Keçid linkləri

2024, 07 Noyabr, Cümə axşamı, Bakı vaxtı 23:16

Valideynləri Azərbaycandakı əsirləri Rusiyadan tələb edirlər


Əsir valideynləri Rusiyanın Ermənistandakı səfirliyi qarşısında
Əsir valideynləri Rusiyanın Ermənistandakı səfirliyi qarşısında

AzadlıqRadiosunun Erməni xidməti – Azatutyun yazır ki, Ermənistanın Şirak vilayətindən 44 günlük müharibədən sonra, 2020-ci ilin dekabrında Xocavənd rayonunun Çaylaqqala kəndindəki mövqelərində əsir düşmüş rezervistlərin valideynləri iyunun 29-da Rusiyanın Yerevandakı səfirliyinin qarşısında aksiya keçiriblər.

Onların əllərindəki plakatlarda “Rusiya sülhməramlıları, 2020-ci ilin 13 dekabrında siz harada idiniz?”, “Bütün hərbi əsirlərə azadlıq!”, “Oğullarımızı Bakı həbsxanalarından qaytarın!” kimi şüarlar yazılmışdı.

Azatutyun yazır ki, etirazçılar səfir Sergey Kopırkinlə görüş tələb ediridilər. Onlar Rusiya tərəfinin Azərbaycandakı erməni əsirlərin qaytarılması üçün nə etməsi ilə maraqlanırdılar.

Aksiya iştirakılarından biri Azatutyunun müxbirinə deyib:

“İndicə məlumat gəldi ki, guya o yerində yoxdur. Biz gözləyəcəyik və onlar bura gəlməyənədək, sualımıza cavab verməyənədək başqa addımlar atacağıq. Ruslar bizim sülhməramlılarımız idi. Bizim uşaqlarımızı rusların burnunun altından aparıblar. Ruslar 13 dekabrda harada idilər? Bu müharibədən sonra olub. Onların sülhməramlıları harda olublar? Necə olub ki, bunu görməyiblər? Gözləri kor idi?”

Etirazçı valideynlər
Etirazçı valideynlər

Başqa bir aksiyaçı isə əlavə edib:

“Uşaqlarımızı ucuza veriblər, qoy bahasına geri alsınlar. Ruslar qaytarsınlar, fransızlar qaytarsınlar, amerikalılar qaytarsınlar, bizim üçün fərqi yoxdur”.

Valideynlər tələblərinin icrası üçün 15 dəqiqə vaxt versələr də, səfirlikdən cavab verən olmayıb.

Etirazçıları səfirliyə girişin bağlanması daha da qəzəbləndirib. Rusiya səfirliyinə həmin vaxt başqa iş üçün gələnləri də buraxmırdılar. Bina polis tərəfindən dövrəyə alınmışdı.

Hökumət binasına

Azatutyun yazır ki, əsir valideynləri səfirlikdən hökumət binasına tərəf yollanıblar. Onlar burada baş nazir Nikol Painyanla görüşmək istəyirdilər.

Aksiyaçılardan biri deyib:

“Biz sadəcə olaraq görüşüb öyrənmək istəyirik ki, onun gözləntiləri nədir? Bizə nə deyə bilər? Biz artıq 1 il 7 aydır ki, gözləyirik. Görək nə deyəcək?”

Lakin etirazçılar hökumət binasının qarşısında bir neçə saat dayandıqdan sonra gediblər. Onlar baş nazirlə görüşə bilməyiblər.

Orduya Şirak vilayətindən çağırılmış rezervistlər Xocavəndin Çaylaqqala kəndi yaxınlığında əsir düşmüşdülər.

Bakı 62 əsirin yarısını Yerevana qaytarıb. Qalanları hələ də Azərbaycanda saxlanır.

Azərbaycan rəsmiləri bildirirlər ki, bunlar müharibədən sonra Azərbaycan ərazisində tutulduqlarına görə hərbi əsir sayıla bilməzlər.

Ermənistanın baş naziri Nikol Paşinyan iyunun 27-də keçirdiyi onlayn mətbuat konfransında əsirlərdən birinin valideyninin sualına cavab verərkən demişdi ki, hazırda Azərbaycanda saxlanan əsirlərin böyük bir qismi Rusiya sülhməramlılarının məsuliyyəti zonasında tutulub.

Bundan sonra əsir valideynləri Gümrüdəki Rusiya konsulluğunun qarşısına toplaşmışdılar.

Xəbər verilir ki, konsul onları qəbul etsə də, suallarına qənaətbəxş cavab verə bilməyib.

Xatırlatma

2020-ci ildə, İkinci Qarabağ Müharibəsi nəticəsində Azərbaycan Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.

Həmin ilin 10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya arasında) əsasən, döyüşlər dayandırılıb, Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsinin tanınmayan qurumun və Rusiya sülhməramlılarının nəzarətində qaldığı bildirilir.

Ötən il də tərəflər bölgədə iqtisadi və nəqliyyat əlaqələrinin bərpası ilə bağlı daha iki bəyanat imzalayıblar.

Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb.

1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

XS
SM
MD
LG