Keçid linkləri

2024, 08 Noyabr, Cümə, Bakı vaxtı 02:29

Xameneyi xarici dil dərsliklərini təftiş etdirir


Vəzifəli ruhani rəsmilər Tehran məktəblərindən birində (Arxiv fotosu)
Vəzifəli ruhani rəsmilər Tehran məktəblərindən birində (Arxiv fotosu)

İran ölkənin özəl məktəblərində istifadə olunan xarici dil dərsliklərinin redaktəsinə hazırlaşır.

Ölkənin dini hakimiyyəti bu kitabların İslam Respublikasının dəyərlərinə uyğun gəlmədiyini bildirir.

İrandakı qeyri-hökumət Məktəblər və Mərkəzlər təşkialtı elan edib ki, tezliklə ali rəhbər ayətüllah Əli Xameneyinin göstərişi ilə İran məktəblərində isitfadə olunan xarici dil dərsliklərinin redaktəsinə və dəyişdirilməsinə başlanacaq.

Təşkilatın rəhbəri Əhməd Mahmudzadə ILNA agentliyinə deyib ki, “bizim adət və mədəniyyətimizə uyğun gəlməyən dərsliklər təhsil sistemindən çıxarılacaq”.

Xüsusilə də ingilis dili

Son illərdə İran məktəblərində tədris olunan dərsliklər Xameneyinin göstərişi ilə dəyişdirilib, lakin bu təftiş ilk dəfədir ki, özəl məktəblərə şamil olunacaq.

Bəzi xəbərlərə görə Xameneyi iranlı uşaqlara xarici dillərin, xüsusilə də ingilis dilinin tədrisinin ümumiyyətlə əleyhinədir.

2016-cı ildə verilmiş belə fətvalardan birinə görə İranın ibtidai siniflərində ingilis dilinin tədrisi qadağan olunub.

Xameneyi ölkədə ən böyk söz sahibidir, lakin bir çox iranlılar onun getdikcə insanların şəxsi həyatına daha çox müdaxilə edən fətvalarından narazıdırlar.

İran səfiri Almaniya XİN-ə çağırılıb

Almaniyanın xarici işlər naziri Annalena Berbok (Annalena Baerbock) yanvarın 16-da İranın Berlindəki səfirini bir həftədə ikinci dəfə nazirliyə dəvət edib.

Xanım Berbokun sözçüsü Kristofer Burger deyib ki, səfirə İranda “insan haqlarının kütləvi pozulması və edamlar dalğası” ilə bağlı etiraz bildirilib.

Yanvarın 16-da İranın Avropadakı diasporalarının 12 minədək nümayəndəsi Strasburqda Avropa Parlamentinin binası qarşısında izdihamlı mitinq keçirib.

İştirakçılar Aİ-dən və Britaniyadan Birləşmiş Ştatlardan nümunə götürərək İran İslam İnqilabı Keşikçiləri Korpusunun terrorçu təşkilat elan edilməsini tələb ediblər.

Xatırlatma

İranda sentyabrın ortalarında, deyilənə görə hicab qaydasını pozduğuna görə polisə aparılan gənc qadın Məhsa Əmini orada vəfat etdikdən sonra bu hadisə ilə bağlı başlanan etirazlar ölkəni bürüyüb.

Polis qadının xəstəliyinə görə vəfat etdiyini bildirsə də, etirazçılar və ailəsi Əmininin döyülərək öldürüldüyünü iddia edirdilər.

Hazırkı küçə etirazları İranda 1979-cu il inqilabından bəri ən böyük həyəcan sayılır.

Ölkənin müxtəlif şəhərlərində qadınlar etiraz olaraq hicablarını atır, yandırır və saçlarını kəsirlər.

Fəalların HRANA agentliyi yanvarın 16-na olan məlumata görə etirazlar ərzində 70-i azyaşlı olmaqla azı 522 nəfərin öldüyünü bildirib.

Bu da xəbər verilir ki, ölənlərin 68 nəfəri hüquq-mühafizə orqanlarının əməkdaşlarıdır.

Ölkədə etirazlarla bağlı 20 min nəfərin həbs olunduğu, bunlardan 100-ü barəsində edamla nəticələnə biləcək hökmlərin çıxarıldığı xəbər verilir.

Osloda mənzillənmiş İran İnsan Haqları Təşkilatı isə bildirir ki, İranda ötən il edam edilənlərin sayı 500 nəfərdən çox olub.

İran etirazlarda iştirakilə bağlı 4 nəfərin edam olunduğunu təsdiq edib.

XS
SM
MD
LG