Tacikistanın ən son hərbi çağırış mövsümü qalmaqalla müşayiət olunur. İnsanlar yerli məmurları ailələri oğullarını orduya göndərməyə məcbur etmək üçün elektrik enerjisini kəsməkdə və məscidləri bağlamaqda günahlandırırlar.
Ancaq bu sərt tədbirlər belə hökumətin çağırış kvotasını doldurmasına kömək edə bilməyib. Buna görə də çağırış mövsümü dekabrın ortalarınadək uzadılıb.
Çağırış mövsümü uzadılıb
Tacikistanın Müdafiə Nazirliyi iki aylıq çağırış mövsümünün dekabrın 1-də uğurla başa çatdığını rəsmən elan edib.
Ancaq paytaxt Düşənbə və ölkənin cənubundakı Xatlon əyalətində çağırış prosesi ilə məşğul olan iki fərqli mənbə azı 15 kənd və rayonda hökumətin tələb olunan sayda çağırışçı cəlb edə bilmədiyini, buna görə də çağırış dövrünü dekabrın 15-dək uzatdığını bildirib. Həmin məmurlar adlarının çəkilməsini istəməyiblər.
Tacikistanda müəyyən istisnalarla 18-27 yaşlı kişilər üçün hərbi xidmət məcburidir. Qadınlar üçün hərbi xidmət məcburi olmasa da, onlar könüllü orduya yazıla bilərlər.
Dedovşina, münaqişə
Çox sayda gənc ordudan yayınmağa çalışır. Bunun bir səbəbi, əksər postsovet ölkələrində olduğu kimi, ordunun yeni əsgərlərə qarşı zorakılıq (dedovşina) halları ilə ad çıxarmasıdır.
Potensial çağırışçılar münaqişə zonalarına göndərilməkdən də çəkinirlər. Son illərdə Tacikistan – Qırğızıstan sərhədində silahlı toqquşmalarda bir neçə əsgərin ölməsi xəbəri verilib.
Çağırış yaşlı kişilər ordudan yayınmaq üçün hər ilin payız və yaz aylarına düşən çağırış mövsümlərində Rusiyaya gedirlər. Bəziləri həkimlərə və hərbi komissarlıq əməkdaşlarına rüşvət verərək özlərini tibbi səbəblərlə çağırışdan azad etdirirlər.
Bundan başqa, zəngin və imkanlı ailələrin öz oğullarını hərbi xidmətdən saxlatdırması haqda saysız-hesabsız iddialar var. Nəticədə hərbi çağırışın yalnız kasıblar üçün olduğuna inam yaranır.
Ekstremal tədbirlər
Bəzi ərazilərdə orduya cəlb etmək üçün kifayət qədər kişi tapılmadığından hökumət kvotaları doldurmaqdan ötrü ekstremal tədbirlərə əl atmağa başlayıb.
Xatlon əyalətinin Dilbari kəndində hökumət oktyabrda elektrik enerjisini kəsib, kəndin üç məscidini isə möhürləyib. Bəzi sakinlər bu hərəkətin insanların oğullarını orduya göndərməsi üçün edildiyini deyirlər.
300 ailənin yaşadığı kənddə çağırış yaşlı kişilərin əksəriyyəti miqrant işçi kimi Rusiyaya gedib.
"Bizə dedilər ki, oğullarınızı Rusiyadan geri qaytarıb hərbi xidmətə yazdırmasanız, elektrik enerjisi almayacaqsınız", – adının çəkilməsini istəməyən bir kənd sakini deyir.
AzadlıqRadiosunun əlaqə saxladığı yerli məmurlar bu iddiaları rədd ediblər. Ancaq onlar həm də bildiriblər ki, Dilbari rayonda ən az sayda adamın orduya yazıldığı kənddir.
Məktəb direktorunun siyahısı
Bundan başqa, bəzi məktəb direktorları da çağırış kvotalarını doldurmaları üçün yerli məmurların onlara təzyiq etdiyini deyirlər.
