Tofiq Yaqubludan başqa aksiyada saxlanılanların buraxıldığı deyilir
Daxili İşlər Nazirliyindən “Turan” informasiya Agentliyinə bildirilib ki, aksiya iştirakçılarından Tofiq Yaqubludan başqa saxlanılan yoxdur.
Müsavat Partiyasının və Milli Şuranın üzvü Tofiq Yaqublu Səbail Rayon Məhkəməsinin qərarı ilə inzibati qaydada 30 sutka müddətinə həbs olunub.
O xüliqanlıq və polisin tələbini qəsdən yerinə yetirməməkdə günahlandırılıb.Məhkəməsində Tofiq Yaqublu qərarı siaysi sifariş sayıb.
Tofiq Yaqubluya 30 sutka həbs verilib
Dekabrın 23-də Müsavat Partiyasının və Milli Şuranın üzvü Tofiq Yaqublu Səbail Rayon Məhkəməsinin qərarı ilə inzibati qaydada 30 sutka müddətinə həbs olunub.
Vəkil Nemət Kərimli AzadlıqRadiosuna bildirib ki, T.Yaqublu Bakıda Fəvvarələr Meydanında müsahibə verəndə saxlanıb.
Yaxınlarının bildirməsinə görə, Tofiq Yaqublu məhkəmədə bildirib ki, “bu siyasi sifarişdir".
O, İnzibati Xətalar Məcəlləsinin 510 (Xırda xuliqanlıq) və 535-ci ( Polis işçisinin və ya hərbi qulluqçunun qanuni tələbinə qəsdən tabe olmama) maddələrini pozmaqda günahlandırılıb.
Məsələ ilə bağlı, hələlik, Daxili İşlər Nazirliyindən münasibət öyrənmək mümkün olmayıb.Amma rəsmilər birqayda olaraq ölkədə siyasi sifarişlərlə həbslərin aparılması fikirini qəbul etmirlər.
Dekabrın 23-də Bakıda həbsdə olan ictimai fəal Bəxtiyar Hacıyevin azadlığa buraxılması tələbi ilə aksiyaya cəhdlər başa çatıb.
Hadisə yerində olan jurnalistlərin bildirməsinə görə, aksiyadan əvvəl və aksiya zamanı ümumilikdə 50 civarında fəal saxlanıb.
Amma bu məlumatı, hələlik, Daxili İşlər Nazirliyindən dəqiqləşdirmək mümkün olmayıb.
+++
Bu gün, dekabrın 23-də saat 15 radələrindən başlayaraq Bakıda müxtəlif fəalların bir neçə dəfə tək və qruplar şəkilində Bəxtiyar Hacıyevin azadlığa buraxılması tələbi ilə aksiyaya cəhdləri olub. Polis onların qarşısını kəsərək saxlayıb, avtomobillərə mindirərək aparıblar.
Aksiya iştirakçıları "Bəxtiyara azadlıq", "Öldürmə, azad et", "Siyasi repressiyalara son" və başqa şüarlar səsləndiriblər.
Aksiya zamanı saxlananlar arasında Milli Şuranın və Müsavat Partiyasının üzvü Tofiq Yaqublu da olub.
Təşkilatçıların da saxlandığı deyilir
Bu gün, dekabrın 23-də Bəxtiyar Hacıyevlə bağlı aksiyanın təşkilatçılarından "Müdafiə Xətti" hüquq müdafiə təşkilatınin təmsilçiləri Rüfət Səfərov, Zaur Əkbər və Zəfər Əhmədovun da saxlandığı bildirilir.
+++
Dekabrın 23-də tək AXCP yox, başqa müxalif partiyalardan da saxlananların olduğu bildirilir.
Saxlananlardan birinin də Azərbaycan Demokratiya və Rifah Partiyası sədrinin müşaviri Hüseyn Məlik olduğu deyilir. Onun Bakı şəhərində 41-ci polis bölməsinə aparıldığı vurğulanır.
Ümumilikdə dekabrın 23-də 10-dan çox müxalifətçinin saxlandığı deyilir. Amma bu məlumatı, hələlik, Daxili İşlər Nazirliyindən dəqiqləşdirmək mümkün olmayıb.
Yeni saxlananlar var
Dekabrın 23-ü ictimai fəal Bəxtiyar Hacıyevin ev dustaqlığına buraxılması tələbi ilə bağlı müraciətə baxılarkən Bakı Apellyasiya Məhkəməsi önündə daha bir neçə fəalı mülki geyimli şəxslər saxlayıb. Saxlananların "D18-Demokratiya 1918 Hərəkatı" üzvləri Afiəddin Məmmədov və Samir Soltanov olduğu bildirilir.
+++
Bu gün, dekabrın 23-də müxalifətdə olan Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) bir neçə üzvünün saxlandığı, bəzilərinin evlərinə isə polis əməkdaşların gəldiyi bildirilir.
Bu barədə AzadlıqRadiosuna AXCP-dən məlumat veriblər. Qeyd edilib ki, hazırda saxlananların sayını dəqiqləşdirməyə çalışırlar.
Amma bu məlumata, hələlik, Daxili İşlər Nazirliyindən münasibət almaq mümkün olmayıb.
Bundan öncə "Müdafiə Xətti" hüquq müdafiə təşkilatı təmsilçiləri hazırda həbsdə olan ictimai fəal Bəxtiyar Hacıyevin azadlığa buraxılması tələbi ilə aksiya keçirəcəkilərini açıqlamışdılar. Amma Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Aparatından təşkilatçılara müsbət cavab verilməyib. Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin rəisi Ehsan Zahidov jurnalistlərə demişdi ki, aidiyyəti dövlət qurumları ilə razılaşdırılmamış hər hansı aksiyanın keçirilməsinə cəhd edilərsə, bu, qanunsuz hesab olunacaq və qarşısının alınması üçün müvafiq tədbirlər görüləcək.
Üstəlik, B.Hacıyevin ev dustaqlığı ilə bağlı bu gün, dekabrın 23-nə Bakı Apellyasiya Məhkəməsinə təyin edilən prosesi işıqlandırmaq üçün gələn reportyor Emil Maniyevin də məhkəmənin qarşısında saxlanıldığı deyilir.
Xatırlatma
Dekabrın 9-da Bakının Xətai Rayon Məhkəməsi ictimai fəal B.Hacıyevi 1 ay 20 gün müddətinə həbs edib. Fəal xuliqanlıq və məhkəməyə hörmətsizlikdə ittiham olunur. Həmin insident daha öncə böhtan iddiası ilə bağlı fəala qarşı açılmış cinayət işi üzrə məhkəmədə baş verib. O, ittihamları qəbul etmir.
Harvard Universiteti məzunu olan Hacıyev 2011-ci ilin martında da həbs edilmişdi. Ona hərbi xidmətdən yayınma ittihamı ilə 2 il müddətinə azadlıqdan məhrumetmə cəzası verilmişdi.
Hacıyev 2012-ci ildə Ali Məhkəmənin qərarı ilə vaxtından əvvəl şərti azadlığa çıxıb.
O, son illər hökumətin və hüquq-mühafizə orqanlarının fəaliyyəti ilə bağlı sərt tənqidləri ilə seçilirdi.