Keçid linkləri

2024, 07 Noyabr, Cümə axşamı, Bakı vaxtı 19:48

Atalıq hüququndan məhrum etmək üçün hakimə 5 min rüşvət qalmaqalı


Təklif keçmiş həyat yoldaşını atalıq hüququndan məhrum etmək istəyən qadından gəlib. (Foto arxiv)
Təklif keçmiş həyat yoldaşını atalıq hüququndan məhrum etmək istəyən qadından gəlib. (Foto arxiv)

Zərdab Rayon Məhkəməsində boşanma zamanı keçmiş ərini atalıq hüququndan məhrum etdirmək istəyən qadından məhkəmənin sədrinə vermək üçün 5 min manat pul alındığı iddia olunur. Lakin həmin vəsait məhkəmə sədrinə gedib çatmayıb. Son nəticədə pul verdiyini deyən qadın şikayətçi olub, pulu aldığı iddia olunan məhkəmənin baş məsləhətçisi isə cinayət məsuliyyətinə cəlb edilib.

20 il ərzində (2001-2021) Zərdab Rayon Məhkəməsində böyük məsləhətçi vəzifəsində işləmiş Elçin Səmədov həm dələduzluq, həm də rüşvət verməyə təhrikdə təqsirləndirilir. Amma o, özünü qismən təqsirli bilir, rüşvət verməyə təhrik ittihamını qəbul etmir. Ucar Rayon Məhkəməsində deyib ki, hakimə pul vermək təklifi keçmiş həyat yoldaşı Ruslan Məmmədovu atalıq hüququndan məhrum etmək istəyən qadından – Qənirə Pickupun özündən gəlib. Ondan da bu işdə köməklik göstərməsini xahiş edib.

Bu olayın 2021-ci ilin mayında baş verdiyi, sonradan istədiyi qərar çıxarılmadığına görə qadının hüquq-mühafizə orqanlarına şikayət etdiyi bildirilir.

Apellyasiya məhkəməsi cəzanı dəyişib

47-yaşlı Səmədovun işi üzrə istintaq Korrupsiyaya Qarşı Mübarizə İdarəsində aparılıb. Sonradan iş Ucar Rayon Məhkəməsinə göndərilib. Məhkəmə Səmədovun qadına dəymiş ziyanı tam ödəməsi, üstəlik, ziyanın 25 faizi qədər dövlət büdcəsinə ödəniş etməsini və qarşı tərəfin şikayətçi olmamasını nəzərə alaraq CM-nin 178.2.3 (dələduzluq) maddəsi ilə ittihama xitam verib. Bu maddə ilə onun cinayət məsuliyyətindən аzаd edilməsi qərara alınıb.

Rüşvətə təhrikə gəlincə, bu ittihamla ona 3 il azadlığın məhdudlaşdırılması cəzası təyin edilib. Bu müddətdə o, elektron qolbaqla gəzməli, saat 23:00-dan saat 07:00-a qədər yaşadığı evi tərk etməməli, ümumiyyətlə, yaşadığı Zərdab rayonundan kənara çıxmamalıdır.

Səmədov hökmdən şikayət verib. O bildirib ki, birinci instansiya məhkəməsinin protokollarında onun ifadəsi təhrif olunub. Üstəlik, rüşvət vermə ittihamı üzrə də bəraət istəyir. Dekabrın 23-də şikayətə baxan apellyasiya məhkəməsi ona bəraət verməsə də, cəzasını dəyişib. Səmədovun üzərindəki 3 illik azadlığın məhdudlaşdırılması cəzası 6 min manat cərimə ilə əvəzlənib.

XS
SM
MD
LG