Keçid linkləri

2024, 08 Noyabr, Cümə, Bakı vaxtı 12:42

Məhkəmə Bəxtiyar Hacıyevin şikayətinə baxmaqdan imtina etdi


Bəxtiyar Hacıyev
Bəxtiyar Hacıyev

İctimai fəal Bəxtiyar Hacıyevin Baş Prokurorluq və Səbail rayon Prokurorluğuna qarşı şikayətinə məhkəmə baxmaqdan imtina edib. Səbail rayon Məhkəməsi ictimai fəalın şikayətinin baxılmadan geri qaytarılması haqda aprelin 25-də qərar çıxarıb.

Hacıyev məhkəməyə ərizəsində göstərib ki, o, polisin hərəkətlərindən prokurorluğa şikayət etsə də, şikayətləri araşdırılmayıb, lazımi qərarlar çıxarılmayıb, təqsiri olanlar cəzalandırılmayıb. Hakim qərarında yazıb ki, Hacıyev məhkəməyə ərizəsinə prokurorluğa şikayət göndərməsi, həmin şikayətin qeydə alınması, baxılması və s. haqda sübut əlavə etməyib. Hakim Günel Səmədova şikayətin geri qaytarılması haqda qərarı da bununla əsaslandırıb.

İctimai fəal Baş Prokurorluq və Səbail rayon Prokurorluğu ilə yanaşı, Xətai rayon Prokurorluğunu da məhkəməyə verib. Ərazi aidiyyəti üzrə Xətai rayon Prokurorluğuna qarşı iddianı bu rayonun məhkəməsinə təqdim edib.

Bəxtiyar Hacıyev prokurorluğu məhkəməyə verdi

İctimai fəal Bəxtiyar Hacıyev Baş Prokurorluq, Səbail Rayon Prokurorluğu və Xətai Rayon Prokurorluğunu məhkəməyə verib.

Hacıyev prokurorluq orqanlarının onun polis əməkdaşlarının hərəkətlərindən verdiyi şikayətləri araşdırmadığını iddia edir.

O, aprelin 18-də ərazi aidiyyəti üzrə həm Xətai, həm də Səbail rayon məhkəmələrinə şikayətlərini göndərib.

İctimai fəal deyir ki, martın 9-da Daxili İşlər Nazirliyinin önündə etiraz aksiyası keçirərkən polislər tərəfindən hücuma məruz qalması, avtomobilinin şüşələrinin sındırılması, daha sonra Bakı şəhər Baş Polis İdarəsinə aparılaraq, orada pis rəftara məruz qalmasından martın 10-da prokurorluğa şikayət edib. Üstündən 40 gün keçməsinə baxmayaraq, şikayətlərilə bağlı araşdırma aparılıb, uyğun qərar çıxarılmayıb:

“Hələ də rəsmi cavab almamışam. Həm Səbail Rayon Prokurorluğundan, həm də Xətai Rayon Prokurorluğundan şifahi şəkildə bildiriblər ki, şikayətlərimin araşdırılması üçün Bakı Şəhər Baş Polis İdarəsinə göndəriblər. Mən bu idarənin rəisi, rəis müavini və əməkdaşlarının qanunsuz hərəkətlərindən şikayətçi olduğum halda, şikayətimin oraya göndərilməsini heç cür anlamaq olmur. Məntiq hardadır?”

Prokurorluqdan cavab

Qanun bu cür şikayətlərin araşdırılması üçün uzağı 1 aylıq müddət müəyyənləşdirib. Cinayət Prosessual Məcəlləsinin 207-ci maddəsində yazılıb ki, əgər ekspert rəyinin alınması zərurəti varsa, bu halda, maksimum 30 gün ərzində ilkin yoxlama aparılıb başa çatdırılmalıdır.

Yoxlamanın nəticəsindən asılı olaraq, cinayət işinin başlanması, yaxud da cinayət işi başlanmasının rədd edilməsi haqda qərar qəbul edilə bilər.

İctimai fəal vurğulayıb ki, prokurorluq qanunun bu tələbinə əməl etmir.

Xətai Rayon Prokurorluğundan AzadlıqRadiosuna bildirilib ki, bütün şikayətlər üzrə qanunun tələbinə uyğun şəkildə araşdırmalar aparılır:

“O cümlədən bu şəxsin şikayətinin nəticəsi haqda da qanuna müvafiq şəkildə araşdırma aparılır və özünə məlumat veriləcək”.

Hadisə necə baş verib

Bir bloger tərəfindən təhdid olunduğunu, sosial mediada adından saxta yazışmalar yayıldığını deyən Hacıyev martın 9-da Daxili İşlər Nazirliyinin qarşısında aksiya keçirib və şikayətlərinin araşdırılmamasına etiraz edib.

O, avtomobilinin şüşələrinə daxili işlər nazirinə xitabən “Vilayət Eyvazov, cinayətkarları himayə etməyin!” şüarı yazılmış plakatlar yapışdıraraq, nazirliyin qarşısına gəlib və canlı yayımla orada baş verənləri ictimailəşdirib.

Görüntülərdə polis əməkdaşları avtomobilin şüşələrini sındırıb, maşının qapısını açır və Hacıyevi zorla maşından düşürür.

İctimai fəal deyir ki, oradan onu Bakı Şəhər Baş Polis İdarəsinə aparıblar. Onun sözlərinə görə, axşama qədər orada fiziki təzyiqlərə məruz qalıb, təhqir olunub, hədələnib.

DİN təkzib edir

Daxili İşlər Nazirliyi isə Hacıyevin pis rəftara məruz qalması haqda dediklərini təkzib edib. Nazirliyin mətbuat xidmətindən bildirilib ki, DİN-in qarşısına gələndə polis əməkdaşları yaxınlaşıb, həmin yerdə dayanma-durmanın qadağan edildiyini bildiriblər.

Bu zaman Hacıyev maşındakı yanar mayeni göstərərək, özünü və avtomobilini yandırmaqla hədələyib. Bu səbəbdən polis əməkdaşları hadisənin qarşısını almaqdan ötrü məcburiyyət qarşısında müdaxilə edib - qapını açıb yanacağı maşından götürüblər:

“Bəxtiyar Hacıyev özü isə etirazının səbəbinin araşdırılması məqsədilə müvafiq polis idarəsinə aparılıb”.

Harvard Universiteti məzunu olan Hacıyev 2011-ci ilin martında həbs edilmişdi. Ona hərbi xidmətdən yayınma ittihamı ilə 2 il müddətinə azadlıqdan məhrumetmə cəzası verilmişdi.

Hacıyev 2012-ci ildə Ali Məhkəmənin qərarı ilə vaxtından əvvəl şərti azadlığa çıxıb. O, son illər hökumətin və hüquq-mühafizə orqanlarının fəaliyyəti ilə bağlı sərt tənqidləri ilə seçilir.

XS
SM
MD
LG