Keçid linkləri

2024, 07 Noyabr, Cümə axşamı, Bakı vaxtı 20:40

Prokurorun qardaşı həbs etdirdiyi şəxsin vəziyyətini daha da ağırlaşdırır...


Hərbi prokuror Xanlar Vəliyev
Hərbi prokuror Xanlar Vəliyev

Hərbi prokuror Xanlar Vəliyevin qardaşı Şahmar Vəliyev həbs etdirdiyi Cəfər Əliyevin vəziyyətini daha da ağırlaşdırmaq istəyir. Prokurorun məhkəmədə Əliyevə 12 il həbs cəzası istəməsinə baxmayaraq, Vəliyevin nümayəndəsi məhkəmədə vəsatət qaldırıb ki, iş istintaqa qaytarılsın. Təqsirləndirilən Əliyevə əlavə ağırlaşdırıcı maddə də verilsin.

Hətta prokurorun da bu vəsatətin əleyhinə çıxmasına baxmayaraq, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Azər Paşayev Vəliyevin bu istəyini təmin edib. Dekabrın 19-da cinayət işi Əliyevə əlavə ittiham verilməsi məqsədilə istintaqa qaytarılıb.

Təqsirləndirilən Əliyev plastik boru istehsalında istifadə olunan materialın (kroşka) İrandan gətirilib Azərbaycanda satışı ilə məşğul olub. Onun sözlərinə görə, bu materialları qonşu ölkədə Əkbər adı İran vətəndaşından alırdı. Azərbaycanda bu sahə ilə məşğul olan iş adamlarına satırdı. Müştərilərindən biri də Vəliyev olub.

580 min dollarlıq borc və...

Onların əlaqələri 2015-ci ildən başlayıb. Əvvəl tikinti sahəsində əməkdaşlıq etdiklərini deyən təqsirləndirilən şəxsin sözlərinə görə, 2018-ci ildən sonra "kroşka" ticarəti sahəsində işləyiblər: "Hər şey qaydasında idi. Mən də İranda Əkbər adlı adamdan alırdım. Azərbaycandakı müştərilərə çatdırırdım. Pandemiya dövründə problem yarandı. Əkbər də yoxa çıxdı. Mən ortada qaldım...".

O zaman Vəliyevin onda 580 min dollar pulu qalıb. Amma Əliyev deyir ki, əslində bu gün ona heç bir borcu yoxdur. Çünki nəyi vardısa, bu pulun əvəzində əlindən alıb - evini, bağını, avtomobilini... Onun sözlərinə görə, Vəliyevin rəhbərlik etdiyi "Azneftmaş" ASC-də Etibar Quliyev adlı etibar etdiyi şəxs var: "Məni məcbur elədi ki, onunla 550 min dollarlıq borc müqaviləsi bağlayım. Guya, ondan borc almışam. Halbuki belə bir şey olmamışdı, mən ondan borc almamışdım. Sonra da o borc müqaviləsi ilə məni məhkəməyə verdi ki, əmlaklarımı ələ keçirsin. Məhkəmə qərar verdi və borcu əmlaklarıma yönəltdi. Beləliklə, Şahmar Vəliyev nəyim vardısa, əlimdən aldı – evimi, bağımı, maşınımı. Onunla kifayətlənməyib məni həbs elətdirdi...".

Yeni şahid

Şahmar Vəliyev zərərçəkmiş qismində tanınsa da, bir ildən çoxdur davam edən məhkəmə iclaslarının heç birinə gəlməyib. Onu nümayəndəsi təmsil edir.

Son məhkəmə iclaslarından birinə isə başqa bir işçisini də göndərib. Bu, prokuror təqsirləndirilən şəxsə 12 il cəza istəyəndən sonra olub. Onların istəyi ilə məhkəmə istintaqı təzələnib və məhkəməyə gətirdikləri şahid dindirilib. Bu isə Yelena Yusifzadə olub. O, məhkəmədə deyib ki, Şahmar Vəliyev onunla Cəfər Əliyevə çatdırmaq üçün 33 min manat pul göndərib: "Nəqliyyat və gömrük pulu idi...".

Əliyev isə onun dediklərini təkzib edib. Deyib ki, yalandır, ona belə pul verilməyib.

Əliyevin vəkili də yada salıb ki, bu şahid heç istintaq vaxtı ifadəsində bu haqda heç nə deməyib. İndi ortaya çıxması şübhəlidir.

"Şahmar müəllim mənə necə demişdi, mən də elə demişdim", – Yusifzadə belə cavab verib.

Vəliyevin obyektləri

Cəfər Əliyev indiyədək CM-in 178.4 (xüsusilə külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsi ilə ittiham olunurdu. Bu maddədə 10 ildən 14 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

Şahmar Vəliyev və ailəsinin Mingəçevirdə "Azneftmaş" ASC, Yevlaxda "Mərkəzi bazar", Bakıda "Bakı Mexanikləşdirmə-1" ASC, "Rusel Plaza" və başqa böyük obyektləri var.

Vəliyevlərin daha bir qardaşı Gəncənin keçmiş icra başçısı Elmar Vəliyevdir. 2018-ci il iyulun 3-də Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə sui-qəsd olub. Vəliyev və onu mühafizə edən polis əməkdaşına qarşı silahlı sui-qəsd terror aktı kimi rəsmiləşdirilib və bu əməli törətməkdə suçlanan Yunis Səfərov ömürlük azadlıqdan məhrum edilib. Onunla birlikdə mühakimə olunan doqquz nəfərə isə 18-20 il həbs cəzası verilib. Səfərov isə məhkəmədə bildirib ki, icra başçısının əhaliyə zülmü pik həddə çatdığına görə onu cəzalandırmaq qərarına gəlib.

XS
SM
MD
LG