Naməlum fəallar sentyabrın 27-də səhər Rusiya prezidenti Vladimir Putinin valideynlərinin Sankt Peterburqun Serafimov qəbirstanlığındakı məzarlarının üstünə şikayət məktubu qoyublar.
Onlar valideynlərə oğullarının davranışından şikayət ediblər.
Aksiyanın fotoları Feminist Antimüharibə Müqavimətinin Telegram-kanalında dərc edilib.
Bu təşkilat Ukraynada müharibəyə ən müxtəlif formada etiraz aksiyaları keçirir.
Məktubda deyilir:
"Bir qrup naməlum şəxs bir oğlanın valideynlərinə onun barəsində tərbiyəvi tədbirlər görülməsini tələb edən müraciət yazıblar”.
Şikayət məktubu şagird gündəliyinin bir vərəqində yazılıb:
"Əziz valideynlər! Sizin oğlunuz özünü çox biabırçı aparır. Tarix dərslərini buraxır, qonşu partalarla dalaşır və bütün məktəbi partladacağı ilə hədələyir. Ölçü götürün!”
Foto habelə “Ölülər partiyası” adlı Telegram kanalında dərc olunub.
Bundan əvvəl bu incəsənət layihəsinin fəallarının evlərində axtarış aparılmışdı.
Putinin valideynləri Vladimir Putin və Mariya Şelomova (Putina) 1999 və 1998-ci illərdə vəfat ediblər.
O vaxt Putin hələ prezident olmamışdı.