Keçid linkləri

2024, 07 Noyabr, Cümə axşamı, Bakı vaxtı 20:06

OPEC-in son qərarını dəstəkləyən də var, qarşı çıxan da


OPEC
OPEC

Neft İxrac edən Ölkələr Təşkilatı – "OPEC+" oktyabrın əvvəlində hasilat hədəflərini gündə 2 milyon barel azaldacağını açıqlamışdı. Bildirilmişdi ki, hasilatın gündə 43.8 milyon bareldən 41.8 milyona endirilmə qərarı noyabrın 1-dən qüvvəyə minəcək. Bu zaman baza göstərici avqust ayındakı orta gündəlik hasilat götürüləcək.

Bu qərardan ən çox narazı qalan ölkələrdən biri ABŞ-dir. ABŞ-nin OPEC-in qərarından narazı qalması bu qərarın enerji bazarlarında qiymət artımı doğuracağı ehtimalı ilə bağlıdır. Axı OPEC-in hasilatı azaltması, adətən, dünya bazarlarında neftin qiymətini bahalaşdırır, çünki belə qərarlar bazarda təkli azaldır. Bu da Baydenin daxili bazarda benzini ucuzlaşdırmağa dair planlarına zərbə vurur. Analitikçilərin fikrincə, ABŞ-nin bu qərarla razılaşmamasının bir səbəbi də Rusiyaya əlavə gəlir imkanının yaranmasıdır. Axı ixracının başlıca bölümü enerji resursları olan Rusiya sözügedən bahalaşmadan faydalanır. Belə imkan Ukraynaya qarşı savaşda ona hava və su kimi lazımdır.

ABŞ qərarın təsiri azaltmağa çalışır

ABŞ istər diplomatik, istərsə praktik addımlarla "OPEC+" ölkələrinin hasilatı azaltmaq qərarının təsirini aradan qaldırmağa çalışır. Ölkənin bir neçə yüksək vəzifəli şəxsi dünyada kəskinləşən bahalaşma fonunda enerji qiymətlərinin də artmasının durumu daha da çətinləşdirəcəyini dilə gətirmişdi. Beləcə, OPEC Rusiya ilə bir mövqe tutmaqda suçlanıb və Səudiyyə Ərəbistanına hərbi dəstək dayandırılıb. Başqa bənzər addımlar da atılır. İyulda ABŞ prezidentinin Səudiyyə Ərəbistanına səfərində də bu məsələ gündəmə gəlmişdi. Hazırda ABŞ prezidentinə ünvanlanan tənqidlərdən biri də onun ənənəvi müttəfiq sayılan Səudiyyə Ərəbistanı ilə danışıqlardan əliboş dönməsidir.

ABŞ-nin dünyada neft bazarlarına başlıca təsir imkanı strateji neft ehtiyatlarından yararlanmaqdır. İndi dünyanın ən böyük iqtisadiyyatı olan ABŞ-nin strateji neft ehtiyatlarının həcmi 400 milyon barelə yaxındır. Ağ Ev mart ayından bəri strateji neft ehtiyatlarının 180 milyon barelini bazara çıxarıb. Beləcə, ölkənin strateji ehtiyatları 1984-cü ildən bəri ən aşağı səviyyəyə enib. Ancaq görünən odur ki, ABŞ indən belə də strateji neft ehtiyatlarından yararlanmağı problem saymır, çünki "OPEC+" koalisiyasının son qərarından sonra Ağ Ev administrasiyası strateji neft ehtiyatlarından daha 15 milyon barel istifadəyə dair qərar verib. Ağ Ev neftin qiyməti 72 dollardan aşağı endiyi halda strateji ehtiyatlarını artırmağı düşünür.

Sanksiyaların aradan qaldırılması işə yaraya bilərmi?

ABŞ "OPEC+" ölkələrinin qərarına strateji neft ehtiyatlarından istifadə edərək reaksiya verib. Ancaq digər ölkələr fərqli təkliflər irəli sürür. Məsələn, Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu məsələ ilə bağlı açıqlamasında ABŞ-nin Səudiyyə Ərəbistanı haqqında açıqlamalarını təhdid kimi dəyərləndirib. O, strateji ehtiyatlardan istifadə yerinə, böyük neft rezervlərinə malik Venesuela və İran kimi ölkələrə tətbiq edilən sanksiyaların aradan qaldırılmasını təklif edib. Türkiyənin fikrincə, bu iki ölkənin dünya bazarlarına neft çıxarmasına imkan yaradılması dünyada neftin qiymətini ucuzlaşdıra bilər. Ancaq bəzi təhlilçilər düşünürlər ki, Venesuela və İranın sanksiyalardan yaxa qurtarmasının bazara təsiri məhdud səviyyədə olacaq. Bu tezisi dəstəkləyən əsas arqument odur ki, həmin ölkələr artıq uzun müddətdir dünya bazarlarından təcrid olunduğundan onların geri dönməsi zaman tələb edir. İstər uyğun qərarların ləğvi, istər yeni sazişlərin bağlanması, istərsə hasilatın artırılması üçün qazma işləri yetərincə vaxt tələb edən proseslərdir.

Azərbaycan nə düşünür?

Neft hasilatçısı olan Azərbaycan da hasilatın azaldılması ilə bağlı qərar qəbul edən "OPEC+" koalisiyasının üzvüdür. Azərbaycanın Energetika naziri Pərviz Şahbazov bugünlərdə hasilatın azaldılması haqqında dartışmalara münasibət bildirib: "Son günlər "OPEC+"in noyabrdan etibarən gündəlik neft hasilatının 2 milyon barel azaldılmasına dair qəbul etdiyi qərarının neft bazarında defisitə yol açacağı ilə bağlı müxtəlif fikirlər səsləndirilir. Hesab edirəm ki, "OPEC+" hər zaman olduğu kimi, bu dəfə də neft bazarında sabitliyə dəstək məqsədilə belə bir qərar qəbul edib". Nazirin fikrincə, hazırda neft bazarında tələb-təklif tarazlığı çoxsaylı faktorların təsirləri ilə üzləşir. Proqnozlar da neftə tələbatın azalacağını göstərir. Belə bir durumda hasilata müdaxilə qərarı qaçılmazdır. "OPEC +" də məhz təcrübəsinə söykənərək bazarda balansın qorunub saxlanması naminə belə bir addım atıb. "Bu, hər hansı bir ölkənin fərdi marağından irəli gəlməyən, konsensus əsasında qəbul edilmiş qərardır. "OPEC+"in bütün qərarları bazarda sabitliyə hesablanıb. İndiyə kimi mürəkkəb vəziyyətlərdə əldə edilmiş nəticələr və nailiyyətlər bunun inkaredilməz sübutudur", – yenə Pərviz Şahbazovun sözləridir.

Nazirin açıqlamasında diqqətçəkən daha bir məqam hasilatın təbii azalmasıdır. Belə ki, Pərviz Şahbazovun fikrincə, bu gün bazarın balanslaşması və sabitliyi üçün başlıca təhdid idarə olunan ixtisarlar deyil, idarə edilməsi mümkün olmayan təbii azalmalardır. Son illər Azərbaycanın da neft hasilatında azalmalar gözə çarpır. Rəsmi göstəricilərə görə, 2010-2021-ci illər ərzində Azərbaycanda neft hasilatının həcmi 30 faizədək (gündəlik 1 milyon bareldən çox) azalıb.

XS
SM
MD
LG