Rusiya prezidenti Vladimir Putin Təhlükəszilik Şurasının oktyabrın 10-da keçirdiyi müşavirəsində Ukraynanı Rusiya ərazisində terror aktları hazırlamaqda və həyata keçirməkdə ittiham edib.
Putin habelə iddia edib ki, Ukraynanın xüsusi xidmətləri Qara dənizin dibi ilə gedən Türk axını kəmərini sıradan çıxarmaq istəyib, amma bunu edə bilməyib.
Putinin sözlərinə görə Ukrayna Milli Təhlükəsizlik Xidməti – SBU Kursk atom elektrik stansiyasına üç terror aktı həyata keçirib.
Bundan əvvəl Putin Kiyevi Krım körpüsünü partlatmaqda ittiham etmişdi.
Rusiya prezidenti oktyabrın 10-da səhər Ukrayna şəhərlərinə şiddətli raket zərbələri barədə də danışıb.
Onun sözlərinə görə “yüksək dəqiqliyə malik uzaqmənzilli raketlər havadan, dənizdən və qurudan Ukraynanın energetika, hərbi komandanlıq və rabitə obyektlərinə atılıb”.
Putin bu raket zərbələrini “cavab” adlandırıb və deyib ki, Rusiya ərazisində terror aktları dayandırılmasa, Moskvanın cavabları daha sərt olacaq.
Rusiya ilhaq etdiyi Krımı və Ukraynanın daha dörd regionunu öz ərazisi hesab edir, hərçənd bu regionların bir hissəsi Ukraynanın nəzarəti altındadır.
Təhlükəzilik Şurasında qəbul edilmiş qərarlar barədə məlumat verilməyib. Rusiya dövlət telekanalları yalnız Putinin çıxışını efirə verib.
Xüsusi əməliyyata münasibət dəyişib?
Bundan əvvəl bir sıra Rusiya rəsmiləri, o cümlədən Çeçenistanın başçısı Ramzan Kadırov və ilhaq olunmuş Krımın rəhbəri Sergey Aksyonov demişdilər ki, Ukraynaya sentyabrın 10-da endirilmiş raket zərbələri xüsusi əməliyyatın keçirilməsinə münasibətin dəyişdiyini göstərir və bu birdəfəlik aksiya deyil.
Ukraynanın şəhərlərinə ağır raket zərbələri nəticəsində ölkənin enerji infrastrukturu obyektləri sıradan çıxarılıb və əhali arasında ölənlər olub.
Putin habelə Baltik dənizindəki Şimal Axını kəmərlərində baş vermiş partlayışlardan danışıb.
Amma o bu dəfə Ukraynanı ittiham etməyib və bildirib ki, bu parttlayışların kimə sərfəli olduğu aşkardır.
Bundan əvvəl Putin heç bir dəlil-sübut göstərmədən bu partlayışlarda “anqlosaksların” əli olduğunu bildirmişdi.
Ukrayna Krım körpüsü də daxil Putinin haqqında danışdığı hücumların əksəriyyəti üçün məsuliyyəti üzərinə götürməyib.
Ukrayna öz növbəsində Rusiyanı vətəndaş infrastrukturuna zərbə endirməklə terror aktları törətməkə ittiham edir.