Keçid linkləri

2024, 07 Noyabr, Cümə axşamı, Bakı vaxtı 22:44

Əl-Zəvahiri eyvana çıxanda dronla vurulub


Ayman əl-Zəvahirinin öldürüldüyü ərazi, 2 avqust, 2022-ci il
Ayman əl-Zəvahirinin öldürüldüyü ərazi, 2 avqust, 2022-ci il

Əl-Zəvahiri iyulun 31-də Kabilin mərkəzində, ABŞ vergiödəyicisinin puluna salınmış Şirpur zənginlər məhəlləsində öldürülüb

İllər boyu bir çox ekspertlər Əl-Qaidə lideri, dünyada ən çox axtarılan terrorçulardan olan Ayman əl-Zəvahirinin Əfqanıstanla Pakistan arasındakı dağlıq ərazidə gizləndiyinə inanıblar. Ancaq o, iyulun 31-də Kabilin mərkəzində, ABŞ vergiödəyicisinin puluna salınmış Şirpur zənginlər məhəlləsində öldürülüb.

Əfqanlar üçün Şirpur korrupsiya və hakimiyyəti simvolizə edir. Bütün bunlar Qərbin dəstəklədiyi Əfqanıstan hökumətinin çöküşü ilə nəticələnib.

Zəvahirinin şəhərin diplomatik ərazisindəki sakit yerdə bir neçə ay qaldığı güman edilir.

Şirpur 2001-ci ildə ABŞ Əfqanıstanı tutandan sonra tikilib, ölkənin yeni siyasi elitasının məskəninə çevrilib. Ərazidəki villaların bəziləri xarici şirkətlərə və hökumətlərə ifrat qiymətə kirayə verilirdi.

“Çurpur”

Şirpurdakı ərazinin böyük hissəsinin yüksək rütbəli hökumət rəsmiləri və nüfuzlu keçmiş hərbi komandirlər tərəfindən ələ keçirildiyi deyilir. Keçmiş səhra komandirlərinə beynəlxalq hərbi missiya səlahiyyət verib, onlar sərvət sahibi olublar.

Kabil sakinlərinin çoxu Şirpura “Çurpur” deyir. “Çur” yerli dari dilində “oğurlanmış” deməkdir. 2003-cü ildə böyük korrupsiya qalmaqalından sonra Əfqanıstan polisi Şirpurdan bir neçə yüz adamı, o cümlədən altı naziri çıxarıb. Ancaq tanınmışların çoxu buna etiraz edib, ərazidə qanunsuz evlər tikiblər.

2021-ci ilin avqustunda hakimiyyəti ələ keçirən Taliban liderləri və ailələri Şirpurdakı boş villalara köçüblər. Çəhrayı rəngdə üçmərtəbəli, hündür hasarlar və tikanlı məftillərlə əhatələnmiş evdə isə Zavahiri və ailəsinin gizləndiyi güman edilir.

Anonimlik şərtilə danışan ABŞ rəsmiləri Zəvahirinin evin eyvanına çıxarkən ABŞ dronundan atılan Hellfire raketləri ilə öldürüldüyünü deyib.

Zəvahirinin Şirpura Taliban Kabili tutandan sonra köçdüyü bildirilir.

Həqqaninin evi

Anonimlik şərtilə danışan Taliban rəsmisi AzadlıqRadiosunun Əfqanıstan xidməti Radio Azadiyə deyib ki, ev Talibanın Daxili işlər naziri və Həqqani şəbəkəsinin lideri Siracəddin Həqqaniyə məxsus olub. Həqqani Taliban qruplaşmasının nüfuzlu qanadıdır.

ABŞ Həqqaninin ələ keçirilməsi üçün 10 milyon dollar mükafat vəd edib. O, Federal Təhqiqatlar Bürosunun (FBI) ən çox axtardığı şəxslərdən biridir.

Taliban rəsmisi Zavahirinin yaşadığı evin ərafında yüksək təhlükəsizlik tədbirlərinin görüldüyünü, evə yalnız Həqqani və Talibanın Müdafiə naziri Molla Məhəmməd Yaqubun hərdənbir baş çəkdiyini deyib.

“Dron hücumundan sonra evin yerləşdiyi küçə tam bağlanıb, oraya heç kəs buraxılmır”, – Taliban rəsmisi söyləyib.

Doha razılaşması

Kabil sakinləri ölkədə daha çox zorakılığın baş verəcəyindən ehtiyatlanır.

“Beynəlxalq terrorçular niyə hələ də Kabildə yaşayırlar?”Səfa adlı sakin Radio Azadiyə deyib. Onun sözlərinə görə, Zəvahirinin Kabilin mərkəzində öldürülməsi Talibanın hələ də terrorçulara sığınacaq verdiyini göstərir.

2020-ci ildə Dohada imzalanmış ABŞ-Taliban razılaşmasına görə, silahlı qruplaşma Əl-Qaidə üzvlərinə sığınacaq verməməyə boyun olub. Bu razılaşma beynəlxalq missiyanın Əfqanıstandan çıxmasına yol açıb.

ABŞ Dövlət katibi Antoni Blinken Talibanın Zəvahirinə sığınacaq verməklə razılaşmanı “kobudcasına pozduğunu” deyib. Talibanın sözçüsü Zabihulla Mücahid Zəvahirinin qətlini şərh etməyib, ancaq Vaşinqtonun dron zərbəsilə Doha razılaşmasını pozduğunu iddia edib.

Müharibə əndişəsi

Zəvahiri Əl-Qaidənin başçısı Osama bin Laden 2011-ci ildə ABŞ qüvvələrinin Pakistana reydi zamanı öldürülündən sonra şəbəkənin başına keçib. 71 yaşlı Zəvahiri Birləşmiş Ştatlarda 2001-ci ilin 11 sentyabr terrorunun arxasında duran şəxslərdən biriydi. Həmin hücumlardan sonra ABŞ Əfqanıstanı tutaraq Əl-Qaidə liderlərinə sığınacaq verən Taliban rejimini devirib.

O zaman Zəvahiri və bin Ladenin Pakistana qaçdığı deyilirdi.

Adının çəkilməsini istəməyən başqa bir Kabil sakini Radio Azadi-yə deyib ki, ölkənin yenidən beynəlxalq terrorçular üçün sığınacağa çevriləcəyindən qorxur.

“Bu terrorçuların yenidən Əfqanıstanı istismar edəcəyindən, müharibənin qayıdacağından narahatıq”, – o söyləyib.

XS
SM
MD
LG