Keçid linkləri

2024, 07 Noyabr, Cümə axşamı, Bakı vaxtı 22:37

Xerson sakini: ‘Heç yerə gedən deyiləm’


Taras Şevçenkonun dağıdılmış heykəli
Taras Şevçenkonun dağıdılmış heykəli

Rusiya qoşunları Ukraynanın Xerson vilayətindəki Velıka Oleksandrivka kəndini martın 13-də işğal etmişdilər. Buradan 80 kilometr cənub-qərbdə yerləşən Xerson şəhərini tutmalarından 3 həftə sonra...

Kənd oktyabrın əvvəllərində azad olunsa da, Rusiya işğalının izləri hər yerdədir. Bu izlər dağıdılmış evlərdə, məhv edilmiş maşınlarda, partladılmış körpüdə, II Dünya müharibəsi abidəsinin üzərindəki qrafitidə, Taras Şevçenkonun qoparılaraq oğurlanmış heykəlində qalır.

55 yaşlı bağban Volodımır ömrünün çox hissəsini bu kənddə keçirib. İşğalçılar kəndə daxil olanda da o öz doğma kəndində qalmaq qərarına gəlib.

Kəndin tutulmasından üç gün sonra 200 kənd sakini işğala etiraz üçün əsas küçəyə çıxıb. Sıra ilə düzülən insanlar əllərində sari-mavi Ukrayna bayrağı tutaraq “Ukraynaya eşq olsun, qəhrəmanlara eşq olsun!” şüarını səsləndiriblər. Aksiyanın başında isə Volodımırın arvadı və əvvəlki evliliyindən qızı dururdu. Aksiya dağıdılıb, ancaq qan tökülməyib.

Volodımırın cavabı

Rusiyalılar aksiyanın arxasında Volodımırın dayandığını düşünüblər. Aksiyadan az sonra Volodımırın həyat yoldaşı və yaşlı anası ilə birlikdə yaşadığı evinə iki “KAMAZ” maşını və üzərində avtomat silah olan bir zirehli maşın göndərilib. Onun bağı dağıdılıb, özü isə sorğu-sual edilməyə aparılıb.

Rusiya zabitləri əvvəlcə onunla hörmətlə danışıblar, yemək təklif ediblər. Onlar Volodımırın kənd rəhbəri olmasını istəyiblər.

"Ukraynada bu vəzifəyə demokratik yolla seçilirlər, rus əsgərləri tərəfindən qoyulmurlar”, – Volodımır rusiyalılara deyib.

Volodımır yerli Donbas müharibə veteranları təşkilatının sədri olub.

İlk sorğu-sualdan sonra Volodımırı buraxıblar.

9 min nəfər əhali

Ancaq işğal altında vəziyyət get-gedə dözülməz olmağa başlayıb. Volodımırın qonşusu, işğal dövründə kəndi tərk edən və bu yaxınlarda qayıdan Oleh Dudka deyir ki, işğalçılar onun bütün taxılını, kombaynını, traktorunu və digər avadanlığını oğurlayıblar, evini də soyublar.

Əsgərlər 9 min nəfər əhalisi olan kəndin sakinlərini kənddən çıxmağa vadar ediblər. "Malını qorumaq üçün qalmaq həyatın bahasına başa gələ bilərdi”, – Dudka deyir.

Ancaq kənddən çıxmaq da asan olmayıb. Xüsusən də Dneprin qolu olan İnhulets çayı üzərindəki körpünün dağıdılmasından sonra.
Volodımırı ikinci dəfə sakinlərə kənddən qaçmağa kömək etdiyi üçün dindiriblər. Onun sözlərinə görə, bu dəfə onu başına qara torba keçirilmiş halda 80 kilometr uzaqlıqdakı Nova Kaxovka yaxınlığında bir yerə aparıblar. Burada onu döyərək hədə-qorxu gəliblər, bir həftədən çox saxlayıblar. Mayın əvvəlində Volodımırı buraxıblar və o, evinə piyada gəlib çıxıb.

Həm işğalçıyla münasibət qurmaq, həm də...

Velıka Oleksandrivkadan çıxa bilməyən az sayda sakin çətin durumda qalıb. Onlar bir tərəfdən öz həyatlarını və əmlaklarını xilas etmək üçün işğalçılarla müəyyən münasibət qurmalı, digər tərəfdən Ukrayna ordusunun kəndi azad etməsinə kömək göstərməyə çalışmalı idilər.

İnsanları Ukraynanın nəzarətində olan əraziyə evakuasiya edən Volodımır buraxılış məntəqələrində Rusiya əsgərlərinin xahişini yerə salmayaraq Ukrayna SIM kartlı telefonunu onlara verib. Bu telefonlarda sabit internet olduğundan işğalçılar ondan istifadə etmək istəyiblər.

Volodımırın sözlərinə görə, bu telefonlarda danışılanlar Ukrayna Təhlükəsizlik Xidməti (SBU) tərəfindən izlənilib.

Rusiyalılar Volodımırı üçüncü dəfə tutub buraxanda o artıq tək qalmışdı. Yaşlı anası ölmüş, qızı və arvadı isə kəndi tərk etmişdi. "Ancaq mən heç yerə gedən deyiləm”, – Volodımır bu sözləri bir neçə dəfə təkrar edir.

XS
SM
MD
LG