ABŞ Dövlət Departamenti bildirib ki, Türkiyə hökumətinin ricası ilə bundan sonra yazışmalarda ölkənin adını ingiliscə “Turkey” yox, “Türkiye” şəklində yazacaq və ingilis əlifbasında olmayan “ü” hərfindən istifadə edəcək.
Eyni qayda rəsmi danışıqlarda Türkiyə adının tələffüzündə də tətbiq olunacaq.
The Guardian yazır ki, Türkiyə bundan əvvəl BMT və başqa beynəlxalq təşkilatlara ölkənin adının türkcədə olduğu kimi saxlanması üçün müraciət etmişdi.
Ankara bildirir ki, buna səbəb “Turkey” sözünün ingiliscə həm də “hindtoyuğu” mənası verməsidir.
“Turkey sözü də qadağan olunmur”
İki ölkə arasında imzalanmış ən son sənəddə - “İslam Dövləti qruplaşmasının maliyyə kanallarının kəsilməsinə dair bəyanat”da artıq yeni yazılış qaydasından istifadə olunub.
Bu barədə məlumatı ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays (Ned Price) verib.
“Türkiyə səfirliyi kommunikasiyalarımızda bu yazılışdan istifadəni rica edib və departament rəsmi diplomatik yazışmada, sənədlərdə və əsasən də ictimai kommunikasiyalarda bu qaydaya əməl edəcək”.
Lakin sözçü əlavə edib ki, daha geniş ictimai anlaşıqlıq məqsədilə “Turkey” sözü də qadağan olunmur və məhz bu yazılış Amerika ictimaiyyəti arasında daha geniş tanınır.
The Guardian yazır ki, Pentaqon artıq avqust ayından NATO və başqa təşkilatlarla rəsmi yazışmalarında “Türkiye” sözündən istifadə edir.
Lakin bu qaydanın sosial media platformalarında pozulduğu vaxtlar da olur.
Google-da “Turkey” axtarsanız
Prezident Recep Tayyip Əroğan Latın qrafikasından istifadə edən bütün dillərdə “Türkiye” sözünün işlədilməsinə çağırmışdı.
Məqalədə deyilir ki, “turkey” sözünün ingiliscədə iki məna daşıması bəzən Türkiyə ilə bağlı karikaturalarda “hindtoyuğu” rəsmindən istifadəyə və türklərin qıcıqlanmasına səbəb olur.
Türkiyənin TRT ictimai telekanalı bu yaxınlarda qeyd etmişdi ki, ingiliscədə “turkey” sözü həm də jarqonda “axmaq və ya səfeh adam” mənasında işlənir.
Həmin verilişdə deyilirdi ki, Google-da “turkey” yazıb axtarışa versəniz qarşınıza hindtoyuğu və ya amerikalıların Şükran bayramı ilə bağlı yüzlərlə material çıxacaq.
The Guardian yazır ki, hazırda Ankaradakı Avstraliya, Kanada, Hindistan və Yeni Zelandiya səfirliklərinin saytlarında “Türkiye”, amma Britaniya, İrlandiya və Cənubi Afrika Respublikası səfirliklərinin saytlarında “Turkey” yazılır.