Ölkənin şimalındakı Xucənd şəhərində bir məktəb direktoru məktəbin çağırış yaşlı oğulları olan bütün əməkdaşlarının siyahısını tərtib etdiyini deyir.
"Kimdənsə oğlunu orduya göndərməsini xahiş etmək çox çətindir. Mən onları şirnikləndirirəm – müəllimlərə əlavə dərslər təklif edirəm ki, daha çox pul qazana bilsinlər. Ancaq çox seçimim də yoxdur. Onlara yaxşı güzəştlər vermək üçün səlahiyyətim və resurslarım yoxdur", – adının çəkilməsini istəməyən direktor AzadlıqRadiosuna deyib.
Görməsi zəif olanı əsgər aparıblar
Ölkənin şimalındakı İstarəvşan şəhərində bir ailə əlil oğullarının hərbi komissarlıq tərəfindən tutularaq zorla orduya göndərilməsindən gileylənir.
23 yaşlı Mehrovar Usmonov uşaqlıqdan bir neçə sağlamlıq problemindən əziyyət çəkir. Onun görmə qabiliyyəti də zəifdir. Anası Mahbuba Rahmatova deyir ki, bu problemlərə görə o, hərbi xidmətdən azad idi.
Anasının sözlərinə görə, Usmonov noyabrın sonlarında Konibodom kəndini ziyarət edərkən küçədə tutularaq Düşənbədəki hərbi hissəyə göndərilib.
Hökumət rəsmiləri ailənin şikayətlərinə cavab olaraq Usmonovun işinə baxdıqlarını və iddiaların tibbi ekspertlər tərəfindən təsdiqlənəcəyi halda onu ordudan azad edəcəklərini deyiblər.
14 yaşlının saxlanması
Gənclərin küçədə tutulması Tacikistanda hərbi çağırış mövsümündə adi prosedura çevrilib. Düşənbə sakini Bahodur Mirzoyev 14 yaşlı oğlu Kiyanın oktyabrda hərbi komissarlıq əməkdaşları tərəfindən saxlandığını deyir.
Ərzaq dükanına gedən uşağı yolda tutub qara şüşəli maşına sürükləyiblər.
"Uşaq deyir ki, onu zorla maşına itələmək istəyəndə zabitlərdən biri onun kürəyinə vurub. Əmələ gələn qançır bir neçə gün getmədi”, – Mirzoyev deyir. Məmurlar Kiyanın azyaşlı olduğunu biləndən sonra onu buraxaraq səhvlərinə görə üzr istəyiblər.
Zabit məzəmməti
Ölkənin şimalında yerləşən Suğd əyalətindən bir keçmiş hərbi çağırış zabiti gəncləri “nəyin bahasına olur-olsun öz ölkələrinə xidmət etməkdən yayınmağa çalışdıqları” üçün qınadığını deyir.
"Gənclərimiz Rusiyada gizlənirlər; Çağırışdan yayınmaq üçün martdan dekabra qədər Tacikistanı tərk edirlər. Evə yalnız qışda qayıdırlar. Özü də bu onlar 27 yaşına çatana və ailələrində iki uşaq dünyaya gələnə qədər davam edir”, – keçmiş zabit deyir. İki uşağı olan kişilər orduda xidmətdən azad edilir.
"Orduda xidmət etmək borcumuzdur. Hərbi xidmət icbaridir. Hamı çağırışdan yayınmağa çalışsa, ölkəmizi kim qoruyacaq?", – o bildirir.
Tacikistanda hərbi xidmətdən yayınmaya görə cinayət məsuliyyəti və beş ilədək həbs cəzası nəzərdə tutulub.
Ölkə rəsmiləri orduda vəziyyəti düzəltdiklərini, dedovşina problemi ilə məşğul olduqlarını, hərbi barakların, yeməyin keyfiyyətini yaxşılaşdırdıqlarını deyirlər. Bu problemlər uzun zamandan bəri əsgər və ailələrinin şikayətlərinin əsas səbəbləridir.