ABŞ-ın Müharibə Tədqiqatları İnstitutu (ISW) topladığı məlumatlara əsasən ehtimal edir ki, Rusiya hərbiyyəsi Ukraynanın həyati əhəmiyyətli infrastrukturuna raket zərbələri endirilməsi kampaniyalarını yavaşıtmağa məcbur olacaq.
İnstitut ekspertləri hesab edirlər ki, Rusiya noyabrın 15-də özünün yüksək dəqiqliyə malik raket cəbbəxasının xeyli hissəsindən istifadə edib.
Xəbər verilir ki, bu, Rusiyanın Ukraynaya müdaxiləsi başlanandan bəri Ukrayna üzərinə ən böyük raket hücumu olub.
Analitiklər bunu da qeyd edirlər ki, Ukrayna tərəfindən vurulan Rusiya raketlərinin faizi Ukrayna hava hücumundan müdafiə sisteminin son bir ayda xeyli gücləndiyini göstərir.
ISW-nin hesabatında bu da deyilir ki, Kreml Ukraynaya son şiddətli raket kampaniyasını Ukrayna prezidenti Volodimir Zelenskinin G20 sammitində videobağlantı ilə nitqindən xeyli əvvəl hazırlayıb.
Zelenski bu çıxışında bildirmişdi ki, Ukrayna Moskva ilə danışıqlara yalnız Rusiya ordusu onun suveren ərazisini, Krım da daxil tam tərk edəndən sonra hazır olacaq.
Moskva Kiyevin danışıqlar üçün qoyduğu bu ön şərti qeyri-məqbul adlandırır.
Başqa mühüm müşahidələr
Hesabatda deyilir ki, Rusiya məmurları Beynəlxalq Atom Enerjisi Agentliyini Rusiyanın Zaporojye Atom Elektrik Stansiyası üzərindəki nəzarətini tanımağa sövq etmək istəyirlər.
Bu, beynəlxalq təşkilatın Rusiyanın Ukrayna ərazilərinin ilhaqını avtomatik tanıması sayılardı.
ISW-nin hesabatında deyilir ki, Ukrayna qüvvələri Svatovo və Kremennaya istiqamətində əks-hücumu davam etdirir və Luhansk vilayətinin arxa cəbhəsindəki logistika xətlərinə zərbələr endirir.
Öz növbəsində Rusiya qüvvələri Baxmut, Avdeyevka və Uqledar istiqamətində hücumlarını davam etdirir.
Ehtimal edildiyinə görə, Krımdan Ukraynanın işğal altındakı cənubuna logistika marşrutları pisləşib.
Bu da qeyd olunur ki, Rusiya qoşunları tükənməkdə olan ehtiyatını, Belarusun hərbi texnikası hesabına doldurmaqda davam edir.
Hesabatda qeyd olunur ki, Moskva işğal olunmuş ərazilərdə Rusiyaya işləmək istəyən yerli məmurlara getdikcə daha az etibar edir.