Keçid linkləri

2024, 07 Noyabr, Cümə axşamı, Bakı vaxtı 19:38

Etiraz aksiyasına gedən professor universitetdən çıxarılıb, həbs cəzası alıb


Tələbələr Denis Skopini yola salır
Tələbələr Denis Skopini yola salır

Sankt-Peterburq Dövlət Universitetinin professoru Denis Skopin Kremlin Ukraynaya hücumuna qarşı çıxdığı üçün işindən qovulub. Bu, Rusiyada akademik azadlığa göstərilən və gündən-günə güclənən təzyiqin ən son nümunəsidir.

10 sutka həbs

Universitetdə fəlsəfədən dərs deyən Skopin oktyabrın 26-da səfərbərlik qərarına etiraz aksiyasında iştirak etdiyinə görə işdən qovulub. Etiraz aksiyasında saxlanılan professora 10 sutka həbs cəzası da verilib. Həbsdə olarkən Skopin və digər etirazçılara yerli hərbi komissarlığa müraciət edərək orduya yazılmaqla bağlı təzyiq göstərildiyi deyilir.

Universitetin onu işdən azad etmək barədə əmrində belə yazılıb: "Əməkdaşın törətdiyi əməl əxlaqsızdır, təhsil funksiyalarının icrası və işin davam etdirilməsi ilə bir araya sığmır”.

"Universitet insanların düşünməli olduğu, tənqidi təfəkkür və müstəqil düşüncə kimi keyfiyyətlərin təşviq edildiyi bir yerdir. Təəssüf ki, bugünkü Rusiyada bu artıq mümkün deyil”, – Skopin AzadlıqRadiosunun “North.Realities” layihəsinə müsahibəsində deyib.

İşğal başlayandan universitetlərə təzyiq artıb

Rusiya son iyirmi il ərzində universitetlərinin daha prestijli olması və Avropa standartlarına cavab verməsi üçün işlər görüb – mübadilə proqramları yaradıb, beynəlxalq institutlarla tərəfdaşlıq edib və xaricdən kadrlar cəlb etməyə çalışıb. Ancaq Qərblə geosiyasi gərginlik artdıqca Rusiya rəsmiləri “Qərbin təsiri” ilə bağlı daha xoflu davranmağa, fərqli mövqe bildirən və dinc etiraz aksiyalarına qatılan tələbə və müəllimləri hədəfə almağa başlayıblar.

Bu siyasi təzyiq Kremlin Ukraynaya hücuma başlamasından sonra pik nöqtəsinə çatıb. Fevralın 24-də işğal başlayandan Kreml toplaşma və ifadə azadlığını məhdudlaşdırmaqla bağlı bir sıra qanunlar qəbul edib və akademik institutları daha çox senzuraya məruz qoyub.

“İndi Rusiya universitetlərində baş verən hər şey ölkədə təhsil sisteminin dərin böhranına və hətta tam məhvinə aparıb çıxaracaq”, – Skopin deyir.

Smolnı Məktəbi və Bard Kolleci

Skopinin dərs dediyi Sankt-Peterburq Universitetinin Azad Sənətlər və Elmlər Fakültəsi (Smolnı Məktəbi) Rusiyada açıq və irəliyə fokuslanan təhsil ocağı kimi tanınır. Ölkənin ilk azad sənət kurrikulumunu tətbiq edən bu fakültə ABŞ-ın Nyu York ştatında yerləşən Bard Kolleci ilə birgə saziş imzalamış, öz akademik mübadilə proqramında yüzlərlə rusiyalı və amerikalı tələbəyə ev sahibliyi etmişdi. Bu proqramı bitirən tələbələr ikili diplom alırdılar.

Bütün bunlar uzun zamandan bəri Rusiya rəsmiləri tərəfindən izlənirdi. 2021-ci ilin iyununda Rusiya Baş Prokurorluğu Bard Kollecini “Rusiyanın konstitusion quruluşunun əsaslarına təhlükə yaradan arzuolunmaz təşkilat” elan etdi. Rusiyanın Ədliyyə Nazirliyi isə doqquz gün sonra bu qərarı rəsmiləşdirərək Bard Kollecinin layihələrdə iştirakını potensial cinayət adlandırdı və beləliklə, onun universitetlə tərəfdaşlığına son qoydu.

Bürokratik və siyasi təzyiq

Skopin deyir ki, bugünkü Rusiyada bütün akademik mühitə güclü bürokratik və siyasi təzyiq var.

Sankt-Peterburq Dövlət Universiteti və digər ali təhsil müəssisələrinin işinə müdaxilə halları get-gedə artmaqdadır.

Moskva Ali İqtisadiyyat Məktəbinin (HSE) tələbələri müharibə əleyhinə yürüşlərə qatılacaqları halda qovulmaqla hədələniblər. Universitetin bir neçə akademik proqramı bağlanıb, Kremlə qarşı fikir bildirən professorlar siyasi səbəblərdən işdən azad edilib və ümumiyyətlə, hökumətə qarşı hər hansı tənqidi fikir təqib olunur.

Hərbi təcavüzü dəstəkləyən məktub

Kremlin Ukraynaya hücuma başlamasından sonra HSE rektoru Nikita Anisimov 300-dən çox universitet rəhbərinin adından yazılmış və Rusiyanın hərbi təcavüzünü dəstəkləyən məktubu imzalayıb.

"Universitetlər hər zaman dövlətin sütunu olub. Bu zamanda ölkəmizi, ordumuzu, … prezidentimizi dəstəkləmək çox vacibdir”, – məktubda deyilir.

Smolnı məktəbinin daha iki müəllimi – Janna ÇernovaViktor Kaplun da işdən azad edilib. Bundan başqa müharibəyə qarşı etiraz aksiyalarına qatılan bəzi tələbələr də qovulub.

Skopinin auditoriyadakı son günündə tələbələr onu alqışlarla dəstəkləyiblər. Onun bir qrup həmkarı isə məktəb administrasiyasına məktub yazaraq qərara yenidən baxılmasını istəyiblər.

XS
SM
MD
LG