Azərbaycanda yerli vaksinin hazırlanması ilə bağlı işlər görülür. Bunu bu yaxınlarda Səhiyyə naziri Teymur Musayev bildirib. Onun sözlərinə görə, söhbət sırf "SARS CoV-2" virusu əleyhinə vaksindən getmir. Nazir habelə qeyd edib ki, vaksin istehsalı strateji məsələdir: "Yəqin ki, bu istiqamətdə aparılan işlər nəticəsində Azərbaycanda mümkün pandemik çağırışlara çox çevik və effektiv cavab olaraq vaksin istehsalı təmin edilə bilər".
Səhiyyə Nazirliyindən də "Turan"a yerli vaksin üzərində iş getdiyini təsdiqləyiblər. Amma bunun detallarını açıqlaya bilməyəcəklərini söyləyiblər: "Mümkün olanda ictimaiyyətə məsələ ilə bağlı açıqlama veriləcək".
"Gələcəkdə bütün mutasiyalara qarşı dayanıqlı ola biləcək"
Azərbaycan Milli Elmlər Akademiyasından (AMEA) isə agentliyə bildirilib ki, qurumun müxbir üzvü, professor Tərlan Məmmədov və onun rəhbərlik etdiyi komanda dünyada ilk dəfə COVID-19-un-"Omikron", "Delta" ştammları da daxil olmaqla, -bütün variantlarına qarşı effektiv qoruyuculuğu təmin edən peyvəndlər hazırlayıb: "Hazırladıqları bitki əsaslı RBD və kokteyl peyvəndlər "Omikron", "Delta" variantlarına qarşı çox effektivdir. Ümumiyyətlə, gələcəkdə ortaya çıxacaq bütün mutasiyalara qarşı dayanıqlı ola biləcək".
Adı "Qarabağ" ola bilər
Qeyd olunub ki, vaksin üzərində işlər başa çatdıqda onu "Qarabağ" adlandırmaqla bağlı plan var.
Tibb üzrə fəlsəfə doktoru Vasif İsmayıl isə AzadlıqRadiosuna bildirib ki, Azərbaycanın vaksin istehsalı ilə bağlı indiyə qədər təcrübəsi olmayıb: "Hazırda ölkədə hansı vaksinin istehsal olunduğu ilə bağlı məlumatım yoxdur, amma beynəlxalq əlaqələrə gəlincə, biz bu sahədə Türkiyə və Çinlə əməkdaşlıq edirik".
Tibb üzrə elmlər doktoru Adil Qeybulla da AzadlıqRadiosuna deyib ki, koronavirus pandemiyası ilə mübarizə işində əsas istiqamətlərdən biri profilaktikadır: "Bu da vaksin istehsalıdır. Yəni, aktiv immunizasiya prosesidir. Bu işə dəstək verən ölkələr pandemiya ilə mübarizə işinə töhfə vermiş olurlar".
"Bu üsul daha əlçatan və daha mümkün olanıdır"
Onun sözlərinə görə, Türkiyə və Qazaxıstanda da koronavirusa qarşı vaksin istehsal olunub: "Azərbaycanda da bu istiqamətdə bu işlər aparılır. Bunu ancaq alqışlamaq olar".
Lakin ekspert hesab edir ki, bir baza yaratmaq lazımdır: "Sovet dövründə bizdə Parazitologiya İnstitutu, Gigiyena və Epidemiologiya İnstitutu mövcud olub. Onların tərkibində Virusologiya şöbəsi var. Mütəxəssislər də var. Sadəcə, bu mütəxəssisləri lazımi səviyyədə yenidən yetişdirmək üçün onları kursa göndərmək, əmək haqlarını yüksəltmək tələb olunur və, əlbəttə ki, yeni texnologiya lazımdır".
A.Qeybullanın fikrincə, Azərbaycan ilk növbədə inaktivasiya olunmuş vaksini istehsal edə bilər: "Yəni, vaksinin canlı hüceyrəsinin kulturasını çoxaldılıb, sonra onu müxtəlif yollarla inaktivasiya edib vaksin hazırlamaq olar. Bu üsul daha əlçatan və daha mümkün olanıdır".
Mütəxəssis vurğulayıb ki, biotexnologiyanın ən müasir üsullarıyla hazırlanan vaksinlər üçün daha ciddi elmi-tədqiqat bazası tələb olunur: "Biz bu sahədə dünyanın inkişaf etmiş ölkələri ilə əməkdaşlıq etməliyik. Rusiya və İran kimi ölkələrlə yox, Avropa ölkələri və Türkiyə ilə əməkdaşlıq bu işin xeyrinə olardı".