ABŞ Ukaynanaya NASAMS zenit-raket sisteminin ilk iki dəstini verib.
Ukrayna silahlı qüvvələri bu ortamənzilli hava hücumundan müdafiə sistemlərini artıq yerləşdiriblər.
Bu barədə məlumatı sözü gedən sistemləri istehsal edən Raytheon Technologies şirkətinin baş direktoru Qreq Hayes verib.
Vaşinqtonun Kiyevə iki NASAMS kompleksi verəcəyinə dair söhbətlər oktyabrın 11-dən davam edirdi.
Ukraynaya 182 milyon dollar dəyərində yaylım atəşli zenit-raket qurğularının veriləcəyinə dair xəbər oktyabrın 11-də yayılmışdı.
Qərb ölkələri Rusiyanı nüvə zərbəsi endirməyə hazırlaşmaqda ittiham edirlər. Moskva bu iddiaları rədd edir.
Hayesin sözlərinə görə ABŞ Ukraynaya Patriot hava hücumundan müdafiə raketləri deyil, iki NASAMS sistemi verilməsinə dair qərar qəbul edib.
Patriot sisteminə dair danışqılar gedir
Hayes bildirib ki, Kiyev və Vaşinqton arasında Patriot sistemlərinə dair danışıqlar aparılır.
NASAMS səyyar zenit-raket komlpleksi yaxın və orta məsafələrdə və bütün hava şəraitlərində istənilən hədəfi vurmağa hesablanıb.
NASAMS bütün dünyada hava hücumundan ən yaxşı müdafiə sistemi hesab olunur.
Bu sistemdən Vaşinqtonun hava məkanını müdafiə etmək üçün istifadə edilir.
Ağ Evin Milli Təhlükəsizlik Şurasında strateji kommunikasiyalar üzrə koordinator Con Körbi bundan əvvəl bildirmidşi ki, ABŞ Ukraynaya 8 belə sistem vermək niyyətindədir.
Ukraynanın müdafiə naziri Aleksey Reznikov oktyabrın 12-də demişdi ki, ABŞ-dan Ukraynaya daha 4 yaylım atəşli HIMARS raket sistemləri verilib.
Oktyabrın 25-də Kiyevdə prezident Volodimir Zelenski ilə görüşdən sonra Almaniya prezidenti Frank-Valter Ştaynmayer bildirmişdi ki, Ukraynaya Berlindən daha iki MARS yaylım atəşli zenit-raket qurğusu və dörd haubitsa topu veriləcək.
ABŞ və Avropa İttifaqı Rusiya oktyabrın 10-dan etibarən Ukrayna şəhərlərini ağır raket və dron bombardmanına tutandan sonra Kiyevə hava hücumundan müdafiə sistemlərinin çatdırılmasını sürətləndiriblər.