRadiosunun erməni xidməti tərəflərin regional təhlükəsizlik məsələlərini müzakirə etdiyini xəbər verir.

Ermənistan Xarici İşlər Nazirliyinin məlumatına görə, Mirzoyan Azərbaycanın Dağlıq Qarabağda təmas xəttini pozması və Fərrux kəndinə "müdaxiləsi" nəticəsində yaranmış vəziyyəti təsvir edib. O, Azərbaycanın üçtərəfli bəyanatlarda əks olunmuş öhdəliklərini kobudcasına pozduğunu deyib.

Tərəflərin Ermənistanla Türkiyə arasında dialoq prosesinə də toxunduğu vurğulanır.

ABŞ tərəfinin yaydığı xəbərdə isə Qarabağa qaz təchizatının kəsilməsi və Azərbaycan qüvvələrinin irəliləməsindən dərin narahatlıq bildirilir.

"Ermənistan və Azərbaycan vəziyyətin təcili de-eskalasiyası üçün birbaşa əlaqə kanallarından istifadə etməlidirlər", – Twitter-də yerləşdirilmiş məlumatda deyilir.

XİN-dən Ermənistana cavab: "İsteriyaya əsas yoxdur"

"Ermənistan Xarici İşlər Nazirliyi tərəfindən 24 mart tarixində guya bölgədə vəziyyətin gərginləşməsi ilə bağlı Azərbaycana qarşı ittihamları əks etdirən bəyanatı bu ölkənin növbəti dəfə beynəlxalq ictimaiyyəti yanlış istiqamətə yönəltmək cəhdidir". Bu fikir martın 25-də Azərbaycan Xarici İşlər Nazirliyinin açıqlamasında yer alır.

Qurumdan qeyd olunub ki, Azərbaycan Müdafiə Nazirliyi tərəfindən məlumat verildiyi kimi, bölgədə mövqelərin və dislokasiya yerlərinin dəqiqləşdirilməsi aparılır, hər hansı isteriyaya əsas yoxdur: "Ermənistan tərəfi isə məsələni süni şəkildə şişirdərək dezinformasiya ilə məşğuldur".

XİN-dən vurğulanıb ki, bölgədə bir neçə gün ərzində ağır hava şəraiti ilə əlaqədar qaz xətlərində yaranan texniki problemlərə gəldikdə isə, Ermənistanın vəziyyətdən siyasi manipulyasiya aləti kimi istifadə etmək niyyəti göz qarşısındadır.

Nazirlikdən bildirilib ki, hazırda bölgədə sülh və sabitliyin təmin edilməsinin yeganə yolu imzalanmış birgə bəyanatların müddəalarının tam icrası, o cümlədən erməni qanunsuz birləşmələrinin bölgədən tam çıxarılması və beynəlxalq hüquq prinsipləri əsasında münasibətlərin normallaşmasından ibarətdir.

MN: "Dislokasiya yerlərinin dəqiqləşdirilməsi aparılır"

Azərbaycan Müdafiə Nazirliyi bugün, martın 24-də axşam saatlarında Qarabağdakı vəziyyətlə bağlı açıqlama yayıb:

“Erməni mənbələri tərəfindən Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan əraziləri boyunca guya vəziyyətin gərginləşdiyi barədə verilən xəbərlər həqiqəti əks etdirmir”.

Nazirliyin bildirməsinə görə, məntəqədə mövqelərin və dislokasiya yerlərinin dəqiqləşdirilməsi aparılır, hər hansı toqquşma, insident baş verməyib:

“Erməni mənbələri tərəfindən süni şəkildə vəziyyət şişirdilir. Məqsəd qəsdən isterikaya səbəb ola biləcək ab-hava yaratmaq, ictimaiyyəti çaşdırmaq və yanlış istiqamətə yönəltməkdən ibarətdir. Narahatlıq və təşviş üçün heç bir əsas yoxdur.”

Nazirlik sonda qeyd edir ki, Azərbaycan ordusunun bölmələri əməliyyat şəraitinə tam nəzarət edir.

Fərrux və Pirlər kəndləri

Bundan əvvəl erməni tərəfi Qarabağda Xocalı rayonunun Pirlər kəndində vəziyyətin gərgin olduğunu bildirmişdi.

AzadlıqRadiosunun Erməni xidməti – Azatutyun yazırdı ki, bu barədə məlumatı kənd icmasının başçısı Zorik Abraamyan verib:

“Söhbətlərinizlə başımı qatmayın. Mən bu saat adamlarla bağlı vacib hərəkətlər etməliyəm. Bu saat vəziyyət çox ciddidir. Mən işləməliyəm. Mənə mane olmayın. İndi həyati məsələ həll olunur”.

Aztutyun bildirirdi ki, Abraamyan başqa suallara cavab verməkdən imtina edib.

Azatutyun Qarabağdakı separatçı qüvvələrə istinadən yazırdı ki, Azərbaycan silahlı qüvvələri Xocalı rayonun Fərrux kəndi istiqamətində “təmas xəttini” pozub.

Bu da xəbər verilirdi ki, Pirlər kəndinin erməni əhalisindən qadınlar və uşaqlar təxliyə edilir.

Separatçılar bildirirdilər ki, Qarabağdakı Rusiya sülhməramlıları ilə birlikdə Azərbaycan tərəfi ilə danışıqlara çalışırlar. Qeyd edilənlərə görə, habelə Azərbaycan tərəfinin bura hərbi texnika gətirməsindən narahat olublar.

Onların sözlərinə görə, Rusiya sülhməramlıları kənddə post qurduqdan sonra ciddi insident olmayıb.

Bakının Qarabağdakı ordunun çıxarılması tələbinə Yerevandan izah
Gözlə

No media source currently available

0:00 0:02:34 0:00

Xatırlama

2020-ci ildə İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.

Həmin ilin 10 noyabr bəyanatına (Azərbaycan, Ermənistan və Rusiya arasında imzalanıb) əsasən, döyüşlər dayandırılıb, Laçın dəhlizində (Azərbaycanın Laçın rayonu Ermənistanla sərhəddir) və Qarabağda Rusiya sülhməramlılarının yerləşdiyi açıqlanıb.

Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsinin tanınmayan qurumun və Rusiya sülhməramlılarının nəzarətində qaldığı bildirilir.

Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. Daha sonra Ermənistan və Azərbaycan arasında silahlı toqquşmalar baş verib.

1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

XS
SM
MD
LG