Yekaterina Korneyçevanın 20 yaşlı qızı Rusiyanın Perm şəhərində müharibə əleyhinə plakat tutduğu üçün saxlanan zaman onun özü uzaqda deyildi.
"Həmişə birlikdə idik. Polisin ona necə yaxınlaşdığını gördüm. Maşının nömrəsini çəkdim ki, onu hara apardıqlarını öyrənə bilim. Polis zabiti mənimlə danışmadı. Sənədini qızıma göstərib onun pasportunu istədi. Sonra ona qanunu pozduğunu dedi və maşına oturmasını xahiş etdi”, – o danışır.
30 min rubl cərimə
49 yaşlı rəsm müəlliməsinin özü də noyabrın 28-də regional parlamentin binası qarşısında müharibə əleyhinə təkadamlıq etiraz aksiyası keçirdiyi üçün saxlanıb və ona 30 min rubl (425 dollar) cərimə cəzası kəsilib.
Rusiyalıların çoxu prezident Vladimir Putinin siyasətini dəstəkləsə də, minlərlə ölkə vətəndaşı müharibə əleyhinə fikirlərinə görə həbs edilib. Onların çoxu cərimələnib. Bəzilərinə isə uzunmüddətli həbs cəzası kəsilib. Belə vətəndaşlardan biri də bu ay həbs edilən müxalif siyasətçi İlya Yaşindir.
"Hakimə dedim ki, uşaqlarımın ölməsini istəmirəm. Yəni, əlbəttə, müəllim olduğum üçün tələbələrimi deyirəm… Məhz buna görə parlamentin qarşısında əlimdəki plakatla deputatlara “Müharibəni dayandırın” deyirdim”, – Korneyçeva söyləyir.
“Onların hamısı mənim uşaqlarımdır”
Korneyçeva iki il öncə Perm Neft Kollecindəki işini tərk edib. Deyir, müdiriyyətin onun sosial media postlarına etirazına görə işdən çıxmalı olub. O vaxtdan bəri işsiz və sağlamlıq problemləri ilə üz-üzə qalıb. O, qızı Alisa Korneyçeva ilə birlikdə yaşayır.
"İndi başa düşürəm ki, dərs dediyim uşaqları [müharibəyə] göndərirlər. Onlar orada ölürlər. Uşaqlarımı sevirəm. Onların hər birinə qəlbimin bir parçasını qoyuram. Mənim üçün bu, faciədir. Onların hamısı mənim uşaqlarımdır”, – Yekaterina deyir.
Anasının saxlanmasından az sonra Alisa da müharibəyə etiraz etmək qərarına gəlib. Onların hər ikisi ilk gündən müharibəyə qarşı olublar.
"Onu fikrindən döndərməyə çalışdım. Özümün başıma gələnlərdən sonra ona dedim, getməsin. Ancaq qızım mənə belə cavab verdi: Bilirsən, ana, vicdanı olan təkcə sən deyilsən. Sənin qızınam və mən də müharibəyə qarşıyam”, – ana danışır.
Vicdan dərsi
Oyuncaq dükanında işləyən Alisa anasından ilhamlandığını deyir. Dostlarının valideynləri evdə oturarkən onun anası qorxusunu aşaraq etiraz edib.
"Bu, bir vicdan dərsi idi. Qərara gəldim ki, mən də sakit qala bilmərəm”, – Alisa deyir.
Dekabrın 9-da Alisa “Müharibəyə yox” plakatı ilə yerli univermağın qarşısında dayanıb. Onun etirazı cəmi yarım saat çəkib.
Hər iki qadın ilk günlərdən müharibəyə qarşı çıxış etmək istəsələr də, tərəddüd ediblər.
"Bu çox, çox qorxulu idi. Necə bir ölkədə yaşadığımızı bilirsiniz. İstənilən bir hərəkət hökumətin aqressiyasına səbəb ola bilər…” – Yekaterina söyləyir.
Sakinlərin reaksiyası
Yerli sakinlər Alisanın etirazına fərqli reaksiyalar veriblər. Bir qadın onu pul qarşılığında danışmaqda ittiham edib. Başqa bir qadınsa ona bir fincan isti çay və hamburger gətirib.
"Bir cavan oğlan ona yaxınlaşıb və deyib ki, o və ailəsi etirazlara qarşıdır. Sonra deyib ki, “Onsuz da hamımız öləcəyik”. 19 yaşlı cavan oğlan! Deyir “onsuz da hamımız öləcəyik!” Bax, buna nə deyəsən?” – Yekaterina deyir.
Müharibə başlayandan bəri ailənin həyatı daha da çətinləşib. Ərzaq, enerji və kommunal xidmətlərin qiymətləri qalxıb.
"Bəli, vəziyyətimizin pisləşdiyini deyə bilərik. Ancaq orada (Ukraynada) şəhərlər darmadağın edilir və bu, müqayisəyə gəlməz faciədir. Bu, anamı xəstələndirdi. O heç özündə deyil”, – Alisa bildirir.
Yekaterina bu il yolka qurmayacağını söyləyir: “Belə bir şəraitdə bayram əhvalında deyilik. Vəziyyətin yaxşılaşacağına hələ azca da olsa, ümidimiz var. Ümid çox kiçikdir, demək olar, görünmür, ancaq hələ qalır”.