Keçid linkləri

2024, 07 Noyabr, Cümə axşamı, Bakı vaxtı 17:44

Qazaxıstan saytı Rusiyanın müraciətini rədd edib


Roskomnadzor
Roskomnadzor

Rusiyanın rabitə və kütləvi kommunikasiyalara nəzarət edən dövlət qurumu – Roskomnadzor Qazaxıstanın Vlast.kz xəbər saytına Rusiyanın Ukraynaya müdaxiləsi ilə bağlı xəbərlərin silinməsi ricası ilə müraciət edib.

Sayt bu ricanı rədd etdikdən sonra, Roskomnadzor onun Rusiya ərazisində bloklanacağı ilə hədələyib.

Roskomnadzorun saytdan silinməsini istədiyi xəbərlər Rusiyanın Ukraynanın Vinnitsa şəhərini raket atəşinə tutması ilə bağlıdır.

Bu hücum nəticəsində onlarla insan həlak olmuşdu.

Roskomnadzorun sildirmək istədiyi digər xəbər Mariupol şəhərində Rusiyanın hücumları nəticəsində həlak olan dinc sakinlərin sayı ilə əlaqədardır.

Saytın sərt cavabı

Qazaxıstan saytının redaksiyası bildirib ki, Rusiyanın Ukrayna müharibəsinə və ya hər hansı başqa mövzulara aid yazıların silinməsinə dair sorğularını icra etmək niyyətində deyil və Rusiyanın özünün müəyyən etdiyi “hərbi senzuraya” məhəl qoymadan belə materialların dərcini davam etdirəcək.

Vlast.kz saytının rəhbərliyi bildirib ki, bu portalın fəaliyyəti Rusiya yox, Qazaxıstanın müaviq qanunları və idarələri tərəfindən tənzimlənir.

Bu da xəbər verilir ki, bu, Rusiyanın Ukraynaya müdaxiləsi başlanandan bəri Moskvanın müəyyən materialların saytlardan silinməsinə dair Qazaxıstan mediasına etdiyi ilk müraciət deyil.

Noyabrın ortalarında Roskomnadzor Qazaxıstanın Arbat.media saytından Ukrayna müharibəsindəki vəziyyət barədə məqalənin silinməsini istəmişdi.

Bundan başqa avqust ayında Ratel.kz saytından rusiyalıların Ukrayna müharibəsinə münasibətinə dair yazının çıxarılması istənmişdi.

Qazaxıstan rəsmi münasibət bildirmir

Roksomnadzorun bu sayaq tələbini yerinə yetirən yeganə Qazaxıstan saytı - Newtimes.kz olub.

O vaxt saytın redaksiyası bildirmişdi ki, Rusiyadakı oxucularını itirmək istəmir.

Bu da qeyd olunur ki, Qazaxıstanın rəsmi orqanları Roskomnadzorun Qazaxıstan saytlarına sorğularına münasibət bildirməyib.

Rusiyanın Ukraynaya tammiqyaslı hərbi müdaxiləsindən sonra Rusiyada faktiki olaraq hərbi senzura tətbiq edilib.

Rusiyada Ukrayna müharibəsi barədə Müdafiə Nazirliyinin xəbərlərindən kənar yazılar dərc etdiyinə görə 7 minədək sayt bloklanıb.

XS
SM
MD
LG