Keçid linkləri

2024, 07 Noyabr, Cümə axşamı, Bakı vaxtı 15:27

ABŞ-dan Azərbaycana ilk sanksiyaya DİN-dən reaksiya


Arxiv foto
Arxiv foto

Daxili İşlər Nazirliyi polis polkovniki Kərim Əlimərdanovun insan haqlarını pozması, işgəncələrdə iştirakı iddialarını təkzib edib.

“Adını çəkdiyiniz əməkdaş olduqca vətənpərvər, millətini sevən insandır. İşinin peşəkarıdır. Vətəndaşlarımızın təhlükəsizliyinin qorunmasında, cinayətkarlığa qarşı mübarizədə öz sözünü demiş əməkdaşdır”, - Daxili İşlər Nazirliyinin Mətbuat Xitmətinin rəisi Ehsan Zahidov polkovnik Əlimərdanovun adının ABŞ Dövlət Departamenti tərəfindən sanksiyalar siyahısına salınması haqda AzadlıqRadiosu-nun sorğusuna belə cavab verib.

Əlimərdanovun adı bir sıra ictimai-siyasi fəalların həbsində, işgəncələrdə hallansa da, o, yalnız bir məhkəmə işində, fəal Elgiz Qəhrəmanın məhkəməsində dindirilib. O, həmin prosesdə gənc fəalın onun kabinetində işgəncəyə məruz qalması, cibinə narkotik atılması haqda iddialarını təkzib edib.

Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Banditizm və digər təhlükəli cinayətlərlə mübarizə şöbəsinin rəisi olub. 2015-ci il noyabrın 26-da Nardaran əməliyyatının rəsmi rəhbəri olub.

ABŞ-dan Azərbaycana ilk sanksiya

ABŞ Dövlət Departamenti beynəlxalq korrupsiya ilə mübarizə və insan haqları günləri ərəfəsində sanksiyaya məruz qalan fərdlərin siyahısını dərc edib.

Siyahıya Azərbaycandan ilk dəfə olaraq “Bandotdel” kimi tanınan Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin şöbə rəisi, polis polkovniki Kərim Heydər oğlu Əlimərdanov da daxil edilib.

Polis polkovniki Əlimərdanovun sanksiya siyahısına onun 2015 və 2016-cı illərdə insan hüquqlarını kobud şəkildə pozması, məhbuslara işgəncə verilməsində iştirakına görə daxil edildiyi bildirilir.

Onun adı Nardaran işində və gənc fəal Elgiz Qəhrəman-ın məhkəmə prosesində hallanıb.

Əlimərdanov 2015-ci ilin iyulunda Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə “İgidliyə görə” medalıyla təltif olunub.

Polis polkovnikinin ABŞ-ın sanksiya siyahısına salınmasına DİN, yaxud Əlimərdanov özü, hələlik, münasibət bildirməyib.

Ancaq DİN indiyədək saxlananlara işgəncə verilməsi haqda iddiaları təkzib edib.

Xatırlatma

2015-ci ilin noyabrında Daxili İşlər Nazirliyi Bakının Nardaran qəsəbəsində əməliyyat keçirib, ikisi polis olmaqla, altı şəxsin həlak olduğu açıqlanıb. Həmin hadisələrlə bağlı 100-ə yaxın şəxs həbs edilib, onlardan bir çoxuna qətl və başqa cinayətlərlə bağlı ittihamlar irəli sürülərək müxtəlif cəzalar verilib.

Elgiz Qəhrəman isə 2016-cı ildə narkotik ittihamıyla saxlanıb, 5 il 6 ay azadlıqdan məhrum edilib. Sonradan Ali Məhkəmə onun ittiham olunduğu maddəni dəyişib, cəzası 3 ilə endirilib. Qəhrəman həm özü, həm də üzvü olduğu NİDA Vətəndaş Hərəkatı bu həbsin siyasi motivli olduğunu bildirib. O, 2019-cu ilin martında prezidentin əfv sərəncamı ilə azadlığa çıxıb. Azərbaycan rəsmiləri isə ölkədə heç kimin siyasi motivlərlə təqib olunmadığını deyir.

XS
SM
MD
LG