Keçid linkləri

2024, 08 Noyabr, Cümə, Bakı vaxtı 07:56

Ukraynada müharibə Danimarkanın da mövqeyini sərtləşdirir


Danimarka-Almaniya sərhədi
Danimarka-Almaniya sərhədi

Danimarka Avropa İttifaqının Vahid Təhlükəsizlik və Müdafiə Siyasətinə qoşulmayan yeganə ittifaq üzvüdür. Referendum bunu dəyişə bilər

Danimarkada seçicilər iyunun 1-də ölkələrinin Avropa İttifaqının müdafiə siyasətinə qoşulub-qoşulmamasına dair referendumda səs verəcəklər.

Reuters yazır ki, Rusiyanın Ukraynaya hücumu Danimarkanın 30 illik təmkinli siyasətini dəyişə bilər.

Danimarka Avropa İttifaqının Vahid Təhlükəsizlik və Müdafiə Siyasətinə qoşulmayan yeganə ittifaq üzvüdür.

Bu ölkə 1993-cü ildə Maastrixt sazişini imzalayarkən müdafiə və milli valyuta məsələsində müstəqlliyini saxlayıb.

Reuters yazır ki, əgər ənənəvi olaraq Avropa İttifaqına skeptik baxan danımarkalılar bu referndumda vahid Avropa müdafiə sisteminə qoşulmaq qərarına səs versələr, Rusiyanın Ukraynaya təcavüzündən sonra Avropada daha bir əsaslı dəyişiklik baş verəcək.

Ekspertlər danimarkalıların vahid Avropa müdafiə sisteminə səs verəcəklərini gözləyirlər.

NATO əsas alət olsa da

May ayında İsveç və Finlandiya NATO-ya üzv olmaq qərarına gəliblər. Eyni zamanda Almaniya və Danimarka hərbi xərcləri kəskin artırmaq niyyətindədirlər.

Danimarkada hakim Sosial Demokrat Partiyasının müdafiə məsələləri üzrə sözçüsü Mogens Yensen deyib:

"NATO, əlbəttə bizim ən mühüm alətimiz olaraq qalacaq, lakin Avropa İttifaqı şərq istiqamətindən müdafiəmiz üçün bizə daha bir alət verəcək”.

Danimarka NATO-nun təsisçi ölkələrindən biridir, lakin alyansın ən böyük üzvü olan ABŞ işarə edib ki, avropalılar öz müdafiələri üçün üzərlərinə daha böyük məsuliyyət götürməli olacaqlar.

Vahid Təhlükəsizlik və Müdafiə Siyasətinə üzvlük Danimarkaya Aİ-nin birgə hərbi təlimlərində, habelə Somali, Mali və Bosniya kimi əməliyyatlarda iştirak imkanı verəcək.

İlkin rəy sorğusu nəticələri

Kopenhagen Universiteti Hərbi Tədqiqatlar Mərkəzinin eksperti Kristian Sobi Kristensen Reuters agentliyinə deyib ki, danımarkalıların referendumun sualına müsbət cavab verməsi Brüssel üçün böyük uğur sayıla bilərdi.

Bu da xəbər verilir ki, Danimarka parlamentində böyük əksəriyyət Aİ daxilində istisnaların ləğvinə tərəfdardır.

Danimarkada 1993-cü il referendumu milli valyutanın saxlanması, 2015-ci il referendumu isə ədliyyə və daxili işlər nazirliklərinin Aİ-yə tabeçilikdən istisna edilməsi nəticəsi vermişdi.

İyunun 1-də keçiriləcək referendumda bu istisnalar aradan qaldırıla bilər.

İlkin rəy sorğuları göstərir ki, seçicilərin 48 faizi bu tədbirin leyhinə, 31 faizi əleyhinə səs verə bilər.

Reuters yazır ki, Aİ superordu yaratmaq məqsədi qoymayıb, lakin blok 5 min hərbçidən ibarət çevik reaksiya qüvvəsinin təşkili barədə qərar qəbul edib.

XS
SM
MD
LG