Praqada keçirilən sammitdə Azərbaycan prezidenti İlham Əliyevin və Ermənistan baş naziri Nikol Paşinyanın ölkələrinin qarşılıqlı olaraq bir-birlərinin suverenliyi və ərazi bütövlüyünü tanıdıqlarına dair bəyantları sülh yolunda həlledici tərəqqi olsa da, məsələnin daha qəliz olması, Rusiya tərəfindən dəstəklənən yeni əngəlin yaranması üzə çıxdı.
Bunu NATO müttəfiq komandanlığının Yaxın Şərq və Şimali Afrika üzrə keçmiş eksperti Maurizio Geri Politico siyasət portalında yazdığı məqalədə bildirir.
Geri bu əngəlin konkret olaraq Rusiya-Ermənistan oliqarxı Ruben Vardanyanın olması qənaətindədir.
Ekspert yazır ki, Yerevan doğumlu Vardanyan varidatını Sovet İttifaqının çökməsi ilə yaranmış “qanqster kapitalizmi” dövründə qazanıb. “Rusiya birjasının atası” adını qazanmış bu şəxs əvvəlcə bank investisiyalarında özünü sınayıb, daha sonralar isə Rusiyanın bəzi nəhəng şirkətlərinin idarə heyətinə üzv olub. Bu şirkətlərdən bir çoxu hazırda Qərbin sanksiya siyahılarındadır.
Vardanyanın Qarabağa qəfil marağı
Məqalədə deyilir ki, vətənini 1985-ci ildə tərk etdikdən sonra Rusiyada yaşayan Vardanyan ötən il qəfildən Rusiya vətəndaşlığından imtina etdiyini və Qarabağa köçmək niyyətini bəyan edib.
Geri qeyd edir ki, indiyədək Qarabağa çox az maraq göstərən oliqarx indi qazanc götürmək fürsətinin olduğunu hiss edib.
Məqalədə deyilir ki, Qarabağdakı iki qızıl mədəni o bölgəyə qayıdandan ikicə həftə sonra fəaliyyətini bərpa edib.
Ekspert qeyd edir ki, Vardanyanın Qarabağa gəlişinin vaxtı diqqətəlayiqdir:
“O elə bir vaxtda gəlib ki, Azərbaycan regionun (Qarabağın-red) erməni rəhbərliyi ilə danışıqlara başlamağa hazır idi. Onlar isə öz növbəsində Bakının danışıqçılarına gələcəklərinin Azərbaycanın daxilində qorunan azlıq kimi olduğunu tanıdıqlarına dair siqnallar göndərirdilər. Amma indi onlar Vardanyanın liderliyi altında mövqelərini dəyişərək əngələ çevriliblər”.
Geri bunu da vurğulayır ki, oliqarxla rəsmi Yerevanın mövqeləri də bir-birinə ziddir:
“Narahatlıq bundandır ki, indi Vardanyan öz nüfuzundan Qarabağın erməni icmasının rəyini sülhə qarşı çevirmək üçün istifadə edə bilər. Bu isə həm Bakının, həm də Yerevanın maraqları üçün fəlakətli olardı”.
Putinin xeyir-duası
Təhlilçi sual edir: “Necə oldu ki, Vardanyan Qarabağda birdən-birə belə nüfuz qazandı. Bunu etməkdə ona kim köməklik göstərdi?”
Məqalədə vurğulanır ki, Rusiya regionda ənənəvi olaraq Ermənistanın müttəfiqi sayılıb. Buna baxmayaraq Paşinyan Rusiyanın rəhbərlik etdiyi Kollektiv Təhlükəsizik Müqaviləsi Təşkilatını (KTMT) açıq tənqid edir. Bu isə dolayısı ilə Kremlin özünün tənqidi kimi başa düşülə bilər.
Geri daha sonra Vardanyanın Moskva ilə bağlılığından söz açır.
Ekspert qeyd edir ki, Rusiyanın bütün oliqarxları prezident Vladimir Putinin himayəsi və xeyir duası ilə hərəkət edirlər və məhz buna görə də Vardanyanın Kremlin adamı olduğuna şübhə yoxdur.
Müəllif qeyd edir ki, Ukrayna ona qarşı sanksiyaları məhz bunu nəzərə alaraq qoyub.
“Vardanyanın dəhlizi”
Ekspert yazır ki, 2020-ci il müharibəsini öz vasitəçiliyi ilə dayandıran Rusiya Qarabağda çox fəaldır və burada öz sülhməramlılarını yerləşdirib. Avropa İttifaqı də bölgədə sülh prosesinə qoşulub. Belə bir vəziyyətdə Kremlin əsas məqsədi sıxışdırılaraq prosesdən çıxarılmamaqdır.
Rusiya sülhməramlıları həm də Ermənistanla Qarabağı birləşdirən Laçın dəhlizinə nəzarət edirlər. Geri yazır ki, bu həm də Vardanyanın filiz daşıması üçün yoldur.
