Keçid linkləri

2024, 07 Noyabr, Cümə axşamı, Bakı vaxtı 18:44

Ermənistana casusluqda ittiham olunan azərbaycanlı: '15 dəqiqə səfirliklərində olmuşam deyə...'


Həbs
Həbs

Ermənistana casusluqda ittiham olunan Emil Məmmədov deyir ki, bu ölkənin Ukraynadakı səfirliyində cəmi 15 dəqiqə olmasını əsas götürüb onu nahaqdan dövlətə xəyanətdə suçlayırlar.

"Cəmi 15 dəqiqə orada olmuşam. Buna görə nə var, nə yox, hamısını yıxıblar boynuma...", - Məmmədov yanvarın 10-da öz məhkəməsində belə deyib.

41-yaşlı Emil Məmmədov hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində mühakimə olunur. İttihamda göstərilib ki, Məmmədov 2017-ci ilin sentyabrında Kiyevdə - Ermənistanın Ukraynadakı səfirliyində məxfi əməkdaşlığa cəlb olunub. Razılaşmaya əsasən, o, Azərbaycanda qaz boru kəmərlərinin keçdiyi yerlər, prezidentin səfərləri və s. məlumatları toplayıb mütəmadi onlara ötürməliydi. Bunun müqabilində isə qarşı tərəfdən pul alındığı, qəbz imzalandığı iddia olunur.

"Vağzala getdim ki, məni biletsiz aparın"

Məmmədov ittihamda yazılanlarla razılaşmır, özünü təqsirli bilmir. Deyir ki, 2017-ci ilin mayında Ukraynaya gedib. Həmin vaxt getməsinə valideynləri razı deyildi, özəlliklə atası daha çox etiraz edirdi. Həyat yoldaşından boşandığını deyən təqsirləndirilən şəxsin sözlərinə görə, o zaman tanış olduğu bir qadına görə Ukraynaya gedib. Bir müddət orada yaşayandan sonra işsizlikdən əziyyət çəkib. Onun sözlərinə görə, vəziyyət o həddə çatıb ki, hətta yolpulu belə tapmayıb.

"Vağzala getdim ki, məni biletsiz aparın, azərbaycanlılar qatarın qarşısına çıxıb pulunu verərlər. Eləmədilər. Əsəbiləşib Ermənistan səfirliyinə getdim. Məqsədim İngiltərə, Fransa kimi üçüncü bir ölkəyə getmək üçün yardım istəmək idi. Çünki o ölkələrin səfirliklərinə yaxın düşmək olmurdu", – Məmmədov bildirib.

Onun sözlərinə görə, səfirlikdə olduğu 15 dəqiqə ərzində ona Azərbaycan, buradakı qaz layihələri və s. haqda suallar veriblər. İddia edir ki, dəqiqələr keçdikcə söhbətin tonunun dəyişdiyini hiss edib: "Hiss edirdim ki, artıq hədə tonuna keçirlər...".

"18 qram narkotiklə Sumqayıtda niyə fırlanırdım?"

Məmmədov 2021-ci ildə narkotik ittihamı ilə həbs olunub. Bu ittihamla bir müddət istintaq altında olarkən onun barəsində dövlətə xəyanətə görə də cinayət işi başlanıb. O, 2022-ci ilin aprelində narkotikə görə 7 il azadlıqdan məhrum edilib. Hazırda isə CM-nin 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham olunur. Bu maddədə 10 ildən 20 ilə qədər və ya ömürlük azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

"Mən belə ağıllı idimsə, işin içində yazıldığı kimi, TAP-dan, TANAP-dan başım çıxırdısa, 18 qram narkotiklə Sumqayıtda niyə fırlanırdım? Məni 2021-ci ildə tutub "banditizm"ə apardılar, üç gün orada zülm elədilər. Sonra DTX gəlib apardı. Deyirlər, pul alıb qəbz imzalamışam. Sübut qoyun ortaya, nəyə desəniz, qol çəkəcəm. Olmayıb elə şeylər. 17 aydır çəkmədiyim zülm qalmayıb", – təqsirləndirilən şəxs əlavə edib.

Məmmədov etiraf edib ki, Ermənistan səfirliyindən çıxanda ona 500 qrivna pul verilib. Prokuror ondan soruşub ki, bu pulu hansı məqsədlə almışdı? Təqsirləndirilən şəxsin cavabı belə olub: "Bilet almağa vermişdilər. O vaxt cəmi 17-18 dollar pul eləyirdi. O nə pul idi ki, məni özlərinə işlətsinlər də...".

Bu cinayət işi üzrə məhkəmə araşdırmaları davam edir.

XS
SM
MD
LG