Yanvarın 31-də Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov arasında telefon danışığı olub.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb
Məlumata görə, telefon danışığında Azərbaycan və Rusiya arasında mövcud ikitərəfli məsələlər, bölgədə sülh və sabitliyin təmin edilməsi, o cümlədən Laçın yolu ətrafında cari vəziyyət müzakirə mövzusu olub.
XİN-in bildirməsinə görə, Ceyhun Bayramov Rusiya sülhməramlı kontingentinin yerləşdiyi Azərbaycan ərazilərində “qeyri-qanuni iqtisadi fəaliyyətin və Laçın yolundan sui-istifadənin dayandırılması barədə etirazçıların tələblərinin hələ də yerinə yetirilmədiyini təəssüflə” qeyd edib: “Blokada və humanitar vəziyyət barədə iddiaların heç bir əsasının olmadığını” xatırladıb.
Laçın dəhlizində…
Artıq 50 gündür (ötən il dekabrın 12-dən) Laçın-Xankəndi yoluna toplaşıb özlərini eko-fəallar kimi təqdim edən Azərbaycan vətəndaşları növbəli aksiya keçirirlər. Onlar Qarabağdakı qızıl və mis yataqlarında monitorinq keçirilməsini tələb edirlər. Rəsmi Bakı Qarabağ separatçı rejimini və Ermənistanı Azərbaycanın təbii sərvətlərini qanunsuz istismar etməkdə günahlandırıb.
Ermənistan tərəfi isə Azərbaycanı bu aksiyanın arxasında durmaqda, Qarabağ ermənilərini blokadaya almaqda və humanitar böhran yaratmaqda ittiham edir.
Qarabağın “dövlət naziri” kimi təqdim olunan Ruben Vardanyan söyləyib ki, ‘bu ekoloji yox, siyasi məsələdir’.
Xatırlatma
2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.
Həmin il Azərbaycan, Ermənistan və Rusiya rəhbərliyinin imzaladığı birgə bəyanatla döyüşlər dayandırılandan sonra Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.
1988-ci ildə başlayan Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında döyüşlərə səbəb olmuşdu.
1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.