Aprelin 14-də Kann kinofestivalının baş təmsilçisi Tyerri Fremo və prezidenti Pyer Leskür Parisdə 75-ci festivalın rəsmi seçimlərini elan edib.
Britaniyanın "Screen International" jurnalı yazır ki, kinosevərləri qarşıda "həyəcanlı bir yarış" gözləyir.
Yaşlı və yeni kinematoqrafçılar
Kann əhəmiyyətinə görə böyük, həcminə görə kiçik kinofestivaldır. Rəsmi seçim siyahısı çox kiçikdir. Festivalın "Tənqidçilər həftəsi" və "Rejissor qoşa həftəliyi" kimi yan tədbirləri ayrıca keçirilir. Builki tədbirə ötən cümə axşamı elan olunan 47 filmlə birlikdə ümumilikdə 50-dən çox film qatılacaq. 2021-ci ildə Kann festivalına 80 film qatılmışdı. Bu ilsə yerlərin sayı məhduddur.
Builki müsabiqə də çox həyəcanlıdır; festival iştirakçıları arasında çox yaşlı və yeni kinematoqrafçılar var. 83 yaşlı Yeji Skolimovskinin "EO" filmindən tutmuş, 30-yaşlı Lukas Dontun "Close" filminə qədər. "Close" Əli Abbasinin "Holy Spider" və Kelli Rayxardtın "Showing Up" filmləri ilə birlikdə festivalın "Xüsusi baxış" müsabiqəsində mübarizə aparacaq.
Tyerri Fremo və komandası coğrafi tələblərə xüsusi diqqət edir. Kann fransız festivalı olduğu qədər həm də beynəlxalq festivaldır. Bu mənada onun inklüzivlik və müxtəlifliyə diqqət ayırması, köhnə dostları yenidən dəvət etməsi və qırmızı xalının üzərində yaraşıqlı ulduzların görünməsi vacibdir.
Heç vaxt mükafat qazanmayanlar
Kler Deni "Stars At Noon" filmi ilə Kannda əsl fırtına yaradıb. Özü fransız olan Deni amerikalı yazıçının kitabı əsasında quruluş verdiyi bu filmi Panamada ingilis dilində çəkib. Filmdə baş rolları Co Elvin və Marqaret Kuelli canlandırır. Deni həm də festivalın köhnə dostu sayılır; onun debüt filmi olan "Chocolat" 34 il əvvəl Kann festivalında yarışırdı. Ancaq o vaxtdan bəri Deni festivala yalnız bir dəfə dəvət olunub. 10 il bundan əvvəl onun "Bastards" filmi "Xüsusi baxış" müsabiqəsinə qatılıb.
Ancaq bu il festivalda dəfələrlə iştirak etmiş, ancaq heç vaxt mükafat qazanmamış rejissorlar da gəlir: "Armageddon Time" filmi ilə Ceyms Qrey, "Nostalgia" filmi ilə Mario Martone, "Brother and Sister" filmi ilə Arno Depleşen, "Tchaikovsky's Wife" filmi ilə Kirill Serebrennikov, "Les Amandiers" filmi ilə Valeriya Bruni-Tedeski onların arasındadır.
Mükafat almağa gələn rejissorlar
Builki tədbirə artıq keçmişdə "Qızıl Palma" mükafatına layiq görülmüş, indi isə daha çox mükafat almağa gələn rejissorlar da var. Kinosevərlərə yaxşı tanış olan "Shoplifters" filminə görə mükafata layiq görülən Hirokadzu Koreeda bu dəfə festivala "Broker" filmi ilə qatılır. "The Square" filmi ilə Kannda ən yüksək mükafata layiq görülən Ruben Estlund indi "Triangle Of Sadness" filmi ilə qoşulur. Daha əvvəl "4 Months, 3 Weeks And 2 Days" filminə görə mükafatlandırılan Kristian Munciu indi yeni "RMN" filmi ilə qatılır. Dardenn qardaşları isə "Rosetta" və "L'Enfant" filmlərinə görə iki dəfə "Qızıl Palma" mükafatına layiq görülüblər; indi isə "Tori&Lokita" filmi ilə qoşulurlar.
Bu il "Decision To Leave" filmi ilə müsabiqəyə qoşulan Pak Çhan-uk "Qızıl Palma" mükafatı almasa da, "Oldboy" filminə görə münsiflərin Qran-prisini qazanıb. 1996-cı ildə "Crash" filmi ilə yadda qalan Devid Kronenberq isə "Crimes Of The Future" filmi ilə qayıdır.
İranlı Səid Rustayi ("Leila's Brothers") və isveçli Tarik Saleh ("Boy From Heaven") isə, hələlik, auditoriyaya tanış deyil.
Hollivud
Builki festivalda Hollivud daha böyük heyətlə təmsil olunacaq. Ötən il də Kanna Amerika kinosunun nüfuzlu simaları gəlmişdi. Ancaq onlar, əsasən, müstəqil kinematoqrafçılar idi: Ues Anderson, Şon Penn və Todd Heyns.
Bu il kinoteatrlara qayıdışın başlanması ilə əlaqədar, Hollivudun böyük studiyaları öz məhsullarını təqdim etməkdə və tanıtmaqda maraqlıdırlar. Bu il Kannda nümayiş etdiriləcək Hollivud filmləri arasında "Paramount Pictures"in "Top Gun: Maverick" filmi də var. Filmdə baş rolları Tom Kruz, Cennifer Konnelli və digərləri canlandırır. "Warner Bros" studiyasının məhsulu olan "Elvis" (Baz Lurman) filmində isə Tom Henks və Ostin Batler kimi aktyorlar rol alıb. Corc Millerin "Three Thousand Years Of Longing" filmində isə İdris Elba və Tilda Suinton çəkiliblər.