Keçid linkləri

2024, 08 Noyabr, Cümə, Bakı vaxtı 02:33

Paşinyan yenə də Azərbaycanı ‘soyqırım siyasətində’ ittiham etdi


Ermənistanın baş naziri Nikol Paşinyan
Ermənistanın baş naziri Nikol Paşinyan

AzadlıqRadiosunun Erməni xidməti – Azatutyun yazır ki, Ermənistanın baş naziri Nikol Paşinyan yanvarın 5-də keçirdiyi hökumət müşavirəsində Laçın dəhlizinin artıq 25 gündür Azıərbaycan tərəfindən blokada edildiyini bildirib.

O deyib ki, bu hadisə Qarabağda humanitar böhran yaradıb və güclü beynəlxalq əks-səda verib.

Onun sözlərinə görə çoxsaylı çağırışların səslənməsinə baxmayaraq Azərbaycan məsələnin həlli üçün heç bir addım atmır.

Paşinyan bildirib ki, Azərbaycan Laçın dəhlizini bağlamaqla 9 noyabr 2020-ci il üçtərəfli bəyanatı ilə üzərinə götürdüyü öhdəlikləri pozub.

O qeyd edib ki, bu, bütövlükdə Azərbaycanın müqavilə bağlamağa qadir olması barədə suallar yaradır.

Paşinyan Azərbaycanın Ermənistanı üçtərəfli bəyanatın şərtlərini pozmaqda ittiham etməsinin tamamilə əsassız olduğunu vurğulayıb:

“Laçın dəhlizinin bağlanması ilə əlaqədar müxtəlif səbəblər göstərilir. Amma mənim nəzərimcə, ən dərin və real səbəb bundan ibarətdir ki, Dağlıq Qarabağ erməniləri öz vətənlərində yaşamaqda davam edirlər, beynəlxalq birlik isə Azərbaycanın Dağlıq Qarabağ ermənilərinin etnik təmizlənməsi və soyqırımı siyasəti yürütdüyünü getdikcə daha aydın ifadə edir”.

Yenə də Rusiyaya çağırış

Paşinyan bu dəfə də Rusiyadan gözləntilərini dilə gətirib:

“Bu mənada beynəlxalq birlikdən, o cümlədən BMT Təhlükəsizlik Şurasının daimi üzvü olan, habelə sülhməramlı kontingenti Dağlıq Qarabağda yerləşdirilən və 9 noyabr 2020-ci il bəyanatına müvafiq olaraq Laçın dəhlizinə nəzarət üçün birbaşa öhdəliyi olan Rusiya Federasiyasından daha predmetli addımların atılmasını gözləyirik”.

Paşinyan Ermənistanın bütün üçtərəfli bəyanatlara, habelə Praqa razılaşmasına sadiq qaldığını təkrar edib.

Ermənistan hökuməti hərbi ehtiyatda olanları toplayır
Gözlə

No media source currently available

0:00 0:04:15 0:00

Amma o bununla belə Dağlıq Qarabağa beynəlxalq fakttoplama missiyasının göndərilməsinə çağırıb:

“Laçın dəhlizinin davam edən blokadası Dağlıq Qarabağa və Laçın dəhlizinə faktların aşkar edilməsi üçün beynəlxalq missiyanın göndərilməsini daha zəruri edir”.

Ermənistan ötən ilin noyabr ayında da Azərbaycanı Qarabağda “soyqırıma hazırlaşmaqda” ittiham etmişdi.

Rəsmi Bakı o vaxt bildirmişdi ki, Qarabağ erməniləri Azərbaycan vətəndaşlarıdır və onlara bütün Azərbaycan vətəndaşlarına verilmiş hüquqlar veriləcək.

Azərbaycan tərəfi bunu da qeyd etmişdi ki, Qarabağ erməniləri Azərbaycan cəmiyyətinə reinteqrasiya olunmalıdır və Bakı bu məsələni heç bir üçüncü tərəflə müzakirə etmək niyyətində deyil.

Rusiyadan Ermənistana miqrant axını ölkədə iqtisadi dönüşə səbəb olub
Gözlə

No media source currently available

0:00 0:02:57 0:00

Xatırlatma

Dekabrın 12-dən Azərbaycan vətəndaşları Ermənistanı Qarabağla birləşdirən Laçın dəhlizində növbəli aksiya keçirirlər.

Ermənistan tərəfi Azərbaycanı bu aksiyanın arxasında durmaqda, Qarabağ ermənilərini blokadaya almaqda və "humanitar böhran" yaratmaqda ittiham edir.

Rəsmi Bakı isə bildirir ki, aksiyaçılar sərbəst toplaşmaq hüququna malikdirlər. Etirazçıların sözlərinə görə, onlar yolu bağlamayıblar, humanitar və təcili tibbi yardım maşınlarının keçməsinə imkan yaradırlar.

Bakı Qarabağda tanınmayan qurumu və Ermənistanı Azərbaycanın təbii sərvətlərini qanunsuz istismar etməkdə günahlandırır.

2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.

Həmin il Azərbaycan, Ermənistan və Rusiya rəhbərliyinin imzaladığı birgə bəyanatla döyüşlər dayandırılandan sonra Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

1988-ci ildə başlayan Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında döyüşlərə səbəb olub.

1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

XS
SM
MD
LG