Keçid linkləri

2024, 07 Noyabr, Cümə axşamı, Bakı vaxtı 20:08

Mirzoyan Lavrov və Bayramovla görüşdən imtina edib


Ermənistan, Rusiya və Azərbaycanın xarici işlər nazirləri Ararat Mirzoyan, Sergey Lavrov, Ceyhun Bayramov
Ermənistan, Rusiya və Azərbaycanın xarici işlər nazirləri Ararat Mirzoyan, Sergey Lavrov, Ceyhun Bayramov

Yerevan Azərbaycan, Ermənistan və Rusiya xarici işlər nazirləri səviyyəsində planlaşdırılan görüşün Laçın dəhlizindəki vəziyyət tənzimlənənədək təxirə salınmasını istəyib.

Bu barədə məlumatı dekabrın 22-də Ermənistan XİN-in sözçüsü Vaan Unanyan verib.

Ceyhun Bayramov, Ararat MirzoyanSergey Lavrov arasında görüşün dekabrın 23-də Moskvada keçirilməsi planlaşdırılmışdı.

Bundan əvvəl Rusiya XİN Ermənistan tərəfinin bu danışıqlardan imtina etməsi barədə xəbər vermişdi.

Ermənistan XİN-in sözçüsü bildirib ki, Yerevan Bakı ilə münasibətlərin normallaşdırılması prosesinə sadiqdir və Azərbaycan tərəfinə Ermənistanın yeni təklifləri təqdim olunub.

Sülh müqaviləsi müzakirə olunmalıydı

Dekabrın 22-də Rusiya və Azərbaycan xarici işlər nazirləri – Sergey Lavrov və Ceyhun Bayramov arasında telefon danışığı olub.

Rusiya XİN-in məlumatında deyilir ki, telefon danışığı zamanı Laçın dəhlizindəki və Rusiya sülhməramlı kontingentinin məsuliyyəti zonasındakı vəziyyət müzakirə edilib.

Sergey Lavrov Rusiya, Azərbaycan və Ermənistan liderlərinin üçtərəfli bəyanatından irəli gələn öhdəliklərə, o cümlədən Laçın dəhlizi ilə nəqliyyatın və insanların maneəsiz hərəkətinin təmin edilməsi öhdəlyinə əməl edilməsinin zərurətini vurğulayıb.

Lavrov habelə Ermənistan tərəfinin dekabrın 23-ə planlaşdırılan üçtərəfli görüşdən imtina etməsindən təəssüfləndiyini bildirib.

Onun sözlərinə görə bu görüşdə Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanması məsələsi müzakirə olunmalıydı.

Azərbaycan XİN-in məlumatı

Telefon danışığı ilə bağlı Azərbaycan Xarici İşlər Nazirliyinin məlumatına görə, iki nazir bölgədə və Laçın yolu ətrafında cari vəziyyət, o cümlədən üçtərəfli bəyanatların icrası ilə bağlı məsələləri müzakirə ediblər.

XİN bildirir ki, Ceyhun Bayramov Azərbaycan tərəfinin Laçın yolunda öhdəliklərə uyğun olaraq vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hərəkətinə təhlükəsizlik zəmanəti verdiyini diqqətə çatdırıb.

O, “Beynəlxalq Qızıl Xaç Komitəsinin, erməni təcili tibbi yardım maşınlarının, sülhməramlı kontingentin avtomobillərinin və digər nəqliyyat vasitələrinin hərəkəti barədə videolardan göründüyü kimi yolun açıq olduğunu” vurğulayıb.

Məlumata görə, söhbət zamanı habelə “Azərbaycan ərazilərində qeyri-qanuni iqtisadi fəaliyyət” və “hərbi təxribatların” qarşısının alınması barədə etirazçıların tələblərinin yerinə yetirilməsinin vacib olduğunu vurğulanıb.

Xatırlatma

Dekabrın 12-dən özlərini ekoloji fəallar adlandıran bir qrup azərbaycanlı Ermənistanı Qarabağla birləşdirən Laçın dəhlizində aksiya keçirir.

Erməni tərəfi Azərbaycanı bu aksiyanın arxasında durmaqda, Qarabağ ermənilərini blokadaya almaqda və "humanitar böhran" yaratmaqda ittiham edir.

Rəsmi Bakı isə bildirir aksiyaçılar sərbəst toplaşmaq hüququna malikdirlər.

Etirazçıların sözlərinə görə onlar yolu bağlamayıblar və humanitar və təcili tibbi yardım maşınlarının keçməsinə imkan yaradırlar.

Aksiyaçılar bundan əvvəl Qarabağdakı qızıl və mis yataqlarına giriş verilməsini tələb edirdilər.

Bakı separatçıları və Ermənistanı Azərbaycanın təbii sərvətlərini qanunsuz istismar etməkdə ittiham edib.

2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.

Həmin il Azərbaycan, Ermənistan və Rusiya rəhbərliyinin imzaladığı birgə bəyanatla döyüşlər dayandırılandan sonra Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

Tərəflər sülh sazişi imzalamayıb, sərhədlər demarkasiya olunmayıb.

XS
SM
MD
LG