Ekspert qeyd edir ki, Rusiya sühməramlıları filizin daşınmasına maneçilik törətmirlər.
Onun fikrincə “qarət olunmuş qızılın” bu dəhlizdən daşınması ayrılıqda sülh prosesini məhv etməsə də, Vardanyanın hərəkətləri təhlükəli presedent yaradır.
Məqalədə deyilir ki, Qarabağdakı filiz yataqlarının təkrar açılmasına etiraz edən Azərbaycan fəallarının aksiyası Laçın dəhlizinin demək olar bağlanmasına səbəb olub.
Geri yazır ki, dəhlizin bağlanması dünya boyunca pislənib, Azərbaycan fəallarının legitimliyi sual altına alınıb, onların Azərbaycan hökuməti tərəfindən təşkil edildiyi bildirilib.
Məqalədə deyilir ki, blokada ərzaq və dərmanların Qarabağa gətirilməsini çətinləşdirib, humanitar böhranın baş verdiyi şəksizdir, amma bu hadisənin yaradacağı qravitasiya hələlik çox az bilinir.
Qarabağ klanı
Geri yazır ki, blokadanın başlanğıcında Vardanyan Rusiya mediasına geniş müsahibələrində daha çox öz liderliyini bəyan edirdi, amma proses uzandıqca o özünün Qarabağa gəlişinin məqsəd və motivlərini daha çox müdafiə etməli olur.
Ekspertin qənaətinə görə hazırkı vəziyyət yeni münaqişəni qızışdıra bilər.
O bunu da qeyd edir ki, Ermənistanda Paşinyanın baş nazir olmasına qədər, 1990-cı illərdən bəri hakimiyyət əksəriyyəti birinci Qarabağ münaqişəsinin iştirakçısı olan Qarabağ ermənilərinin əlində olub.
Hazırda bu fərdlərin administrativ hakimiyyəti olmasa da, onlar hər hansı bir sülh prosesinə qarşı çıxacaq qədər nüfuza malikdirlər.
Gerinin fikrincə belə bir situasiyada Rusiya sülh prosesini tamamilə sabotaj etmək fikrinə düşərsə, sözü gedən fərdlərin bloku rahatca Moskvanın proksisinə çevrilə bilər.
Rusiyanın başı qarışıqkən...
Ekspert vurğulayır ki, silahlı münaqişə hazırda Moskvanın marağında deyil, amma o heç sülhü də istəmir.
Onun fikrincə Rusiyanın başı indi Ukraynaya qarışıqdır və o başı açılana qədər münaqişənin donmuş vəziyyətdə qalmasında, ara-sıra gözərməsində maraqlıdır.
Gerinin yazdığına görə əgər beynəlxalq birlik bunun baş verməsini istəmirsə, Azərbaycan və Ermənistan arasında mümkün qədər tez əsaslı danışıqların bərpasına nail olmalıdır.
Ekspertin fikrincə beynəlxalq icma bunu Azərbaycanı onun Qarabağ ermənilərinin hüquq, təhlükəsizlik və irsinin qorunmasına dair verdiyi vəddən, habelə Ermənistanın Azərbaycanın ərazi bütövlüyünə hörmət göstərəcəyinə dair verdiyi qarantiyadan bərk yapışmaqla edə bilər.
Geri məqaləsini Qarabağ ermənilərinə tövsiyə ilə bitirir:
“Amma nə olursa olsun Qarabağın yerli əhalisi başa düşməlidir ki, burada sülh uğrunda döyüşən iki tərəf var, amma nə Rusiya, nə də Vardanyan bu tərəflərdən heç biri deyil”.
Xatırlatma
Ötən ilin dekabrın 12-dən Şuşa şəhəri yaxınlığında Laçın-Xankəndi yoluna toplaşıb özlərini eko-fəallar kimi təqdim edən Azərbaycan vətəndaşları növbəli aksiya keçirirlər.
Etirazçıların sözlərinə görə onlar yolu bağlamayıblar, humanitar və təcili tibbi yardım maşınlarının keçməsinə imkan yaradırlar.
Onlar Qarabağdakı qızıl və mis yataqlarında monitorinq keçirilməsini tələb edirdilər.
Ermənistan tərəfi isə Azərbaycanı bu aksiyanın arxasında durmaqda, Qarabağ ermənilərini blokadaya almaqda və "humanitar böhran" yaratmaqda ittiham edir.
2020-ci ildə 44 günlük İkinci Qarabağ Müharibəsi nəticəsində Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa etmişdi.
Həmin il Azərbaycan, Ermənistan və Rusiya rəhbərliyinin imzladığı birgə bəyanatla döyüşlər dayandırılandan sonra Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.
1988-ci ildə başlayan Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında döyüşlərə səbəb olmuşdu.
1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.