Keçid linkləri

2024, 07 Noyabr, Cümə axşamı, Bakı vaxtı 23:39

Ekspert: Putin Finlandiya və İsveçi NATO yolundan döndərə bilməz


Finlandiyanın və İsveçin baş nazirləri Sanna Marin (sağda) və Maqdalena Anderson
Finlandiyanın və İsveçin baş nazirləri Sanna Marin (sağda) və Maqdalena Anderson

Ekspertin sözlərinə görə, bundan sonra Vladimir Putin rejimi ilə həmsərhəd olan istənilən dövlət öz təhlükəsizliyinin qeydinə qalmalı olacaq

Finlandiyanın baş naziri Sanna Marin aprelin 13-də deyib ki, onun ölkəsi “NATO-ya üzvlük qərarına doğru hərəkət edir” və Rusiyanın Ukraynaya müdaxiləsinə görə bu hadisə “yaxın həftələrdə” baş verə bilər:

"Düşünürəm ki, bu, xeyli tez baş verəcək. Aylar yox, həftələr ərzində baş verəcək”.

Marinin isveçli həmkarı Maqdalena Anderson da bildirib ki, Rusiyanın Ukraynada apardığı müharibənin yaratdığı hazırkı təhlükəsizlik situasiyası İsveçin NATO üzvlüyünə münasibətini dəyişib.

Anderson da bildirib ki, NATO üzvlüyünə müraciət tez bir zamanda ediləcək.

Ekspertlər bildirirlər ki, İsveç və Finlandiyanın NATO-ya qoşulması Avropanın təhlükəsizlik landşaftında “tektonik dəyişiklik” yaradacaq.

İsveç və Finlandiya Rusiyanın Ukrayanaya qarşı açıq təcavüzünə qədər qəti şəkildə neytral ölkələr olaraq qalırdılar. Hərçənd bu ölkələr də NATO-nun birgə təlimlərində iştirak edirdilər.

Marin mətbuat konfransında deyib:

“Rusiyanın Ukraynaya müdaxiləsi ilə Avropa təhlükəsizlik arxitekturası fundamental şəkildə dəyişib”.

Rusiyanın davranışı həmişə belə olub

Svenska Dagbladet qəzeti və İsveçin başqa mediaları yazırlar ki, Anderson və onun siyasi müttəfiqləri NATO-nun iyunda keçiriləcək sammitində alyansa qoşulmaq üçün müraciət edəcəklər.

Rusiya ilə 1340 kilometrlik sərhədi olan Finlandiyada millət vəkilləri bu həftə hökumətin NATO üzvlüyü ilə bağlı hesabatının rəsmi müzakirəsinə başlayacaqlar.

Finlandiyanın keçmiş baş naziri Aleksander Stabb deyib ki, onun ölkəsinin NATO-ya üzvlük ərizəsi verməsi “artıq həll olunmuş məsələdir”.

Ekspertlər bildirirlər ki, Rusiyanın hətta Ukraynaya müdaxilədən əvvəlki davranışı da Finlandiyada ictimai rəyi NATO üzvlüyünə doğru dəyişməyə başlamışdı.

NATO rəsmiləri bildirirlər ki, Finlandiya və İsveçin ərizələrinə dörd ay ərzində baxıla bilər.

“Qazaxıstan da qorxuya düşüb”

Rusiyalı politoloq Dmitri Oreşkin Current Time telekanalına bildirib ki, bu, Moskva üçün pis xəbərdir və onun hiddətini başa düşmək olar.

Amma ekspertin fikrincə bu, artıq heç nəyi dəyişmir:

“Bu, Moskva üçün ona görə pis xəbərdir ki, Vladimir Vladimiroviç Putin bütün bu Ukrayna əhvalatına NATO-nu 1997-ci ilin sərhədlərinə qaytarmaq düşüncəsi ilə başlamışdı və bu mənada istədiyinin tam əksini əldə etdi. Neytral Finlandiya, neytral İsveç Ukraynada baş verənləri nəzərə alaraq özlərinin təhlükəsizlik problemlərinin qeydinə qalıblar”.

Ekspertin sözlərinə görə, bundan sonra Vladimir Putin rejimi ilə həmsərhəd olan istənilən dövlət öz təhlükəsizliyinin qeydinə qalmalı olacaq:

“Məncə, məsələn Qazaxıstanda da bu barədə çox ciddi düşünürlər: Görəsən Vladimir Vladimiroviç Putinin ağlına Qazaxıstanın şimalındakı rusdilli əhalini müdafiə etmək gəlməz ki?”

“Putin adi bir sovet adamı və çekist kimi...”

Dmitri Oreşkin əlavə edib ki, bu prosesi dayandırmaq üçün Moskvanın əlində heç bir real imkan yoxdur:

“Ən maraqlısı budur ki, bu prosesi dayandırmaq, ləngitmək üçün Kremlin əlində heç bir resurs yoxdur. Gözlənildiyi kimi Putinin - sosial, texnoloji, mədəni baxımdan Rusiyadan üstün olan Qərblə qarşıdurmadakı yüksək pafosu tam əks nəticələr verir”.

Oreşkinin fikrincə, əslində indi hətta Gürcüstan, Ukrayna, Moldovanın da NATO-ya üzvlüyü tamamilə real ola bilərdi, amma bu üzvlüyə, indi Rusiya faktoru yox, bu ölkələrin inkişaf, buradakı münaqişələr baxımından alyansın standartlarından geri qalması mane olur.

Ekspertin firkincə Putin “adi bir sovet adamı və çekist” kimi düşünür ki, dünya keçmiş Sovet İttifaqının varisi olan Rusiya ilə Qərbin qarşıdurma zonasıdır:

“Bu Putin üçün aşkar geostrateji məğlubiyyətdir. Amma əslində bu, həm də dünyadakı geostrateji planların təbii inkişafı və təkamülü prosesidir. Adamlar Qərb standartları ilə yaşamaq, bu standartları çürüyən və primitvləşən və Putinin səhvən Rus dünyası adlandırdığı aləmdən qorumaq istəyirlər”.

XS
SM
MD
LG