ABŞ prezidenti Co Bayden ölkəsinin strateji neft ehtiyatı anbarından günə 1 milyon barrel neft buraxılmasına sərəncam verib.
Bu sərəncamdan məqsəd ABŞ istehlakçıları üçün enerji qiymətlərinin nəzarətdə saxlanmasıdır.
Birləşmiş Ştatlarda və ona müttəfiq ölkələrdə enerji Rusiyanın Ukraynaya hücumuna görə Moskva üzərinə qoyulmuş sanksiyalarla bağlı bahalaşıb.
Bayden bundan əvvəl də enerji qiymətlərinin sabit saxlanması üçün ölkənin strateji neft anbarından daha kiçik həcmlərdə neftin buraxılmasına göstəriş vermişdi.
Bayden bu barədə deyib:
“Məsələnin məğzi bundan ibarətdir ki, biz əgər daha ucuz benzin istəyiriksə, deməli daha çox neft təchizatına ehtiyacımız var. İndi dünya üçün ağır nəticələr və təhlükə, Amerika ailələri üçün benzin qiymətlərinin ağırlığı anıdır”.
Ağ Ev bildirib ki, ABŞ-ın neft anbarlarından buraxılan neft həcminə görə “misilsizdir”.
"Tarixi həcmlər"
Bəyanatda deyilir ki, “tarixi həcmlərdə” neftin buraxılması ilin axırında neftin yerli hasilatı artanadək sabitlik yaratmalıdır.
Bayden martın 31-də Ağ Evdə keçirdiyi brifinqdə Putinin müharibə haqqında həqiqi məlumata malik olub-olmaması barədə suala cavab olaraq deyib ki, onun fikrincə, Rusiya prezidenti Vladimir Putin özünü tamamilə təcrid edib və belə görünür bir sıra müşavirlərini “ev məhbusu” edib və ya vəzifədən kənarlaşdırıb.
ABŞ prezidenti əlavə edib ki, bu informasiyaların həqiqiliyi barədə qəti nəsə demək olmur.
Rusiya əsgərləri ruh düşkünlüyündə
Ağ Evin kommunikasiyalar direktoru Keyt Bedinqfild martın 30-da demişdi ki, müşavirləri Putinə müharibənin gedişi və sanksiyaların ölkə iqtisadiyyatına təsirinin miqyasları barədə əsl həqiqəti demirlər.
Martın 31-də Britaniya kəşfiyyatının rəhbəri Ceremi Fleminq deyib ki, Ukraynada ruh düşkünlüyü keçirən Rusiya əsgərləri əmrlərə tabe olmaqdan imtina edir, silah və texnikanı sıradan çıxarırlar.
Fleminq bunu da deyib ki, Rusiya hərbçiləri səhvən öz təyyarələrini vurublar.
Britanitya kəşfiyaytının rəhbəri bildirib ki, Putin bu müdaxilədə “böyük yanlışlara” yol verib.
ABŞ prezidenti Co Bayden isə deyib ki, o Moskvanın Ukraynanın bəzi yerlərində hücumlarını səngidəcəyinə dair vədinə “skeptik” yanaşır.
Putin Avropaya qazın yalnız rubla satılması barədə fərman imzaladı
Rusiya prezidenti Vladimir Putin bəzi ölkələri Rusiya qazını rublla almaq üçün xüsusi hesablar açmağa məcbur etmək məqsədi güdən fərman imzalayıb.
Putin fərmanı imzaladıqdan sonra deyib ki, aprelin 1-dən Rusiyanın “qeyri-dost” hesab etdiyi ölkələr xüsusi “K-hesablar” açmalı və Rusiya qazı üçün ödənişləri bu hesaba etməlidirlər.
Onun sözlərinə görə ödənilmiş valyuta bu hesablarda Rusiya rubluna konvertasiya olunacaq.
Putin habelə deyib ki, bu ödəniş sistemindən imtina edən ölkələr müqavilə qaydalarını pozmuş olacaqlar.
Avropa liderləri Rusiya qazı üçün rubl ödəməkdən imtina ediblər. Onlar bildirirlər ki, bu, Rusiyaya qarşı sanksiyalara xələl gətirə bilər.
Putinin “zəmanəti” və “şantajı”
Almaniya kansleri Olaf Şolts deyib ki, mövcud müqavilələrə uyğun olaraq Rusiya qazı üçün ödənişlər əsasən avro, bəzi hallarda isə dollarla edilir.
O martın 30-da Putinlə telefon söhbətində ödənişin bu qaydada davam etdiriləcəyini deyib.
O bildirib ki, Berlik Putinin fərmanını bir daha nəzərdən keçirəcək.
Almaniyanın iqtisadiyyat naziri Robert Habek deyib ki, mövcud kontraktlara hörmət göstərilməsi “mütləqdir” və Avropa ölkələri “Putinin şantajına” boyun əyməyəcəklər.
Təhlil lazımdır
İtaliyanın baş naziri Mario Dragi deyib ki, Putin ona Avropanın qaz üçün rubl ödəməli olmayacağına dair zəmanət verib.
Dragi bildirib ki, Putinin bu fərmanı təhlil tələb edir:
“Mənim lap əvvəldən başa düşdüyümə görə valyuta ödənişləri sistemini mövcud müqavilələri pozmadan dəyişmək sadə olmayacaq”.
Britaniya da bildirib ki, Rusiya qazı üçün rubl ödəməyəcək.
Rusiyaya Ukraynaya səbəbsiz və əsassız hücumuna görə qoyulmuş sanksiyalar maliyyə sistemini və beləliklə də Rusiya rublunu hədəfləyir.
Təhlilçilər bildirirlər ki, Putin bu fərmanla sanksiyalardan yayınmaq və rublu xilas etmək məqsədi güdür.
ABŞ Rusiyadan bütün növ enerjinin idxalını tam qadağan edib.