Ukraynanın xarici işlər naziri Dmitro Kuleba Davosda etdiyi çıxışında Qərbi mövqeyini qəti müəyyənləşdirməyə çağırıb: “Ukraynaya ona qarşı bu tammiqyaslı müharibədən sağ çıxması üçün kömək edirlər, yoxsa işğalçı ölkə üzərində qələbə çalması üçün?”
Onun sözlərinə görə cavab ikincidirsə, bu halda Rusiyanın ixracatını “öldürmək” lazımdır:
“Qərb bu ideyanı qəbul etməlidir ki, müharibənin nəticəsi Ukraynanın qələbəsi olmalıdır. Hətta ən yaxşı dostlarımız da bizə kömək edə-edə, tərəddüd keçirirlər: Bu köməyin nəticəsi nə olacaq? Ukrayna məğlub olmasın, yoxsa Rusiya dayandırılsın. Ukrayna qalib gəlməlidir”.
Kuleba deyib ki, “hazırda işğalçıların büdcəsi enerji daşıyıcılarının çox yüksək qiymətlərinə görə mənfəətdədir, onların lideri isə maliyyə təhlükəsizlyi və dövlətinin sabitliyi məsələsində özünü çox arxayın hiss edir”.
Ukrayna xarici işlər naziri Qərbin belə yanaşmasından, Rusiyanın hərb maşınına neft və qaz üçün valyuta verməsindən, Ukraynaya bu müharibədə qələbə üçün Amerika istehsalı Reaktiv Yaylım Atəş Sistemi verib-verməmək müzakirəsi açmaq yanaşmasından narazılıq ifadə edib.
Bu müzakirədə iştirak edən prezident Volodimir Zelenski “Ukraynaya bu müharibədə Qərbdən nə lazımdır” sualının cavabında deyib:
"Qərbin Rusiyadan qat-qat güclü olmasına inam və birlik. Bizim Ukraynada gücümüz adamların birliyindədir. Bu, müharibənin əvvəllərində bizim ən güclü silahımız idi. Amma biz bunu indi hiss etmirik”.
İtaliya və Macarıstanın ixtilafçı mövqeyi
Bu arada Reuters yazır ki, İtaliya və Macarıstan Avropa İttifaqını Ukraynada atəşkəsə və Rusiya ilə sülh danışıqlarına çağırırblar.
Bu, Rusiyaya qarşı barışmaz mövqe tutan Aİ ölkələrinin mövqeyindən kəskin fərqlənir.
Reuters yazır ki, Avropa İttifaqının 30-31 may sammiti üçün hələ mayın 19-da hazırlanmış bəyanatda “Ukraynaya Rusiyanın təcavüzünə qarşı özünümüdafiə haqqından istifadə edə bilməsi üçün sarsılmaz dəstək” vəd olunur. Bəyanat layihəsində “sülh danışıqlarından” heç nə deyilmir.
Reuters yazır ki, Avropa İttifaqı səfirlərinin ötən həftə keçirilən iclasında İtaliya səfiri mətnin layihəsinə dəyişklik edilməsini və mətnə Aİ-nin ilkin məqsədlərindən birinin də dərhal atəşkəs olması barədə müddəanın əlavə olunmasını təklif etmişdi.
Agentlik əlavə edir ki, İtaliyanın bu təklifi Macarıstan və Kipr tərəfindən dəstəklənmişdi.
Ursula von der Leyenin qəti mövqeyi
Macarıstan Rusiya neftinə tam embarqo qoyulmasına, Kipr isə rusiyalılara vətəndaşlıq satılmasına qadağana qarşı çıxış edirlər.
Lakin Avropa Komissiyasının prezidenti Ursula von der Leyen mayın 24-də Davosda etdiyi çıxışında Rusiyaya qarşı barışmaz mövqe tutub və sülh danışıqlarından heç nə deməyib:
"Ukrayna bu müharibədə qalib gəlməlidir və Putinin təcavüzü onun strateji iflasına çevrilməlidir”.
Reuters bildirir ki, onun gördüyü son mətn layihəsində “Ukraynanın öz ərazi bütövlüyünü və suverenliyini müdafiə etməsinə Avropa İttifaqının sadiq qalması” vurğulanır.
Baltik ölkələri və Polşa Rusiyaya qarşı ən sərt mövqe tutulmasına tərəfdar ölkələr sırasındadır.
Latviya hətta bəyanat mətninə Ukraynaya hərbi yardımın artırılmasına dair müddəanın əlavə edilməsini təklif edib.
Almaniyanın tankları niyə ləngiyir?
Ukraynanın xarici işlər naziri Dmitro Kuleba Davos çıxışında deyib ki, Kiyev Berlindən Marder PDM-ləri və ideal olaraq Leopard əsas döyüş tanklarını gözləyir. Nazir deyib ki, bu gözləntidə hələ də irəliləyiş əldə etmək mümkün olmayıb.
Reuters yazır ki, Almaniya kansleri Olaf Şolts Ukraynaya silah və hərbi texnikanın göndərilməsini “uzatdığına” görə öz ölkəsində tənqidlərlə üzləşir.
Kuleba bu barədə deyib:
"O ölkələr ki, Ukraynanın ağır silahlarla təchizatını uzadırlar, bunu başa düşməlidirlər: Onların hər gün qərar qəbul etməyə, müxtəlif arqumentləri ölçüb-biçməyə, bunu edib-etməmək barədə düşünməyə sərf etdikləri vaxtda insanlar öldürülür”.
Kuleba bununla yanaşı Ukrayna qoşunlarına haubitsalardan istifadə üzrə təlimlərə görə Berlinə təşəkkürünü bildirib.
Berlin divarı uçandan bəri
Reuters yazır ki, bundan dörd həftə əvvəl Almaniya Ukraynaya antitəyyarə tanklarının göndərilməsinə razılıq vermişdi. Berlin bildirir ki, Gepard tankları Ukraynaya iyul ayında göndəriləcək.
Ukrayna rəsmiləri bunun çox gec olduğunu deyirlər. Lakin Almaniyanın tankları göndərməkdə ləngiməsinin səbəblərindən birinin də bu tanklar üçün sursat çatışmazlığının olduğu deyilir.
Gepard tankları 35 mm çaplı toplarından havaya atəş açmaqla “bulud” yaradır və hücuma gələn təyyarələrin qarşısını alırlar.
Almaniya bu tanklardan artıq uzun müddətdir istifadə etmədiyinə görə onlar üçün sursat da istehsal etməyib.
Lakin mayın 20-də Berlin bəyan edib ki, artıq lazımi sursatlar əldə olunub və tanklar göndərilə bilər.
Reuters yazır ki, Berlin Ukraynaya Gepard tankarı göndərəcəyini vəd edəndən bəri Kiyevə daha ağır silahlar göndərəcəyini bildirib.
Almaniya bildirir ki, ölkə Berlin divarı uçurulandan sonra uzun müddət ordunun gücləndirilməsinə yetərincə diqqət verməyib və çəkinmə siyasəti yürüdüb.