Almaniya qazdan istifadəni azaltmaq və digər enerji mənbələrinə keçmək üçün yeni fövqəladə tədbirlər tətbiq etmək niyyətindədir.
Beləki Moskvanın Ukraynaya təcavüzündən sonra Aılmaniya Rusiya qazının alışını əhəmiyyətli dərəcədə azaltmaq istəyir.
Bu barədə media Almaniyanın vitse-kansleri, İqtisadiyyat və İqlim Mühafizəsi naziri Robert Habekə istinadən məlumat yayıb.
Sənədə istinad edən DPA yazır ki, əsas elektrik enerjisi istehsalı və sənaye üçün qazdan istifadənin azaldılması nəzərdə tutulur. Prioritet kimi qışda qaza olan təlabatı ödəmək üçün anbarlarının doldurulması əsas götürülür.
Məlumatda həmçinin vurğulanır ki, hakimiyyət anbarları doldurmaq üçün Rusiyadan kənarda qaz alışına kredit kimi 15 milyard avroya qədər vəsait ayırmaq niyyətindədir.
"Deutsche Welle"-nin məlumatına görə, bundan başqa qazdan istifadəni azalda bilən sənaye istehlakçılarına kompensasiya veriləcək. Həm də elektrik enerjisi istehsalına daha çox kömürlə işləyən elektrik stansiyalarının cəlb olunacağı güman edilir.
Nazirin sözlərinə görə, hökumət ev təsərrüfatlarının qaz istehlakını məhdudlaşdırmaq üçün də tədbirlər təklif edir. Amma hələki bununla bağlı heç bir qərar verilməyib.
Bu arada kansler Olaf Scholz, Rusiyadan tədarükün daha da azaldılması halında aydın bir plan hazır olana qədər vətəndaşlara qoyula biləcək məhdudiyyətlərə qarşı çıxır.
Son günlər “Qazprom” “Şimal axını” boru kəməri ilə Almaniyaya qaz tədarükünü əhəmiyyətli dərəcədə azaldıb. O, bunu “Siemens” qaz turbinlərinin təmiri zərurəti ilə izah edib ki, bu da indi sanksiyalara görə mümkün deyil. Həm də iddia olunur ki, Kanadaya təmirə göndərilən turbinlərdən biri tətbiq edilən sanksiyalara görə Rusiyaya qaytarılmır.
İndi “Şimal axını” ilə sutkada 67 milyon kubmetrdən çox olmayan qaz ötürülür ki, bu da kəmərin ötürmə qabiliyyətindən 2 dəfədən çox aşağıdır.
Rusiya qazının tranziti Ukrayna ərazisi ilə davam etsə də hazırda ötrülən qaz həcminin əvvəlkindən daha az olduğu bildirilir.
Uzunmüddətli perspektivdə Avropa İttifaqı (Aİ) da Ukraynaya təcavüzü ilə bağlı Moskvanı etibarsızlıqda ittiham edərək, Rusiya qazının tədarükündən imtina etmək niyyətindədir.
Aİ ölkələrinin bir qismi isə yaxın gələcəkdə Rusiya qazının tədarükünə embarqonun qoyulmasına qarşı çıxır, sənayenin fəaliyyətini və bəlkə də isitməni təmin etməyin çətin olacağını iddia edir.
Bəzi şirkətlər Moskvanın təklif etdiyi, Qazprombank-da rubl hesablarının açılmasını ehtiva edən ödəniş sxemi ilə razılaşıblar. Bir neçə ölkə Moskvanın bu şərtləri ilə razılaşmadığından həmin ölkələrə Rusiya qazının tədarükü dayandırılıb. Hələlik söhbət bazarda çox kiçik bir paydan gedir.
Rusiyanın Ukraynaya təcavüzündən əvvəl də bazarda qazın qiymətində artım olub və tendensiya davam etməkdədir. Enerji qiymətlərindəki bahalaşmanın inflyasiyanın artmasına təsir edən əsas səbəblərindən biri olduğu vurğulanır və bir sıra Aİ ölkələrində bu göstəricinin 10 faizi keçdiyi bildirilir.
Rusiya fevralın 24-də Ukraynaya hücum edib. Bu müddət ərzində ölkənin bir sıra şəhər və qəsəbələri dağıdılıb, minlərə adam həlak olub, milyonlarla insan ölkədən qaçqın düşüb.
Beynəlxalq aləm Rusiyanın bu addımını pisləyir və qoşunlarını Ukraynadan çıxarmağa çağırır.
Rəsmi Moskva isə qonşu Ukraynaya qarşı apardığı müharibəni "xüsusi hərbi əməliyyat" adlandırır. Bundan başqa "müharibə" sözündən istifadə edənlər, "müharibəyə yox" deyənlər, o cümlədən Rusiya müdafiə nazirliyinin rəsmi məlumatlarından fərqli xəbərlər verən fərdlər və KİV-lər cəzalandırılır.